Çünki erməni yanlısı olan Qərb sapı özümüzdən olan belələrinin əli ilə kökümüzü baltalayır...
6-10-2023, 10:54
"Alçaldılma azərbaycanlı həmvətənlərimin Ermənistana nifrətini alovlandırır. Biz buna qarşı olmalıyıq.
Mən Qarabağ müharibəsində böyümüşəm – ermənilərin çəkdiyi ağrılar mənə tanışdı. Ancaq onlarla empati bəslədiyimə görə online (yəni sosial şəbəkələrdə, konkret X-da) hücuma məruz qaldım..."
Kanadaya bağlı olan Rauf Azimov adlı birisi kosmopolit mövqeyi ilə tanınan “opendemocracy.net” saytında bu əhval-ruhiyyədə bir məqalə yazıb. Təkcə onu deyim ki, adam ermənilərin Qarabağdan kütləvi köçünü elə birinci cümlədəcə “etnik təmizləmə” adlandırır.
Təəssüf ki, Azərbaycanın Qərb tərəfindən beyni yuyulan belə naxələf övladları az deyil. Düşünün ki, məqalədə Azərbaycanın xeyrinə bir kəlmə də yoxdur. Adamın heç ona da qeyrəti çatmayıb ki, ermənilərin törətdiyi vəhşiliklərdən, 1 milyona yaxın adamın Azərbaycan torpaqlarından qovulmasından söhbət açsın. Və həmin prosesi də “etnik təmizləmə” adlandırsın...
Şəxsən mən Rauf Azimov kimilərini ermənilərdən daha yaramaz hesab edirəm. Çünki erməni yanlısı olan Qərb sapı özümüzdən olan belələrinin əli ilə kökümüzü baltalayır...
Bu adamın eyni ilə ermənilərin bizə ünvanlandığı ittihamları təkrarlayır. Nə deyir? Biz azərbaycanlılar ermənilərə nifrət edirik. Ay qurban olum sizə, biz axı erməniləri necə sevə bilərik ki, onlar 1 gecədə Xocalıda 613 nəfəri qətlə yetiriblər. Özü də mülki adamları. Mindən çox adam Xocalı soyqırımı zamanı itkin düşüb. Təbii ki, onlar da öldürülüb. Bu boyda vəhşiliyi törədən ermənini biz necə sevə bilərik? Bəlkə Xocalı soyqırımını ermənilər azərbaycanlılara olan məhəbbətindən dolayı törədib? Belə axmaqlıq olar? Rauf Azimov hansı məntiqə söykənərək ermənilərə canıyanalıq edir, bu, mənə aydın deyil.
Bəli, mən də ermənilərlə anlaşmanın tərəfdarıyam. Ancaq biz xalq olaraq heç vaxt Xocalı qətliamını unuda bilmərik. Nə vaxtsa biz Xocalı fəlakətini unutsaq bilin ki, manqurtlaşmışıq-milli yaddaşımızı itirmişik. Allah o günləri Azərbaycana göstərməsin...
Elbəyi Həsənli
Teref.az