Ermənilər Qarabağdan niyə getdilər? - "erməni üçün harda yaşamaq yaxşıdısa, ora “Vətən”dir. "
6-10-2023, 08:46
Qarabağdan köçən ermənilər uzağa getməyiblər
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibə verib. Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib. Bildirib ki, antiterror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparılır. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib. Aparıcının “Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər” sualına cavabında Elçin Əmirbəyov deyib: “Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq antiterror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıldı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni separatçı qurum bütün silah-sursatı təhvil verdikdən sonra mülki əhali öz təhlükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstərilmişdi. Dərman preparatları, ambulanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsilə də analoji çağırışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar, onlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar”.
E.Əmirbəyov vurğulayıb ki, işğaldan azad olunan ərazilər vaxtilə Ermənistan tərəfindən tamamilə etnik təmizləməyə məruz qalmış, azərbaycanlılar oradan qovulmuşdu: “Həmin ərazilərdə 1 milyon azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdı. Ancaq təəssüf ki, o vaxt Qərb bununla maraqlanmamışdı. İkili standart siyasətini, nəhayət, dayandırmaq lazımdır... Bütün insanlar kimi, bizim insanlarımızın da eyni hüquqları var”.
Yazıçı-publisist, peşəkar jurnalist, şuşalı Kərim Kərimli görəsən, “niyə onların hamısı getməyi seçiblər” sualına hansı cavabı verərdi? TEREF.AZ-ın məlumatına görə, Kərim Kərimli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Fransanın “Radio J” radio kanalının müxbirinin sualında qərəz hiss olunur:
- Birincisi, ermənilərin heç də hamısı getmir. Orda qalanlar da var və Azərbaycan vətəndaşlığını artıq qəbul edənlər də var. Azərbaycan dövləti yerli əhaliyə bütün lazımi humanitar yardımları göstərir. Soruşursunuz, niyə “hamısı” gedir? Cavab sadədir. Bir çox səbəblərdən. Səbəbin ən böyüyü budur ki, onların bir qismi Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyə qarşı çıxıb, ərazilərimizin işğalında iştirak ediblər, Qarabağın azərbaycanlı əhalisinə qarşı soyqırım, terror aktlarının, evlərimizin yandırılmasının, talan edilməsinin birbaşa iştirakçısı olublar. 1988-ci ildən 1994-cü ilədək davam edən Birinci Qarabağ müharibəsi dövründə erməni separatçıları çoxsaylı terror aktları törədib. Xocalı, Meşəli, Qaradağlı, Quşçular, Meşəli, Daşaltı... terrorları. İçərisində azərbaycanlılar olan avtobusu partladıblar, vertolyotu vurublar. Daha nələr etməyiblər!.. Başımıza gətirilən bu faciələri yada salanda, istər-istəməz düşünürsən ki, bunun üçün külli miqdarda güc, qüvvə tələb olunur. Təbii ki, separatçılar yerli əhalini də cəlb edirdilər bu terrorçuluğa. Qarabağ müharibəsində görürdük, adətən yerli erməniləri bizim səngərlə qarşı-qarşıya olan səngərə - ön sıralara düzürdülər. Arxada isə xaricdən, Ermənistandan gələnlər dayanırdı. Bəzilərini məcbur edirdilər döyüşməyə, bəziləri könüllü qatılırdı qondarma respublikanın “ordusuna”. Qondarma respublikanın bir zamanlar “prezidenti” olmuş Arkadi Qukasyan “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu” ifadəsini tez-tez işlətməyi sevirdi. “Ordu” vardısa, deməli, əsgərləri də vardı. Məlumdur ki, Qarabağda yerli ermənilər bu qondarma respublikanın ordusuna cəlb edilirdilər. Xaricdən gələnlər də öz yerində. Yerli əhali arasında istəmədən bizə güllə atanlar da vardı, bilə-bilə atanlar da. Lenord adında erməni vardı. Şuşalıydı, idmançı idi. O deyirdi ki, ermənilər düz etmir, bu torpaqlar azərbaycanlılarındır. Azərbaycanlılar bizə çörək verib, çörəyi itirməməliyik. Amma separatçılar əlbəttə onun dediklərini qəbul etməzdilər. Həmin o Lenord döyüşməkdən imtina etmişdi. Buna görə də onu separatçılar Xocalıda öldürdü. Yalandan da xəbər yaydılar ki, guya, döyüşdə həlak olub. Ona görə Qarabağın erməni sakinləri çıxıb getməyi üstün tutur ki, bilirlər, sabah Azərbaycan dövlət strukturları Xankəndidə tam fəaliyyətə başladıqda cinayətlər yavaş-yavaş araşdırılmağa başlanacaq, cinayətlərdə iştirak edənlər də tutulub məsuliyyətə cəlb ediləcəklər. Bu qədər insanımızın həlakı, terror aktları, soyğunçuluq, talanlar, əsirlərə verilən işgəncələr cavabsız qalmayacaq. Hər kəs cəzasını almalıdır. Buna görə də qorxurlar və çıxıb getməyə üstünlük verirlər.
K.Kərimli 1998-ci ildə Şuşaya səfəri zamanı baş vermiş hadisəni xatırladı:
- 1998-ci ilin avqustunda Xankəndidə olanda oradakı tanışlarımdan biri mənə dedi ki, buradakı "hökumət" binalarından birinin zirzəmisində bir yaralı azərbaycanlı əsgər saxlanılır. Həmin əsgərin yerini dəqiqləşdirmək, onu görmək, onunla görüşmək üçün çox cəhd etsək də, üsul və vasitələr axtarsaq da, bir şey çıxmadı. Görüş zamanı Arkadi Qukasyana bu barədə müraciət etməyə məcbur olduq. Dedik ki, bizə belə bir şərait yaratsanız, bu hərəkətiniz sizin həqiqətən də, dediyiniz kimi, sülh tərəfdarı olduğunuzu sübut edər. Təşər-təşər özünü dartıb, dən yemiş çəpiş kimi gözlərini bərəldib dedi ki, "...bu, DQR Milli Təhlükəsizlik Xidmətinin direktorunun kompetensiyasında olan məsələdir və mənim bu işə müdaxilə etmək imkanım yoxdur”. İndi həbs edilmiş Arkadi Qukasyandan o əsir əsgərin də taleyini soruşmaq lazım gələcək. Dediyim odur ki, bunların əksəriyyəti hərbi cinayətlərin birbaşa iştirakçısıdırlar. Cəzadan qorxaraq gedir əksəriyyəti. Eləsi var, bir müddət əvvəl çıxıb gedib. Samvel Babayan kimisi. Ailəsini də aparıb. Xankəndidə saxlayası deyil. İkinci səbəb yerli ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edib Xankəndidə qalacaqları təqdirdə, yenə də separatçıların təzyiqi və ölüm təhdidi ilə üzləşəcəkləri qorxusudur. Lenordun başına gətiriləni xatırlatdım. Separatçılar hələ qalır Qarabağın bəzi ərazilərində. Əhali də qorxur ki, gizlənən separatçılar onları öldürər, təzyiq göstərər. Ona görə də vəziyyətin stabilləşməsinə qədər, nə vaxt ki arxayın olacaq separatçılar daha yoxdur, o vaxta qədər çıxıb getməyi üstün tuturlar. Ola bilsin, bir hissəsi də çəkinir, bizə etdiklərini yada salanda. Bəlkə elə zənn edirlər ki, biz də onlar kimi hərəkət edəcəyik. Amma bizə etdiklərini biz onlara etmədik. Etmərik də. Bilməlidirlər ki, Azərbaycan türkü silahsız, müdafiəsiz adama əl qaldırmayıb heç vaxt. Azərbaycan əsgərinin yerli ermənilərlə necə davrandığını da bütün dünya görür. Dövlətimizin də, xalqımızın da mövqeyi bəllidir: cinayətkarlar cəzalanacaq, günahsız insanlarla (günahsızdılarsa əgər) işimiz yoxdur. Sizə danışmışam, Şuşa işğal altında olan vaxt ora etdiyim səfərdən. Evimizdə erməni ailəsi yaşayırdı. Evə daxil olanda, anamın toxuduğu palazı döşəmədə gördüm... Bizim evlərə yerləşdilər, sahibləndilər. Əşyalarımızdan istifadə etdilər... Bəzisi fikirləşir ki, azərbaycanlının evində oturmuşam, qayıdıb gələndə gərək çıxıb gedim. Amma üzr istəyirəm ifadəmə görə (bəlkə üzr istəməli də deyiləm), bunlar elə həyasız məxluqdular ki, qayıdıb gələ də bilərlər, bizimlə birlikdə yenə yaşaya da bilərlər. Bu qədər faciələrdən sonra...
K.Kərimli üçüncü səbəbi də göstərdi:
- Səbəblərdən biri də budur ki, erməni üçün harda yaşamaq yaxşıdısa, ora “Vətən”dir. Qarabağ münaqişəsi zamanı çox erməni Bakını da, Qarabağı da, digər bölgələri də tərk etdi. Hərəsi bir ölkəyə çıxıb getdi. Birincisi, ona görə ki, Ermənistandakı ermənilər Qarabağ ermənilərini heç vaxt sevməyib, qəbul etməyiblər. İkincisi də, bayaq dediyim kimi, erməni üçün harda yaxşı yaşayış var, ora Vətəndir. Amma bizim köçkünlər ölkəmizdə qaldılar. Biz heç yerə çıxıb getmədik. Çünki bu torpaq bizimdir, bura Vətəndir.
K.Kərimli hazırda çıxıb gedən ermənilərin bir qisminin geri dönəcəyinin mümkünlüyünü də vurğuladı:
- Görürük ki, onlar Azərbaycanla sərhəddə - Gorus tərəfdə yerləşdirilir. Ermənistan mərkəzi hakimiyyəti Qarabağdan çıxan ermənilərin ölkəyə gəlməsini istəmir. Burada məkrli plan da ola bilər. İstəməzlər ki, Qarabağda heç erməni yaşamasın. Yəqin ki, planları var. Vəziyyət sakitləşəndən sonra erməniləri geri qaytaracaqlar. Uzağa aparmırlar ki, yaxında olsunlar. İlk fürsətdə geri göndərsinlər. Bir də ki, müharibələr, silahlı münaqişələr zamanı əhalinin bir yerdən başqa yerə köç etməsi, kimlərinsə yaşadığı ərazini, ölkəni tərk etməsi təbii haldır. Tarixdə belə hallar o qədərdi ki!
K.Kərimli qeyd etdi ki, Azərbaycan dövlətinin erməni sakinlərlə bağlı dəqiq statistika apardığına əmindir:
- Əlbəttə ki, erməni tərəfi rəqəmləri şişirdir. Orada guya 120 min erməni olmasına, şəxsən mən də inanmıram. Yəqin ki, Azərbaycan dövlət orqanları qeydiyyat aparır. Bu bir həqiqətdir ki, Qarabağa xarici ölkələrdən ermənilər köçürülüb. Süni şəkildə əhali sayının artırılması məqsədilə. Bir də ki, hələ sovet vaxtı “DQMV”də ermənilər, məkrli siyasət işlədərək, məsələn, Xankəndidən çıxıb gedənləri qeydiyyatdan çıxarmırdılar. Tutalım, kimisi başqa ölkəyə, şəhərə təhsil almağa gedirdi, kimisi işləməyə, onları qeydiyyatdan çıxarmırdılar ki, erməni əhalisinin sayı çox görünsün. Amma azərbaycanlılarla bağlı belə deyildi. Şuşadan Bakıya gəldinsə, sonra Şuşaya qayıdanda təkrar qeydiyyata düşə bilmirdin.