İsrail Azərbaycana Qarabağ əməliyyatında 'sakitcə' kömək edib - Qərb mediası

6-10-2023, 14:56           
İsrail Azərbaycana Qarabağ əməliyyatında 'sakitcə' kömək edib - Qərb mediası
Associated Press agentliyinin dərc etdiyi məqalədə rəsmilərə və diplomatlara istinadla deyilir ki, İsrail Azərbaycana güclü silahlar verməklə onun Qarabağ üzərində nəzarəti ələ almasında “sakitcə” kömək edib.

Qeyd olunur ki, sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi ildırımsürətli əməliyyatdan bir neçə həftə əvvəl İsrailin cənubundakı hərbi hava bazasından Qarabağ yaxınlığındakı aerodroma yük təyyarələrinin dəfələrlə uçması müşahidə olunub.

Bu uçuşlar Azərbaycan-İsrail strateji əməkdaşlığından onsuz da narahat erməni rəsmiləri təşvişə salmışdı.

Ermənistanın İsraildəki səfiri Arman Akopyan AP-yə deyib ki, onu İsrailin evlərindən didərgin düşənlərin taleyinə ən azı acımaması təəccübəndirib.

Ekspertlər bildirirlər ki, Azərbaycan bu əməliyyatın həyata keçirilməsində İsrail və Türkiyə tərəfindən təchiz olunmuş güclü silahlardan istifadə edib.

AP yazır ki, İsrailin Müdafiə və Xarici İşlər nazirlikləri Azərbaycanın Qarabağda İsrail silahından istifadəsinə dair xəbərlərə şərh verməkdən imtina ediblər.

“İranı cilovlamaqda partnyorluq”
Məqalədə deyilir ki, İsrail Azərbaycana neft mənbəyi və İrana münasibətdə müttəfiqi kimi baxır. Azərbaycan həm də müasir silahlar alan sərfəli müştəridir.

İsrailin Azərbaycandakı keçmiş səfiri və hazırda Tel-Əvivdəki Milli Təhlükəsizlik Tədqiqatları mərkəzinin eksperti Arkadi Milman AP-yə bildirib ki, bu müttəfiqlikdə təəccüb etməli heç nə yoxdur:

“Bizim müdafiə sahəsində Azərbaycana dəstəyimizdə təəccüblü heç nə yoxdur. Bizim İranı cilovlamaq üçün strateji partnyorluğumuz var”.

Bir zamanlar enerji ehtiyatları sarıdan yoxsul olan İsrail hazırda Aralıq dənizində böyük təbii qaz yataqlarına sahibdir, amma Azərbaycan onun neftə olan tələbatının 40 faizini təchiz edir. İsrail Azərbaycan neftini Türkiyənin Ceyhan terminalı vasitəsilə hələ 1990-cı illərdən alır.

Məqalədə deyilir ki, Azərbaycan İranın Ermənistanla yaxınlığına həmişə şübhə ilə baxıb, öz növbəsində Tehran Bakını ona qarşı İsrail kəşfiyyatına “meydan verməkdə” ittiham edir. Həm Azərbaycan, həm də İsrail bu ittihamları rədd edirlər.

Bu da vurğulanır ki, Azərbaycan İsrailin ən böyük silah alıcılarından biridir. Ekspertlərin təxminlərinə görə İsrail 2016-2020-ci illər arasında Azərbaycanı cəbbəxanasının 70 faizi ilə təchiz edib.

Əliyevin drona sığal çəkməsi
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutundan Piter Veyzman deyir ki, İsrail silahları Azərbaycanın öz hədəflərinə çatmasında əhəmiyyətli rol oynayıb.

Ekspert qeyd edir ki, İsrailin istehsal etdiyi uzaqmənzilli raketlər və “mobil sursat” kimi tanınan partlayıcı dronlar Azərbaycanın kiçik hərbi hava qüvvələrini gücləndirib və ona hətta Ermənistanın dərinliklərindəki hədəfləri vurmaq imkanı verib.

Bundan başqa Azərbaycan hava məkanının müdafiəsi üçün İsrailin Barak-8 yer-göy raketlərindən istifadə edib.

AP yazır ki, sentyabr əməliyyatından əvvəl Azərbaycanın Müdafiə Nazirliyi Barak-8 raketini sınaqdan keçirdiyini bildirmişdi. Bu raketlərin istehsalçısı olan Israel Aerospace Industries şirkəti AP-yə şərh verməkdən imtina edib.

Məqalədə deyilir ki, Azərbaycanın müdafiə naziri İsrail dronlarını Ermənistan ordusu üçün “vahiməli yuxu” adlandırmış, prezident İlham Əliyev isə silah sərgisi zamanı İsrailin kiçik kamikadze PUA-sı – Harop dronuna nümayişkəranə bir şəkildə “sığal çəkmişdi”.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov AP-yə Bakının İsraillə əməkdaşlığı barədə deyib: “Biz bu əməkdaşlıqdan məmnunuq. Biz bunu gizlətmirik”.

İsrailin silah satışı qanunları
Məqalədə deyilir ki, sentyabrın əvvəllərində diplomatların eskalasiyanı önləməyə səy göstərdikləri vaxtda Azərbaycanın yük təyyarələri Ovda hərbi bazasına fasiləsiz uçuşlar edirdi.

AP-nin müşahidəsinə görə Azərbaycanın Silk Way Airlines şirkətinin yük təyyarələri sentyabrın 1-i ilə 17-si arasında Ovda aerodromuna azı 6 reys edib.

Həmin altı gün ərzində Azərbaycanın Rusiya istehsallı Il-76 təyyarələri Ovda ilə Bakı və ya Gəncə arasında uçuşları həyata keçiriblər.

Mart ayında İsrailin Haaretz qəzetinin apardığı təhqiqatın hesabatında deyilirdi ki, Azərbaycanın hərbi nəqliyyat təyyarələri 2016-2020-ci illər arasında Ovda hava limanına 92 reys həyata keçiriblər.

İsrailin Müdafiə Nazirliyi bu barədə şərh verməkdən boyun qaçırıb. Səfir Məmmədov isə məlumatlardan xəbərdar olduğunu desə də şərh verməyib.

AP yazır ki, “Azərbaycanın avtokratik hakimiyyətinin etnik və dini azlığa qarşı mübarizədə dəstəklənməsi” İsraildə siyasi debatlara səbəb olub.

Hazırda ən böyük qlobal silah istehsalçısı olan 10 ölkə arasında yalnız Rusiya və İsrailin qanunları insan haqlarından narahatlıqlara məhəl qoymadan silah satışına imkan verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.