DÜNYADA İLK: VƏKİL ADINDAN QANUNSUZ İSTİFADƏYƏ GÖRƏ ADAM CƏRİMƏLƏDİLƏR

8-10-2023, 00:01           
DÜNYADA İLK:
- Ölkədə vəkil olmayan (VK-dan qovulan və ya oraya buraxılmayan) xeyli sayda hüquqçu var ki, vəkil kimi Avropa Məhkəməsinə şikayət yazır, işi udur...
Onları nəinki cərimələyən var, hətta qonorarını da Hökumət özü cibindən ödəyir...
Ölmədik, bu günü də gördük. Bir sıra KİV-lər məlumat yayıblar ki, Nizami Rayon Məhkəməsi tanınmış hüquqçu Camal Bağırzadəni İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimələyib. Məlumatda o da bildirilir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində C.Bağırzadə barəsində yuxarıda qeyd olunan maddələr üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Prokurorluğun məhkəmə ilə birləşib (belə müdhiş norma fikirləşib tapdığına görə Parlamentimizi və bu təşəbbüsü irəli sürən VK-mızı də yaddan çıxarmayaq) hüquq praktikasında bu ilkə imza atması üçün əsas isə Pərvanə Babayeva adlı vətəndaşın Camal Bağırzadənin özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək borcun alınması ilə bağlı məsələdə ona yardım göstərmək öhdəliyini üzərinə götürməsi və bu işi layiqincə görməməsi barədə şikayəti olub.
Deyilənləri, yazılanları eşitdikcə, oxuduqca xeyli sual yaranır.
Ölkədə xeyli sayda tanınmış hüquqçu var ki, onları qanunsuz olaraq ya VK-dan uzaqlaşdırıblar, ya da ora buraxmırlar. Aralarında ölkə hüdudlarından kənarda tanınanlar da var, Azərbaycan məhkəmələrini beynəlxalq məhkəmələrdə “neprav” çıxaranlar da. Avropa Məhkəməsində ən çox iş udanlar arasında da onlar az deyil.
Azərbaycan Hökuməti həmin hüquqşünasların hər biri ilə bağlı Strasburqa “donos” yazıb ki, bu adamlar vəkil deyillər, Avropa Məhkəməsində hüquqi təmsilçiliyi öz ölkələrində vəkil kimi tanınan şəxslər edə bilərlər. Strasburqdan bizimkilərə cavab veriblər ki, onlar sizin üçün vəkil deyil, biz onları da həmin statusda görürük.
Hökumətin (və onun VK-sının) vəkil kimi tanımadığı və ölkə məhkəmələrinin qapılarını üzünə bağladığı həmin hüquqçular Avropa Məhkəməsində işləri udurlar, onlara vəkil kimi göstərdikləri xidmətə görə qonorar təyin olunur və o pulu da elə həmin Hökumət vəkil saymadığı həmin hüquqçulara öz cibindən ödəyir.
Bu nətəhər olur, ölkə daxilində hüquq xidməti göstərdiyinə görə 250 manat qonorar alanı Hökumət vəkil adından qanunsuz istifadə ittihamı ilə məhkəmələrinin əli ilə 350 manat cərimələyir, Avropa Məhkəməsinin kəsdiyi 1000, 1500 avro və daha çox qonorarı (indi kəsməsin!) isə elə həmin Hökumət öz Maliyyə Nazirliyinin əli ilə vəkil saymadığı başqa hüquqçulara oynaya-oynaya ödəyir?! Eyni məntiqlə həmin hüquqçular da vəkil adından qanunsuz istifadə etmiş olurlar axı!..
Ölkədə çox sayda tanınmış hüquqçu var ki, tənqidi baxışlarına görə ya VK-dan kənarlaşdırılıblar, ya da ora buraxılmırlar. Bu adamlara görə qanunu dəyişib, bütün məhkəmələrin qapısını belələrinin üzünə bağlayıblar. Onların arasında elələri var ki, prokurorluqda, məhkəmədə, vəkillikdə, dövlət qulluğunda, beynəlxalq təşkilatlarda çalışan, hətta çox yüksək vəzifələr tutan çox sayda həmkarlarına dərs deyiblər, təlim keçiblər; Avropa Şurası, ATƏT, BMT və digər nüfuzlu qurumları onları öz proqramlarına ekspert kimi cəlb edirlər. Bizim Hökumətimiz (VK-mız, Parlamentimiz, Prezident Aparatımız) isə vətəndaşlara adi hüquq yardımı göstərib özünü, ailəsini dolandırmağı onlara çox görür...
Nizami Rayon Məhkəməsinin qərarını böyük ehtimalla yuxarı məhkəmə qüvvədə saxlayacaq və təcrübəli hüquqçu vəkil olmayan həmkarlarının köməyi ilə (vəkil olanlardan çətin, VK sədri ilə münasibətləri pis olan birisinin işini üzərinə götürə) işi Avropa Məhkəməsinə çıxaracaq.
Avropa Məhkəməsinin hansı qərar verəcəyini təxmin etmək olar. Hərçənd ki, Onun da qərarlarını icra etməyən dəcəl dövlətlər var.
Təəssüf ki, həmin ölkələrdə yaxşı işlər yavaş-yavaş, özü də çox yavaş görülür...
Hüquqkar
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.