Bir, iki, üç, dörd, beş yeni reallıq... və son

8-11-2023, 11:08           
Bir, iki, üç, dörd, beş yeni reallıq... və son
Bir, iki, üç, dörd, beş yeni reallıq... və son
BBC-nin beynəlxalq şərhçisi Ceremi Bouen İsrailin HƏMAS-a qarşı müharibəsinin Yaxın Şərqdə
vəziyyəti necə dəyişdirdiyini nəql edir.
Hadisələr hələ də sürətlə cərəyan edir. Müharibənin indiki sərhədləri aşacağı ilə bağlı real
təhlükə var. Yaxın Şərqdə yeni reallıqlar uzaqda deyil. Amma onun ümumi mənzərəsi
müharibənin bu ilin sonu və ola bilər, gələn ilin əvvəlinə qədər necə gedəcəyindən asılıdır.
Gəlin, bildiyimiz və bilmədiyimiz bəzi aspektləri sadalayaq. Siyahı son variant deyil.
Bir…
Tam əmin şəkildə söyləmək olar ki, HƏMAS və onun “kiçik partnyoru” – “İslam cihadı”n
hakimiyyətinin məhvinə yönələn hərbi kampaniya israillilər tərəfindən dəstəklənir. Onların qəzəbi
HƏMAS-ın İsrailə hücumu nəticəsində 1400-dən çox insanın ölümündən və 240 nəfərin girov
götürülməsindən (onlar hələ də Qəzzada saxlanılırlar) doğan şokdan qaynaqlanır.

Mən İsrail ordusunun istefadan olan generalı Noam Tibonla danışmışam. O, mənə həyat yoldaşı
ilə bir yerdə Qəzza ilə sərhəddə yerləşən və oktyabrın 7-də hücuma məruz qalan Nahal-Oz
kibutsuna getməsindən danışdı. Onun vəzifəsi (o, vəzifəsini uğurla yerinə yetirə bilib) HƏMAS
yaraqlılarının hücumunu eşidərək təhlükəsiz otaqda gizlənən oğlu, gəlini və iki azyaşlı nəvəsini
xilas etmək olub.
Tibon daha orduda xidmət etmir, amma bu 62 yaşlı kişi əla fiziki formadadır. O, həmin xaos günü
öldürülmüş İsrail əsgərinin silahını, dəbilqəsinin götürüb və başına topladığı hərbçilərə rəhbərlik
edib. Onlar kibutsun ərazisini təmizləyiblər və generalın ailə üzvləri də daxil olmaqla çoxlarının
həyatını xilas ediblər.
General, İsrail ordusunun hadisələr haqqında açıq danışmağı xoşlayan hərbçilərinin köhnə
nəslinin nümayəndəsidir: “Qəzza əzab çəkməli olacaq… dünyada heç bir millət qonşularının
körpə, qadın və ya sadəcə adam qətli ilə məşğul olmasına dözməz. Elə siz də (britaniyalılar)
İkinci dünya müharibəsi zamanı düşməni əzdiniz. Biz də Qəzzada bunu etməliyik. Heç bir
mərhəmət göstərmədən”.
– Bəs ölən dinc fələstinlilər necə olsun? – mən soruşdum.
– Təəssüf ki, bu, baş verir, — deyir. – Biz təhlükəli yerdə yaşayırıq və həyatda qalmalıyıq…
Amansız davranmalıyıq. Başqa seçimimiz yoxdur.
İsraillilərin çoxu generalla həmrəydirlər ki, dinc fələstinlilərin ölümü pisdir, amma onlar HƏMASın etdiklərinə görə ölürlər.
İki…
Eləcə də tam aydındır ki, İsrailin HƏMAS əleyhinə hərbi kampaniyası dəhşətli qırğına səbəb olur.
HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyinin son məlumatına görə, artıq 10
minə yaxın fələstinli ölüb və onların 65 faizi qadın və uşaqlardır.
Ölən kişilərin nə qədərinin dinc sakin, nə qədərinin isə HƏMAS və ya “İslam cihadı” döyüşçüsü
olması məlum deyil. ABŞ prezidenti və israillilər nazirliyin məlumatlarına inanmırlar, amma
beynəlxalq təşkilatlar əvvəlki konfliktlərin təcrübəsini nəzərə alaraq, Fələstin hakimiyyətinin
qurbanlar haqda rəqəmlərini etibarlı hesab edirlər.

BMT bildirir ki, Rusiyanın Ukraynaya təcavüzə başlamasından keçən 21 ay ərzində 9,7 min dinc
sakin öldürülüb… Bəli, ölənlərin bir qismi HƏMAS üzvləridir. Amma hətta belələrinin 10%
olduğunu təxmin etsək belə (çətin ki, bu rəqəm doğru olsun olsun), bu deməkdir ki, İsrailin
təxminən bir ay ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində ölən dinc sakinlərin sayı
Ukraynada 2022-ci ilin fevralından ölənlərin sayına yaxınlaşır.
(BMT Ukraynadakı qurbanlar barədə rəqəmlərin dəqiq olmadığını, çox mümkün ki, qurbanların
sayının qat-qat çox olduğunu qeyd edir. Eyni zamanda, Qəzzadakı qurbanların sayı da çoxdur.
Çünki bir çox fələstinlilər hələ də dağıntılar altındadırlar).
BMT-nin İnsan Hüquqları Şurası bildirir ki, İsrailin aviazərbələri dinc əhali arasında dəhşətli
qurbanlara səbəb olur, bu da hücumların qeyri-proporsional olması və hərbi cinayət təşkil etməsi
kimi ciddi narahatlıq yaradır.
HƏMAS-ın hücumundan sonrakı ilk günlərdə ABŞ prezidenti Co Bayden İsrailin Qəzzada
HƏMAS-ı hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi güc işlətməsi qərarını dəstəklədi. Amma
əlavə etdi ki, bunu “düzgün üsullarla” etmək lazımdır. O, bununla da İsrailin dinc əhalinin
təhlükəsizliyini nəzərdə tutan müharibə aparmaq qanunlarına əməl etməli olduğunu nəzərdə
tuturdu.
ABŞ-ın dövlət katibi Entoni Blinken isə Tel-Əvivə uçmazdan əvvəl deyib: “Dağıdılmış binaların
uçuqları altından fələstinli uşağın çıxarılmasını hər dəfə görəndə ürəyimin dərinliklərinə qədər
sarsılıram, necə ki, İsraildən və ya istənilən başqa ölkədə öldürülmüş uşaq görəndə”.
İsrailin son 30 il ərzində apardığı bütün müharibələrdə reportyor olmuşam. ABŞ
administrasiyasının İsrailin müharibə qanunlarına əməl etməli olduğunu bu qədər açıq şəkildə
deməsini xatırlamıram. Blinkenin səfəri o deməkdir ki, onun fikrincə israillilər Baydenin
məsləhətinə əməl etmirlər.
Üç…
Daha bir şeyə əmin ola bilərik: İsrailin baş naziri Binyamin Netanyahuya çox böyük basqı var.
İsrail ordusunun və kəşfiyyatın rəhbərliyindən fərqli olaraq, baş nazir ölkə sərhədlərinin oktyabrın
7-də müdafiəsiz qalması ilə nəticələnən bir sıra fəlakətli səhvlərə görə şəxsi məsuliyyətini etiraf
etməyib.

Onun hər şeydə kəşfiyyat xidmətlərinin günahkar olması barədə oktyabrın 29-da yazdığı tvit
böyük qəzəb doğurdu. Netanyahu həmin yazını sildi və ona görə üzr istədi.
Üç tanınmış israilli – sülh danışıqlarının keçmiş iştirakçısı, Şabak (Şin-Bet) əks-kəşfiyyat
xidmətinin keçmiş rəhbəri və tanınmış sahibkar – “Foreign Affairs” jurnalında yazdıqları
məqalədə bildirdilər ki, Netanyahu müharibədə və ondan sonra baş verəcək hadisələrdə qəti
şəkildə iştirak etməməlidir. Baş nazirin loyal tərəfdarları var, amma İsrail ordusunda və xüsusi
xidmətlərindəki nüfuzlu şəxslərin etimadını itirib.
Yuxarıda adını çəkdiyim general Noam Tibon Netanyahunu Britaniyanın baş naziri Nevill
Çemberlen ilə müqayisə edir. Çemberlen 1940-cı ildə istefaya getməli oldu və onu Uinston
Çörçill əvəzlədi.
“Bu, İsrail tarixində ən böyük fiaskodur, -_Tibon mənə deyir. – Hərbinin fiaskosudur. Kəşfiyyatın
fiaskosudur. Bu, həm də hökumətin fiaskosudur. O, hər şeyi idarə edir, bütün günah da ondadır –
Binyamin Netanyahuda. İsrail tarixinin ən böyük uğursuzluğu məhz onun rəhbərliyi altında baş
verib”.
Dörd…
O da aydındır ki, regionda daha əvvəl qurulan status-kvo indi mövcud deyil. Vəziyyət təhlükəli və
xoşagəlməz idi, amma onda məşumca sabitlik vardı. Sonuncu Fələstin üsyanının bitməsindən
sonra (2005-ci ildə) müəyyən sxem formalaşmışdı. Netanyahuya elə gəlirdi ki, bu sxemi daima
saxlaya biləcək. Amma bu, iştirakçı tərəflər üçün (həm fələstinli, həm israilli) təhlükəli illüziya idi.
Hesab olunurdu ki, fələstinlilər daha İsrail üçün təhlükə deyillər. Onları birtəhər həll etmək lazım
gələn problem adlandırırdılar. Əlçatan vasitələrdən qamçı və kökə, eləcə də “parçala və hökm
sür” adlanan qədim taktika seçilirdi.
2009-cu ildən bu yana olan 14 ilin böyük hissəsini, eləcə də 1996-1999-cu illərdə baş nazir
postunda oturan Netanyahu deyirdi ki, İsrailin sülh üçün partnyoru yoxdur.
Amma potensial partnyor var idi: HƏMAS-ın əsas rəqibi olmaqda davam edən Fələstin
administrasiyası. Dərin problemləri olan təşkilatdır və onun bir çox tərəfdarları hesab edirlər ki,
qoca lider Mahmud Abbasın istirahət vaxtı çatıb. Amma Fələstin administrasiyası İsraillə yanaşı
mövcud olacaq Fələstin dövlətinin yaranması ideyası ilə hələ 1990-cı illərdə razılaşmışdı.

“Parçala və hökm sür” taktikası Netanyahu üçün o demək idi ki, Fələstin muxtariyyəti hesabına
Qəzzada HƏMAS-ın hakimiyyətinin möhkəmlənməsinə imkan verirdi.
İsrail tarixində hamıdan çox bu postu tutan hazırkı baş nazir özünün publik ifadələrində həmişə
çox ehtiyatlı olub, amma onun uzun illər boyu davranışı göstərir ki, Fələstin dövlətinin
yaranmasını istəməyib. Belə bir ssenari İsrailin Qərb sahilindəki torpaqlardan, eləcə də Şərqi
Qüdsdən imtinasını ehtiva edir. Sağçılar isə hesab edirlər ki, ora tamamən yəhudilərə aiddir.
Vaxtaşırı Netanyahunun geniş ictimaiyyət üçün nəzərdə tutulmayan ifadələri üzə çıxır. 2019-cu
ildə bir neçə mənbə onun “Likud” partiyasının üzvləri qarşısında çıxışından xəbər verdi. O zaman
o deyib ki, əgər Fələstin dövlətinin yaranmasına etiraz edirlərsə, Qəzzaya vəsaitlərin axması
(bunu əsasən Qətər həyata keçirir) sxemini dəstəkləməlidirlər. Onun fikrincə, Qəzzadakı HƏMAS
və Qərb sahilindəki Fələstin muxtariyyəti arasında ziddiyyətlərin kəskinləşməsi dövlətin
yaranmasını mümkünsüz edəcək.
Beş… və son
Nəhayət, məlumdur ki, İsrail HƏMAS-ın hakimiyyətinin saxlanılmasını nəzərdə tutan hər hansı
sövdələşmə ilə razılaşmayacaq və bu məsələdə ABŞ tərəfindən dəstəklənir. Bu da daha böyük
və daha qanlı qırğın deməkdir. Üstəlik, HƏMAS-ı kimin əvəzləyəcəyi barədə ciddi suallar doğur
ki, onlara da cavab yoxdur.
Ərəblər və yəhudilər arasında İordan çayı və Aralıq dənizi arasında yerləşən torpaqlara nəzarət
uğrunda münaqişə 100 ildən artıqdır davam edir. Bu uzun və qanlı tarixdən çıxarılası bir dərs
var: onun hərbi həlli heç vaxt olmayacaq.
1990-cı illərdə Osloda sülh prosesi başlamışdı: o, konfliktin İsraillə yanaşı yaşayacaq, paytaxtı
Şərqi Qüds olacaq Fələstin dövlətinin yaranması yolu ilə həllinə yönəlmişdi. Vaxtaşırı bitən və
sonra yenidən bərpa olunan bu danışıqları canlandırmaq cəhdi sonuncu dəfə ABŞ prezidenti
Barak Obamanın dövrünə təsadüf edir. Lakin həmin cəhd 10 il əvvəl uğursuzluğa düçar oldu və o
vaxtdan konflikt yalnız dərinləşir.
Prezident Baydenin də, bir çox digərlərinin də dediyi kimi, yeni savaşlardan qaçmağın yeganə
yolu İsrailin yanında Fələstin dövlətinin yaranmasıdır. Amma qarşı duran tərəflərin indiki liderləri
ilə bu qeyri-mümkündür. Həm israilli, həm fələstinli ekstremistlər bu ideyanı dəfn etmək üçün
bundan sonra da bacardıqlarını edəcəklər – bunu 1990-cı illərdən edə bilirlər. Onların bəziləri

Tanrının iradəsini yerinə yetirdiklərinə inanırlar, buna görə də onları dünyəvi, sivil kompromisin
zəruriliyinə inandırmaq olmur.
Amma sonuncu müharibə elə bir şoka səbəb ola bilər ki, o, dərin kök salmış bütün qərəzli
fikirləri məhv edəcək və iki dövlətin mövcudluğu ideyası reallıq olacaq. Konfliktin hər iki tərəfi
qane edəcək həlli yolu tapılmadıqca, israillilərin və fələstinlilərin yeni və yeni nəsilləri yeni
savaşlara məhkum olacaqlar.
pressklub
QEYD: Şərhsiz...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.