Qızılca qorxusu: yenidən karantin gəlir?

2-12-2023, 09:19           
Sürətlə yayılan qızılca xəstəliyindən necə qorunmalı...
Son günlərdə Azərbaycanda qızılca xəstəliyinə yoluxma halları kəskin şəkildə artıb. Səhiyyə
Nazirliyinin məlumatına görə, bu il Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. Yoluxanlar
arasından yalnız 35 nəfər yaşlı insanlar olub. Daha çox azyaşlılar arasında yayılan xəstəlikdən
ölüm halları da baş verib. Təəssüf ki, qızılcaya yoluxmuş üç azyaşlı dünyasını dəyişib.
Tibb işçiləri qızılcanın sürətlə yayılmasını peyvəndləmə prosesinin azalması ilə əlaqələndirirlər.
Belə ki, COVİD-19 pandemiyası zamanı xalq arasında vaksinlərə qarşı mənfi fikirlər yaranmışdı.
İnsanlar vaksinlərin xeyrindən çox zərərinin olduğunu düşünüb, peyvəndləmədən imtina
edirdilər. Əslində, COVİD-19-dan öncə də insanlarda peyvəndə qarşı neqativ münasibət var idi.
Valideynlər peyvənddən sonra uşaqlarında fiziki qüsurların, o cümlədən, müxtəlif ciddi
xəstəliklərin yaranacağını düşünürlər. Ona görə də son illərdə bu cür infeksion xəstəliklərə qarşı
olan peyvəndlərin vurulması kəskin şəkildə azalıb. Onun fəsadları isə günümüzdə konkret
faciələrlə təzahür edir…
Hazırda əhalinin rəyi bu məsələ ilə bağlı iki yerə bölünüb. Bəziləri peyvəndin gərəkli olduğunu,
zərərsiz və faydalı olduğunu desə də, qalanları bunun tam əksini deyir.

Bakı sakini Lamiyə Əsgərli Pressklub.az saytının əməkdaşı ilə söhbətində peyvəndin zərərli
olduğunu, övladlarını peyvənd etdirməkdən çəkindiyini deyib:
“Koronovirus zamanı vaksin vurdurdum. Sonra halım pisləşdi, səhhətimdə problemlər yarandı
deyə, gözüm qorxub. Həm də vaksin vurdursam da, faydası olmadı. Yenə virusa yoluxdum. O
peyvəndin səhhətimdə yaratdığı problemlərdən indiyə qədər əziyyət çəkirəm. Bu baxımdan,
vaksinlərin faydasız olduğunu düşünürəm. Qızılca peyvəndinə gəldikdə isə uşaqlığımda
peyvənd olmamışdım, ancaq qızılca xəstəliyini çox yüngül formada keçirmişəm. İki övladım
var. Heç birinə peyvənd vurdurmuram. Poliklinikadan da zəng edib çağırırlar, amma
uşaqlarımın sağlamlığına təhlükə yaranar deyə narahatam.”
Pressklub.az-a danışan digər sakin Elnarə Tahirli isə bu fikirlərin əksinə, peyvəndin çox yararlı
olduğunu deyir:
“Özüm də, uşaqlarım da bütün lazımlı peyvəndləri vurdurmuşuq. Hələlik heç bir zərərini
görməmişik. Əksinə, qoruyucu funksiyasının və xəstəliyi yüngülləşdirməsinin şahidi olmuşuq.
Məncə, boş yerə təlaşlanmaq, şayiələrə inanmaq lazım deyil. Peyvənd insanı həqiqətən də
qoruyur. Vaxtında valideynlər uşaqlarını peyvənd etdirsəydilər, indi xəstəlik bu qədər
yayılmazdı”.
Yeri gəlmişkən, qızılca xəstəliyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də yayılıb.
Qazaxıstanda 17 mindən çox, Rusiyanın Dağıstan Respublikasında 200-ə yaxın yoluxma faktı
qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan vətəndaşlarını qızılcaya qarşı peyvənd
olunmağa çağırıb.
Azərbaycanda qızılcaya yoluxmanın qarşısını almaq üçün əhali peyvəndlənməyə cəlb olunacaq.
Əsasən, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aşkarlanması və təcili vaksinasiyaya
cəlb edilməsi işinə nəzarət artırılıb. Əhalinin vaksinlənməsi heç vaxt peyvənd olunmayan
şəxslərə aiddir. Onlar peyvənd olunsalar, xəstəliyin yayılması da kəskin şəkildə azalar. Həmçinin
ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir
və 21 günlük müşahidə aparılır.
Bəs sürətlə yayılan, hətta ölümə səbəb olan qızılca xəstəliyinin əlamətləri, qorunma yolları
nələrdir?
Pressklub.az-ın suallarını cavablayan yoluxucu xəstəliklər üzrə mütəxəssis, infeksionist Mərdan
Əliyev deyir ki, qızılcadan qorunmağın əsas yolları peyvənd və təcrid edilmədir.

“Qızılcanın əsas simptomu səpkidir. Xəstəlik mərhələli şəkildə olur. Üzdən başlayır, sonra
aşağı nahiyələrə doğru gedir. Bununla yanaşı, qızdırma və halsızlıq ola bilər. Xəstəliyin
ağırlaşması isə pnevmoniya (ağciyərin iltihabı) və ya sinir sisteminin ağırlaşması ilə əlaqəli
olur. Qızılcadan qorunmaq üçün peyvənd vurulmalı və xəstə təcrid olunmalıdır. Sağlam insan
da özünü təcrid edərək qoruya bilər. Xəstə insanlar cəmiyyət içinə çıxmamalıdır. Qızılcaya
qarşı vurulan QPV (Qızılca-Parotit-Məxmərək – red.) peyvəndi uşaq anadan olduqdan 3 yaşına
qədər vurulur. Qızılcaya qarşı 97 faizə qədər təsirlidir. Uşaqlarını peyvənd etdirən valideynlər
arxayın ola bilər ki, uşaqları qızılcaya yoluxmayacaq. Yoluxan 3-4 nəfər isə yüngül keçirir.
Xəstəliyin qrip kimi spesifik müalicəsi yoxdur. Qızılcada da soyuqdan qorunmaq və bol maye
qəbul etmək lazımdır. Qızdırma yüksək olarsa, dərman istifadə etmək olar”.
Doktor deyir ki, koronovirus zamanı maska taxmaq və 1 metr məsafə saxlamaqla xəstəlikdən
qorunurduq. Qızılca xəstəliyi üçün isə bunların heç biri keçərli deyil. Xəstəlik hava damcı yolu ilə
keçdiyinə görə otaqda bir xəstə varsa, oradakı hər kəs bu xəstəliyə yoluxa bilər.
Demək olar, bütün infeksion xəstəliklərinin mövsümlə əlaqəsi var. Müsahibimizin sözlərinə görə,
qızılca xəstəliyinə payız-qış mövsümündə rast gəlinir. Əvvəlki illərə nəzərən, indi QPV peyvəndi
olunmayanların sayı artdığına görə xəstəlik artıb. Bu, uşaq infeksion xəstəliyidir. Ancaq böyüklər
də yoluxa bilər. Yoluxduqda isə ağır formada keçirirlər. Xüsusilə 20 yaşdan yuxarılarda və 1
yaşdan aşağılarda ağır formada olur.
Belə bir deyim var ki, qızılca xəstəliyini hər insan mütləq keçirir. Bu dünyada olmasa belə, digər
dünyada. Doktor isə deyir ki, bu məsələ yalandır, mifdir. Sadəcə, həddən artıq yoluxucu xəstəlik
olduğuna görə dildən-dilə belə deyimlər yayılıb.
Həmsöhbətimiz deyir ki, insanlarda peyvəndə qarşı əks fikirlər yaranıb.
“Xəstəliyin son vaxtlar artmasının səbəbi insanların peyvənd olunmamasıdır. Qızılca
xəstəliyinə daha çox peyvənd olunmayan uşaqlarda rast gəlinir. Peyvənd etməyənlər həmişə
olsa da peyvənd edənlər çox olduğuna görə, yayılma halları da az olurdu. Pandemiyadan sonra
vaksinlərə qarşı antipatiya yarandı, müxtəlif şayiələr yayıldı. İnsanlar vaksinin zərərli olduğunu
düşündükləri üçün ondan imtina edirlər. Bunlara QPV vaksini də daxildir”.
Doktor deyir ki, koronavirus dövründə güclü qapanma qaydaları olduğuna görə, digər infeksion
xəstəliklərin də yayılması minimuma endi. İndi də qızılca xəstəliyinin tüğyan etməməsi üçün
bəzi qapanmaların olması məsləhətlidir.
Deyirdilər, qızılca xəstəliyi ölümcül xəstəlik deyil. Bəs necə oldu ki, 2 məktəbli qızılcadan
dünyasını dəyişdi? Qızılca xəstəliyi nə zaman insan həyatına son qoya bilər?
Həkim-infeksionist Əminə İsmixanova Pressklub.az-a açıqlamasında bildirdi ki, qızılcacadan
ölüm halları az olsa da, bəzən bu cür hadisələrə rast gəlinir.

“Qızılcanın ölümlə nəticələnmə səbəbi 90% pnevmoniyadan (ağciyər iltihabı – red.) olur.
Pnevmoniya ağırlaşdıqda, müalicə düzgün olmadıqda və ya valideyn səhlənkarlığı nəticəsində
ölüm baş verə bilir. Bundan başqa, ensefalopatiya (beyinin qeyri-iltihabi xəstəlikləri – red.)
görüldükdə ölüm baş verə bilər. Bir məqam da var ki, 5 yaşdan aşağı uşaqlar qızılca xəstəliyi
sağaldıqdan 7, 10, 15 il keçdikdən sonra yarımkəskin sklerozlaşan panensefalit (beynin ağır
infeksion xəstəliyi – red.) deyilən bir diaqnoz meydana çıxa bilər. Bu, çox nadir hallarda olur və
ölümlə nəticələnir.
Həkim İsmixanova qızılcanın özünəxas xüsusiyyətlərinə də toxunub:
“Xəstəlikdən 48 saat əvvəl ağızda, yanaq içində kiçik qırmızı halqa ilə əhatə olunan ağ ləkələr
əmələ gəlir. Buna filatov-koplik ləkələri deyilir. Bu simptom digər xəstəliklərdə yoxdur. İlk
olaraq, temperatur yüksəlir, sonra filatov-koplik ləkələri yaranır. Bu ləkələr 72 saatadək davam
edir. Digər simptomları isə iştahasızlıq, halsızlıq, öskürək, burun axıntısı, göz sulanmasıdır.
Temperaturun müvəqqəti aşağı düşməsi ilə səpgilər yaranmağa başlayır. Səpkilər mərhələli
şəkildə olur. Birinci üzə, sinəyə, qulaqarxasına, bədənə, sonra isə yuxarı və aşağı nahiyələrə
yayılır. Sonra isə səpkilər birləşməyə başlayır. Biz buna qovuşan səpkilər deyirik. Digər əlamət
isə konyunktivitin (gözün selikli qişasının iltihabı – red.) olmasıdır. Hətta gözlərdə işıqdan
qorxma problemi yaranır”.
Müsahibimiz deyir ki, xəstəlik zamanı pəhriz saxlamaq və bol maye içmək məsləhətdir. Xəstənin
səhhəti ağırlaşmasa, müalicəyə ehtiyac olmur, amma ağırlaşdığı halda xəstəxanada müalicə
alması məsləhətdir.
Qızılcadan ağırlaşmış xəstələrə icbari tibbi sığorta və stansionarda müalicə imkanı yaradılıb.
Xəstəliyi yüngül keçənlərə isə sahə pediatrları evdə nəzarət edir. Həmçinin qızılcaya qarşı olan
QPV peyvəndi dövlət tərəfindən pulsuz vurulur. Hətta 1-6 yaşlı uşaqlara vurulması göstərişi var.
Dövlət xəstəxanaları ilə yanaşı, özəl xəstəxanalarda ödənişli QPV vaksini vurulur. İnsanlarda
belə bir düşüncə yaranır ki, ödənişli və bahalı olan vaksin ödənişsiz vurulan vaksindən daha
keyfiyyətlidir. Ona görə də ödənişli vaksini vurdurmağa maddi imkanı çatmayanlar dövlət
xəstəxanasında ödənişsiz vaksin vurdurmaqdan çəkinir.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika
bölməsinin müdiri Gülafət Azadəliyeva bu barədə mətbuata açıqlamasında bildirib ki, milli
peyvənd təqvimində yer alan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlərin 95 %-i
Səhiyyə Nazirliyi və UNİCEF xətti ilə Azərbaycana gətirilir və istifadəsinə, təhlükəsiz şəraitdə
daşınmasına zəmanət verilir: “Bu da o deməkdir ki, özəl klinikalarda vurulan peyvəndlər də
dövlət tibb müəssisələrində vurulan vaksinlərlə eynidir. Son illərdə dövlət tibb müəssisələrində
vurulan vaksinlərlə əlaqəli ağırlaşma halı qeydə alınmayıb”.

Qızılca xəstəliyinin sürətlə, xüsusilə də məktəblilər arasında yayılmasını nəzərə alsaq, distant
təhsilə keçidin də aktuallığı müzakirə olunmalıdır. Bu barədə elm və təhsil naziri Emin
Əmrullayev mətbuata açıqlamasında bildirib ki, növbəti günlərdə təhlillərə əsasən, kütləvi
yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər: “Say təşvişə səbəb olacaq həddə
deyil. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa sinif və
ya məktəb distant təhsilə keçid edə bilər”.
Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu distant təhsilə keçidlə bağlı Pressklub.az-a
açıqlamasında deyib ki, xəstəliyin çox yayılmasını, ölüm hallarını gözləməyə ehtiyac yoxdur:
“Distant təhsilə keçilməlidir”.
Ekspertin sözlərinə görə, distant təhsilə keçid üçün yoluxma sayının artmasını gözləmək yerinə,
elə gələn həftədən başlayaraq məktəblər 10-15 günlük tətilə çıxsalar, xəstəliyin dalğası qismən
də olsa zəifləyər, həm də məktəblərdə dezinfeksiya tədbirləri görülmüş olar. Elə indiyə qədər üç
şagirdin qızılcadan ölməsi də bu məsələni zəruri edir.
Fikrətoğlu deyir ki, bütün təhsil müəssisələrində tibb fəaliyyəti olmalıdır. Təhsilalanlar daim
nəzarətdə saxlanılmalı, ilkin müayinələr aparılmalıdır: “Çünki insanlar müxtəlif ərazilərdə, fərqli
şəraitdə yaşayırlar. Səhhətində problem olan şagirdlər məktəbdən uzaqlaşdırılmalıdır.”
Müsahibimiz valideynlərə qabaqlayıcı tədbirlər görmək məqsədilə övladlarına mütləq qızılca və
digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmağı tövsiyə edir.
Distant təhsilə keçidin müzakirəsi insanlarda yenidən karantin dövrünə qayıtmaq qorxusu
yaradıb. Ancaq sosioloq Nail Cəlil hazırda kütləvi qapanmaya ehtiyac olmadığını deyir. O, bu
barədə Pressklub.az-a açıqlamasında bildirib: “Qapanmaya ehtiyac yoxdur, ancaq xəstəliyin
qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər, maarifləndirmə işləri aparılmalıdır”.
Ümid edək ki, qızılca koronavirus kimi vüsət almaz və ölkəmiz yenidən karantin dövrünə
qayıtmaz. Buna görə hər kəs qabaqlayıcı tədbirlər görməli, özünü qorumalıdır. Çünki özünü
qorumaq həm də başqalarının həyatını və sağamlığını sığorta etmək deməkdir.
Günay Elşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.