Kreml İrəvana qarşı NƏDƏN HƏDSİZ SƏBRLİDİR?..

2-12-2023, 12:47           
Kreml İrəvana qarşı NƏDƏN HƏDSİZ SƏBRLİDİR?..
Bir zamanlar siyasi müstəvidə dünyanın əsas mərkəzlərindən biri sayılan Moskva bu gün artıq əvvəlki cazibə qüvvəsini itirməkdədir. Hətta şahidiyik ki, uzun illər Rusiyanın qanadları altında gizlənən, Kremlin qoruduğu ən yaxın müttəfiqləri belə, bu gün uzaqlaşmaq üçün onun büdrəməsini səbirsiliklə gözləyir. Rusiya faktiki olaraq artıq bir çox başda Ermənistan olmaqla bir çox keçmiş müttəfiqləri üçün cazibə qüvvəsini itirmiş hesab edilə bilər.

Bunu hazırda regionda və qlobal miqyasda baş verən proseslər deməyə əsas verir. Ermənistanın istənilən vəchlə Qərbə inteqrasiya etmək üçün Moskvanın orbitindən çıxmaq istiqamətindəki "canfəşanlığı" inkar edilə bilməz. Rəsmi İrəvan artıq demək olar ki, bütün müstəvilərdə Moskvanı tamamilə tərk etmək üçün geniş və konkret addımlarla diqqət çəkməkdədir. Ermənistan siyasi və hərbi rəhbərliyinin artıq Rusiyanın iştirakı və təşkilatçılığı ilə keçirilən bütün regional tədbirlərdən imtina etməsi, qatılmaqdan boyun qaçırması bunun əyani təsdiqidir. Bu, azmış kimi Ermənistan uzun illər forpostu olduğu Rusiyaya qarşı təzyiq mexanizminin önündə belə getməkdən də çəkinmir.

Qərbin və ABŞ-nin Cənubi Qafqazda peyda olmaq üçün Ermənistandan vasitə kimi istifadə etmək planı bu gün faktiki olaraq işə yarayır. Daha konkret desək, rəsmi İrəvan uzun illər onun toxunulmazlığında, işğal siyasətində bütün dəstəyini əsirgəməyən şimal qonşusunu firənglərə satmaqdadır. Hadisələrin gedişatından o nəticəyə varmaq olur ki, Ermənistan tərəfi Rusiyanın Ukrayna ilə müharibə fonunda "dirilməsini" yaxın vədədə mümkünsüz görür, bunun üçün də yıxılanı baltalamaq məsələni "sadiqlik" nümayiş etdirir.

Lakin rəsmi İrəvan bir məsələni unudur ki, Rusiyanın siyasi və iqtisadi sahədə reforma getməsi, yeni ideologiya formalaşdırması və yenidən ətraf ölkələr nəzdində cazibə mərkəzinə çevrilməsi zərurəti hər an doğa bilər. Bunun Ermənistan üçün hansı fəsadlarla nəticələnəcəyi barədə isə yaxşı olar ki, rəsmi İrəvan dərindən düşünsün. Ermənistan düşünürsə ki, Kreml bu gün ona qarşı arxadan zərbəni əfv edəcək, bağışlayacaq, yanılır.

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlərinin toplantısında iştirakdan imtina etdi. Paşinyan bu qərarla da göstərmiş oldu ki, Ermənistan hazırda Qərbin tapşırıqlarına uyğun olaraq Rusiya ilə kəllə-kəlləyə gəlməyi gözə alıb. Belə demək mümkünsə, Ermənistan geosiyasi və qlobal siyasi məkandakı strategiyasında ciddi korrektələr edir. Bu korrektələr artıq tamamilə açıq şəkildə həyata keçirilir. Rəsmi İrəvan Qərbə özünü cəsarətli, Rusiyanın tərkibindən çıxmaq üçün bütün mümkün proseslərə hazır bir dövlət obrazında göstərməyə çalışır. İstisna edilmir ki, bununla da Ermənistan Qərbdən, ABŞ-dən daha çox maddi və hərbi yardım almağı hədəfləyir.

Belə olmasaydı, hələ bu azmış kimi Ermənistanın XİN başçısı və müdafiə naziri də Papikyan da bu toplantıya qatılmaqdan boyun qaçırmazdılar. Bununla da Ermənistan özünü Rusiyanın əsas aktor olduğu bu təşkilatdan uzaq tutmaq istəyini növbəti dəfə nümayiş etdirdi. Əvəzində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqına üzv olan ölkələrin səfitləri ilə görüşdü, onlardan maddi və hərbi yardım diləndi.

Belə olan bir vəziyyətdə Rusiya-Ermənistan münasibətlərinin gərginlik episentrinin dayanmadan artacağı istisna edilmir. Çünki bir qədər keçmişə nəzər salsaq görərik ki, vaxt var idi, Ermənistanın dövlət başçıları, baş nazirləri, digər səlahiyyətli nümayəndələri Moskvaya getmək üçün növbəyə dayanırdılar. Putinlə görüşmək üçün illah...

İndi Nikol Paşinyan hakimiyyəti bu məsələlərdə yeni bir cığır açaraq, bu cığırın onları Avropaya, okeanın o tayına aparmaq üçün yetərli olacağı qənaətindədirlər. Lakin Rusiyanın bu proseslərə kənardan sakit müşahidəçi qismində qalacağı inandırıcı görünmür. Böyük ehtimalla Kremlin səbri Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasından sonra hansı həddə qədər olduğunu özünü bütün çılpaqlığı ilə göstərəcək. Böyük ehtimalla Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin məhz qərbyönlü Nikol Paşinyan tərəfindən imzalanmasını gözləyir.

Çox güman ki, Paşinyan bu sənədə imza atdıqdan sonra, Rusiyanın rəsmi İrəvanla əsl haqq-hesabına şahid olacağıq...
Trend












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.