“Vaşinqton bəzi səhvlərini başa düşüb…”

6-12-2023, 10:24           
“Vaşinqton bəzi səhvlərini başa düşüb…”
Yeni səfirin gəlişi Azərbaycanla ABŞ-ın arasında nəyi həll edə biləcək?
Dekabrın 2-də axşam saatlarında ABŞ-ın yeni səfiri Mark Libbi Bakıya gəlib.
O, mətbuata Azərbaycan dilində qısa açıqlama verməklə kifayətlənib və Azərbaycana gəlişindən
çox şad olduğunu bildirib.
“Mən öz etimadnaməmi təqdim etmək və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı və regionda
davamlı sülhün əldə edilməsi üçün işə başlamaq fürsətini səbirsizliklə gözləyirəm.
Mən həm də sizin gözəl ölkənizi daha yaxından tanımaq istəyirəm. Xoş qarşıladığınız üçün
təşəkkür edirəm”, – Mark Libbi deyib.
Bu məqamda xatırladaq ki, Li Litzenberqerin ötən ilin yayında öz postunu tərk etməsindən sonra
ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden hələ keçən ilin may ayında Libbinin namizədliyini
irəli sürsə də, Senat o zamandan bəri onun namizədliyini təsdiq etməmişdi.
Bu ilin iyunun 14-də Senatda səfir postuna təsdiqləndiyi zaman Libbi Qarabağla bağlı sülh
danışıqları, ABŞ və Azərbaycan arasında insan haqları və təhlükəsizlik sahəsində əməkdaşlıqla
haqqında suallarla üzləşmişdi.
Onun sözlərinə görə, Qarabağda davamlı sülh Vaşinqton və Bakıya əməkdaşlığı yeni səviyyəyə
qaldırmağa imkan verəcək: “…Terrorçuluqla mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi
sahəsində əməkdaşlıq Amerika Birləşmiş Ştatlarının milli maraqlarına və təhlükəsizliyinə xidmət
edəcək. …Mən bu sahələrdə səylərimizi ikiqat artıracağam”.
Libbinin sözlərinə görə, demokratiya və insan haqları “yalnız bizim dəyərlərimizi əks etdirdiyinə
görə deyil, həm də sülh və firavanlığın ən yaxşı təməli olduğuna görə” ABŞ-ın xarici siyasətinin
əsasını təşkil edir.
“Əgər bu posta təsdiq olunaramsa, Azərbaycan liderləri və vətəndaşlarının geniş dairəsi ilə
hörmətlə, lakin çox açıq dialoq aparmağa, Azərbaycanda və daha geniş regionda bu dəyərləri,
hüquq və azadlıqları qətiyyətlə müdafiə etməyə söz verirəm”, – o, iyun ayında demişdi.
Libbi son vaxtlara qədər Dövlət Departamentinin Vaşinqtondakı Milli Hərbi Kollecdəki
fakültəsinin məsləhətçisi vəzifəsində çalışıb.
Buna qədər o, Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiyası rəhbərinin müavini postunu
tutub. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı missiyalarında siyasi məsləhətçi
vəzifəsində çalışıb.
Libbi Dövlət Departamentində Böhranların İdarə Edilməsi üzrə direktor müavini; Mərkəzi Avropa
İşləri üzrə Ofisin direktor müavini; Cənubi Avropa İşləri üzrə Ofisin direktoru və Diplomatik
Xidmət İnstitutunun direktoru vəzifələrini də tutub.
Dərhal qeyd etmək lazımdır ki, yeni səfirin gəlişi ABŞ-Azərbaycan münasibətlərinin ən yaxşı
vaxtına təsadüf etmir. Bəs yeni yerdə, belə şəraitdə onun üçün necə olacaq? O nə edəcək?
Hansısa yollarla ölkələr arasında münasibətləri yaxşılaşdırmağa çalışacaq? Hansı addımları
atacaq? Məsələn, Şuşaya səfər etmək arzusunu ifadə edəcək? Xatırladaq ki, indiyədək Amerika
və Fransanın Azərbaycandakı diplomatları ölkə rəhbərliyinin Şuşanı ziyarət etməklə bağlı
müvafiq dəvətlərindən imtina ediblər.
Ümumiyyətlə, təxminən il yarımdan sonra səfirin göndərilməsi iki dövlət arasında münasibətləri
tarazlaşdırmağa qadirdirmi?
Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev Pressklub.az-a verdiyi açıqlamada
qeyd edir ki, il yarım bu vəzifədə heç kimin olmamasından sonra yeni səfirin təcili gəlişi ABŞ-ın
bu il ayrı-seçkilik xarakteri daşıyan 907-ci düzəlişi dayandırmaqdan imtina etməsi, bu yaxınlarda
Bakı ilə Vaşinqton arasında baş vermiş digər diplomatik demarşlardan sonra “acı dərmanı
şirinləşdirmək cəhdi” kimi qiymətləndirilə bilər.
“Təbii ki, ABŞ administrasiyası Azərbaycana qarşı heç də ən xoşagələn və heç də ən ədalətli
olan addımlar atarkən çox vaxt öz erməni və ermənipərəst seçicilərinin maraqlarını rəhbər
tutur. Çünki gələn il Amerikada prezident seçkiləri olacaq və “demokratik” administrasiya indi
öz fəaliyyətində az-çox əhəmiyyətli səslərin demək olar, hamısını nəzərə alır. Bu, Birləşmiş
Ştatlara haqq qazandırmaq deyil. Bunu daha çox ümumilikdə demokratiyanın, xüsusən də
ABŞ-ın mənfi tərəfi hesab etmək olar”, – ekspert qeyd edib.
Amma eyni zamanda, o hesab edir ki, Senat tərəfindən 907-ci düzəlişin dayandırılması
imkanlarını məhdudlaşdıran aktın qəbul edilməsi özlüyündə bu aktın qüvvəyə minəcəyi
anlamına gəlmir.
“Prezident Baydenin bu akta veto qoymağı bacarıb-bacarmayacağını müşahidə etmək maraqlı
olacaq. Amma bir şey aydındır ki, ABŞ açıq şəkildə Azərbaycanla Ermənistan arasında hüquqi
sülhün əldə olunmasında maraqlıdır.
Çox zəngin keçmişi olan yeni səfirin gəlişi, eləcə də dövlət katibi Blinkenin Bakıya zəngi və
ABŞ administrasiyasının nümayəndələrinin Azərbaycana gözlənilən səfərləri Vaşinqtonun
müxtəlif şəxslərin demarşları da daxil olmaqla bəzi səhvlərini başa düşdüyünü və bütün dünya
üçün bu gərgin dövrdə ölkəmizlə əvvəlki tərəfdaşlığı bərpa etmək qərarına gəldiyini sübut edir.
O ki qaldı insan haqları və digər məsələlərə, bəli, bu amillər ABŞ administrasiyasının
fəaliyyətində həmişə müəyyən əhəmiyyət kəsb edir. Amma mən gözləmirəm ki, yeni səfirin
gəlişi ilə bu sahədə hansısa xüsusi səylər göstəriləcək.
Şuşaya səfərə gəlincə, təbii ki, səfir ora gedə bilər. Prinsipcə, ABŞ nümayəndələrinin indiyə
qədər bunu etməməsində xüsusi faciə görmürəm. Bu gün bütün digər məqamlarla müqayisədə
səfirin belə bir addımı sırf simvolik xarakter daşıyacaq”, – deyə Ağayev hesab edir.
Rauf Orucov
/pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.