Mandat üçün yox, millət üçün "vəkil" seçmək lazımdır - "Acından ölməmə" limiti müəyyənləşdirildi...

6-12-2023, 18:23           
Mandat üçün yox, millət üçün "vəkil" seçmək lazımdır -
Bir neçə ildir ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ərzaq məhsullarının qiymətində fantastik artım müşahidə edilir. Türkiyəni misal gətirsək,keçən il litri 89 tl (5.23 manata) olan zeytun yağının qiyməti bu gün 300 tl yəni 17 manatdır. Bu isə, ən azı 3 dəfə bahalaşma deməkdir. Azərbaycanda da vəziyyət bənzərdir. Dünən Milli Məclisdə vəzifəsi "millətin vəkili" olan, amma millətin vəziyyətindən xəbərsiz olan deputatlarımız “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini müzakirə edib və qərar veriblər ki, gələcək il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürülsün. Yəni, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq, 246 manatdan 270 manata qaldırılıb. Belə ki, gələn əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində nəzərdə tutulub. Yəni pensiyaçılar üçün nəzərədə tutulan məbləğ uşaqlar üçün nəzərdə tutulandan da azdır.
Çox maraqlıdır, bu qanunun lehinə səs verən istənilən deputata 287 manat versək, bir ay dolana bilərmi? 287 manata axı nə almaq mümkündür?
Bu qanunla “bəli” deyən “baş bilənlər” sadəcə olaraq, insanların acından ölməməsi üçün sözügedən məbləği nəzərdə tutublar. İstehlak səbətində daha çox çörəyə yer verilir ki, hər bir şəxs gün ərzində acından ölməmək üçün gündə bir çörək alsa bu da ayda 21 manat edir. Bunun elektrik, su, qaz və internet xərcləri var.

Tutaq ki, istehlak səbəti 287 manat nəzərdə tutulmuş şəxs ay ərzində 1 kiloqram da ət aldı, bu da eləsin 15 manat. Bunun yağı var, düyüsü, qəndi, kartof-soğanı var. Hələ mən meyvə-tərəvəzi demirəm.

Bəs evi olmayanlar, kirayədə yaşayanlar? Eh, nə deyim, vallah bilmirəm...

Məncə, deputat seçkilərində xalq daha "ayıq" davranmalıdır. Gəlib əl-ayağını öpənə və ya təpədən-dırnağa yalvarana deyil, iş görə bilənə etibar edilməlidir. Yoxsa, hələ əli yağ-bal ilə oynayanlar və müxtəlif biznesləri olduğu üçün deputat mandatından toxunulmazlıq üçün istifadə edənlərin sayəsində istehlak səbətiniz boş qalacaq.

Müəllif: İlahin - Mənbə: Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.