Bakıya gələn Amerika rəsmisinə Moskvadan cavab verildi

7-12-2023, 00:12           
Bakıya gələn Amerika rəsmisinə Moskvadan cavab verildi
Azərbaycanla ABŞ arasında gərginlik pik həddə çatır
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Antoni Blinken arasında noyabrın 28-də
əldə edilmiş razılaşmaya uyğun olaraq, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi Ceyms O’Brayn dekabrın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki,
dövlət katibinin köməkçisi Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətləri möhkəmləndirməyi,
eləcə də Azərbaycan və Ermənistan arasında sülhə dəstəyi müzakirə edəcək.
Ceyms O’Brayn noyabrın 16-da Konqresin Xarici Əlaqələr Komitəsində çıxışında Azərbaycana
ünvanladığı sərt tənqidlər ikitərəfli münasibətlərdə ciddi gərginlik yaradıb. ABŞ rəsmisi
Azərbaycanı Ermənistana qarşı hərbi təcavüzə hazırlaşmaqda, sülh danışıqlarını pozmaqda,
Zəngəzur dəhlizini zorla açmaq niyyətində ittiham edib. Habelə Naxçıvana, Türkiyəyə İran
ərazisindən yol açmaqla Rusiyanın planlarına dəstək verdiyini iddia edib. O, bildirib ki, Dövlət
katibinin göstərişi ilə Azərbaycanın 19 sentyabrda Qarabağda keçirdiyi antiterror əməliyyatı ilə
bağlı araşdırma komissiyası yaradılıb. ABŞ rəsmisi onu da deyib ki, Azərbaycanın Ermənistana
hərbi təzyiqləri baş verərsə, ABŞ-ın Azərbaycana reaksiyası adekvat sərt olacaq. Ceyms O’Brayn
sülh əldə edilənədək iki ölkə arasında yüksək səviyyəli əlaqələri dayandırdığını elan edib.
Azərbaycan XİN dərhal bu bəyanata reaksiya verib və Birləşmiş Ştatlarla yüksək səviyyəli
münasibətlərin olmayacağını bəyan edib.
Amma bu gərginlik təmasların dayandırılmasına gətirib çıxarmadı. Əvvəlcə Azərbaycanın ABŞdakı səfiri Xəzər İbrahim Ceyms O’Braynla görüşdü, ardınca ABŞ rəsmisi Vaşinqtonun
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək olmaqda davam edəcəyini bəyan
etdi. Bundan sonra Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etdi və Ceyms
O’Braynın Bakıya səfəri razılaşdırıldı.
Qeyd edək ki, ABŞ rəsmisini səfəri ancaq Azərbaycana nəzərdə tutulub, daha sonra o Bakıdan
Ermənistana deyil, Rumıniyaya gedəcək.
Dövlət Departamentinin elan etdiyi kimi, Ceyms O’Braynın missiyası ikitərəfli münasibətlərdə
yaranmış problemləri və Azərbaycanın Ermənistanla sülh danışıqlarını müzakirə etməkdir.
Problemlər dedikdə, şübhəsiz, ilk növbədə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı,
sülhməramlıların hələ də Qarabağda qalması Birləşmiş Ştatları narahat edir. Ceyms O’Brayn
daha əvvəl dediyi kimi, Vaşinqton Azərbaycandan aydın siyasi mövqe tələb edir və Moskva ilə
münasibətlərini korreksiya etməsini gözləyir. ABŞ rəsmisi Bakıda aydınlaşdırmağa çalışacaq ki,
Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsi ilə eyni yolu tutmaq niyyəti var, yoxsa Rusiya, İran
və Türkiyə ilə birlikdə 3+3 formatına üstünlük verir.
Ceyms O’Braynın ikinci mühüm missiyası Ermənistanın təhülkəsizliyi, sərhədlərinin
toxunulmazlığı ilə bağlıdır. İrəvanda və Qərbdə hesab edirlər ki, Azərbaycan bu məsələdə açıqaydın mövqe ifadə etməyib. Bu barədə sonuncu dəfə Xarici işlər naziri Ararat Mirzoyan ATƏT
Nazirlər Şurasının iclasındakı çıxışında bəhs edib. O bildirib ki, rəsmi Bakı Ermənistanın 29.8
kv.km ərazidə ərazi bütövlüyünü tanıdığını deməkdən çəkinir.
Burada 19 sentyabr antiterror əməliyyatının Qərb üçün proqnozlaşdırılan olmamasının da rolu
var. Diplomatlar bildirilər ki, sona qədər Bakının belə bir əməliyyata başlayacağını gözləməyiblər.
Ceyms O’Brayn Prezident İlham Əliyevdən bu barədə açıq, birmənalı mövqe almağa çalışacaq:
Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyü, suverenliyi məsələsi nə deməkdir, hansı
əraziləri, sərhədləri əhatə edir və s.
Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının Qərb platformasında davam
etdirilməsi də ABŞ rəsmisinin gündəliyindədir. Onun, Bakıya gəlməzdən bir neçə gün əvvəl ABŞın danışıqları dəstəkləməyə hazır olduğunu bəyan etməsi təsadüfi deyil.
Səfər ərəfəsində baş verən bəzi hadisələr Bakıda ABŞ rəsmisinin heç də xoş qarşılanmayacağını
göstərir. Hazırda rəsmi və hökumətə yaxın mediada Birləşmiş Ştatlara, Avropa İttifaqına qarşı
kəskin tənqidi yazılar dərc edilir, verilişlər həsr olunur. Onların içində Milli Məclisin orqanı
“Azərbaycan” qəzetinin manşetində yer alan “Ağ evin Azərbaycana qarşı qərəzi və rəzaləti”
sərlövhəli məqalə xüsusi ilə diqqət çəkir. Bu günlərdə “Vaşintqon Post” qəzetində Azərbaycan
hakimiyyəti əleyhinə dərc olunmuş məqaləyə cavab təəssüratı bağışlayan yazıda ABŞ Prezidenti
Co Baydenin ailə üzvlərinin kriminal keçmişindən, cinayət əməllərindən bəhs olunur.
Bu gün isə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin XİN
rəhbərlərinin görüşündə iştirak etmək üçün Moskvada səfərdədir. O, Rusiya Xarici işlər naziri
Sergey Lavrovla ikitərəfli görüş keçirib.
“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illərdə Azərbaycan və Ermənistan
arasında münasibətlərin üçtərəfli sazişlər əsasında ən yüksək səviyyədə tənzimlənməsinə
yönəlmiş səylərin artırılması zərurəti təsdiqlənib”, – Rusiya XİN-in görüş barədə yaydığı
bəyanatda bildirilir.
Bu açıqlama rəsmi Bakının Ermənistanla danışıqlar prosesinin Qərb platformasında deyil, 44
günlük müharibədən sonra Rusiyanın egidası altında formalaşan üçtərəfli formatda davam
etdirlməsinə tərəfdar olduğunu göstərir. Yəni Ceyms O’Brayn Moskvadan səslənən bu
bəyanatdan artıq nəticə çıxarmalıdır.
ABŞ rəsmisinin narahat olduğu Bakı-Moskva münasibətlərinin dərinləşməsi məsələsi ilə bağlı
da ona mesaj verilib.
Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşdə bildirib ki, ikitərəfli münasibətlər daha da sıxlaşır
və ticarət dövriyyəsinin artacağını gözləyir.
Bayramov vurğulayıb: “Bakı və Moskva yüksək səviyyədə sıx əməkdaşlıq və siyasi dialoq
qurublar. Bakı və Moskva humanitar xarakterli və regional təhlükəsizlik məsələlərinə böyük
önəm verir”.
Qeyd edək ki, Ermənistan Rusiyanın iştirak etdiyi formatda Azərbaycanla sülh danışıqlarını
dayandırıb. Bu, İrəvanın qəti mövqeyidir, ya yox, onu demək çətindir. Hər halda, yaxın günlərdə
Sankt-Peterburqda baş tutacaq MDB liderlərinin sammitində Baş nazir Nikol Paşinyanın iştirak
edib-etməyəcəyi bu məsələyə aydınlıq gətirəcək. Paşinyan görüşə qatılsa belə, Prezident
V.Putinin iştirakı ilə Azərbaycan lideri ilə görüşməsi sual atlındadır.
Bu arada Ceyms O’Brayna daha bir pis xəbəri Ermənistan rəsmiləri çatdırıb. İddia olunur ki,
dünən Azərbaycan tərəfdən açılan snayper atəşi ilə bir erməni əsgəri öldürülüb. Bu xəbər
tanınmamış sərhədlərdə yeni hərbi toqquşmaların mümkün olduğunu göstərir. Sanki belə bir
mesaj var: Qərb regiona can atdıqca sülh yox, gərginlik yaranır, imkan verin, özümüz həll edək…
Turqut
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.