Azərbaycanda niyə növbədənkənar prezident seçkiləri elan olundu?

8-12-2023, 12:08           
Azərbaycanda niyə növbədənkənar prezident seçkiləri elan olundu?
Fərid Həsənov, İlkin Həsənov
Cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin olunub.

Növbədənkənar seçkilərinin keçirilmə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, İlham Əliyevin səslərin 86 faizini topladığı elan olunub. Müxalifət həmin seçkiləri boykot edib və müxalifət liderləri seçkidə iştirak etməyib.
Sonuncu prezident seçkisi də növbədənkənar, planlaşdırılandan yarım il əvvəl keçirilib.

2016-cı ildə keçirilən referendum seçkiləri nəticəsində Konstitusiyada dəyişilik edilərək prezidentlik müddəti 5 ildən 7 ildək uzadılıb.

Konstitusiyaya görə Prezident İlham Əliyevin prezidentlik səlahiyyəti 2025-ci ildə başa çatır.

İlham Əliyevin fevral seçki platformasının detalları hələ ki, məlum deyil.

Mərkəzi Seçki Komissiyasından BBC News Azərbaycancaya bildirilib ki, yaxın günlərdə növbədənkənar seçkilərlə bağlı qurum toplantı keçirib mətbuata məlumat verəcək.

Bu sərəncamı bəziləri gözlənilən hesab etsə də, digərləri təəccüblə qarşılayıb. Rəsmi açıqlama olmadığından, və rəsmi açıqlama almaq cəhdlərimiz baş tutmadığından növbədənkənar prezident seçkisi keçirilməsi barədə qərarını mümkün səbəblərini təhlilçilərdən soruşduq.

"Parlamentli respublikaya keçid"

Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, İlham Əliyev parlamentli respublikaya keçidə hazırlıq məqsədi ilə növbədənkənar prezident seçkisi keçirməyə qərar verib.

“Yəni seçkiləri tezləşdirməklə özünün növbəti 7 ildə hakimiyyətdə qalmasını qarantiyaya alır. Məqsəd isə növbəti 7 ildə digər daxili siyasi islahatları aparmaqdan ibarətdir".

Mehman Əliyev hesab edir ki, Azərbaycanda referendum keçiriləcək və bununla, ölkənin idarəetmə sisteminin yenidənqurulması həyata keçiriləcək.

"Daha sonra isə proporsional qaydada parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyini düşünürəm. Nəticədə, mənə elə gəlir, ilkin mərhələdə yarı-parlamentli, yarı-respublikalı bir sistem qurulacaq".

O düşünür ki, prezident seçkisi bu islahatlardan sonraya saxlanılarsa, bu, hökumət üçün risk yarada bilər. "Ona görə də, ilk olaraq prezident seçkiləri keçirilir ki, növbəti 7 ildə bu məsələyə artıq baxılmayacaq”, - Mehman Əliyev BBC Azərbaycancaya bildirib.

Bundan əlavə, təhlilçi son vaxtlar Avropa və ABŞ-la yaşanan gərginliyi, eləcə də araşdırmaçı jurnalistlərin, fəalların və tənqidi media qurumlarının hədəf seçilməsi kimi cəmiyyətə göstərilən təzyiqlərin artmasını da məhz bununla əlaqələndirir.

“Bizdə belə bir vəziyyət adətən mühüm hadisələr ərəfəsində baş verir. Bu beynəlxalq cəmiyyətə, eləcə də daxili ictimaiyyətə bir pre-emptiv (qabaqlayıcı) təzyiqdir ki, müəyyən proseslərə ciddi şəkildə qarışa bilməsinlər. Yəni hakimiyyət istəmir ki, nə Qərb, nə də cəmiyyət prezident seçkilərində vəziyyətə hansısa formada təzyiq edə bilsin”, - Mehman Əliyev qeyd edib.
“Ölkədə əlverişli seçki şəraiti yoxdur”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli hesab edir ki, elan edilən növbədənkənar prezident seçkiləri fonunda Azərbaycanda seçkilərlə bağlı şərait əlverişli deyil.

Onun sözlərinə görə, ölkədə son illər seçki təcrübəsinin təkmilləşməsi, seçki qanunlarının dəyişilməsi ilə bağlı heç bir addım atılmayıb.

“ATƏT-in beynəlxalq müşahidə missyası, yerli seçki təşkilatları, başqa siyasi partiyaların seçki təcrübəsi, seçki qanunvericiliyi ilə bağlı xeyli tövsiyələri vardı ki, bu işlər görülsün, amma hakimiyyət 10 ildən çoxdur, seçkilərlə bağlı heç bir dəyişikliyə getmir”, - Anar Məmmədli deyib.

Cənab Məmmədli bildirib ki, o son 10 ildə hakimiyyət nümayəndələrinin, Mərkəzi Seçki Komissiyasının, parlamentin seçki ilə bağlı beynəlxalq təşkilatlrın hansısa tövsiyəsini müzakirə etdiyini xatırlamır.

Onun fikrincə, ölkədə seçkilərin keçirilməsi üçün demokratik şərait "yoxdur".

“Ölkədə seçi öncəsi demokratik mühit də getdikcə pisləşib, müstəqil medianın fəaliyyəti yeni qanunun qəbulundan sonra daha da ağırlaşıb, ictimai birliklərlə bağlı vəziyyət 10 ilə yaxındır ki, dəyişməyib. Siyasi partiyalarla bağlı qanun qəbul edildi ölkədə partiyaların sayı azaldı. Siyasi həbslər davam edir”, - Anar Məmmədli deyib.

Son həftələrdə altı jurnalist qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.

Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə Meda Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə göstərilib.

Azərbaycanda hökumətin həbslərin siyasi mötivli olması iddialarını rədd edir və seçkilərin azad və demokratik şəraitdə keçirildiyini deyir.

“Azərbaycanın media siyasəti açıq və şəffafdır. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistləri “özünün köməkçisi” adlandırıb”, - hakim Yeni Azərbaycan partiyasından millət vəkili Hikmət Babaoğlu BBC Azərbaycancaya deyib.

Müxalifət iştirak edəcəkmi?

Azərbaycanın əsas müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyası hələ ki, seçkiyə gedib-getməyəcəyi barədə qərar verməyib.

Partiyanın sədri Əli Kərimli BBC Azərbaycancaya deyib ki, seçkilərə namizədliyini irəli sürüb-sürməyəcəyini partiyada hələ ki, müzakirə etməyiblər.

Onun sözlərinə görə, yaxın günlərdə partiyada müzakirələr aparılacaq və partiyanın qərarı ictimaiyyətə çatdırılacaq.

AXCP bundan öncəki prezident seçkilərini boykot etdiyini deyərək, onlara qatılmayıb.

Müsavat Partiyası da hələ ki, seçkilərlə bağlı bir qərar verməyib, partiyanın sədri Arif Hacılı Turan agentliyinə deyib.

"Gözlənilən sürpriz"
Siyasi təhlilçi Əhməd Əlili növbədənkənar prezident seçkisinin təyin edilməsini “gözlənilən sürpriz” adlandırıb.

Onun sözlərinə görə, hələ 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandıqdan sonra belə bir məqam ortaya çıxdı ki, 2025-ci il həm parlament, həm prezident seçkilərinin, həm də Rusiya qoşunlarının ölkədən çıxma tarixidir.

“Nəzərə alsaq ki, Rusiya qoşunlarının ölkədən çıxarılması ilə bağlı siyasi qərar may ayında verilməlidir, bu o deməkdir ki, 2025-ci ilin böyük bir müddətinin bu məsələnin müzakirəsi ətrafında keçməsi gözlənilir. Ona görə də, hələ o vaxt 2025-ci ildə nəzərdə tutulan ya parlament ya da prezident seçkisinin vaxtının dəyişdirilməsinin mümkünlüyü proqnoz edilirdi” – Əhməd Əlili BBC Azərbaycancaya deyib.

Müşahidəçilər və təhlilçilər hesab edir ki, İlham Əliyevin reytinqi işğal altında olmuş torpaqların geri qaytarılmasından sonra artıb.

Azərbaycanlı siyasi təhlilçi Fərhad Məmmədov AFP agentliyinə deyib ki, Prezident Əliyevin reytinqi hər zaman yüksək idi və sentyabrda Qarabağda keçirilmiş əməliyyatlardan sonra daha da yüksəlib. "O populyarlığının zirvəsindədir", politoloq deyib.
“Ən asanı prezident seçkisidir”
Seçki eksperti Anar Məmmədli hansı zərurətdən seçkinin keçirilməsi barədə dəqiq fikir ifadə edə bilməyəcəyini deyib, amma ehtimal edir ki, növbəti iki seçki eyni ilə düşür deyə hakimiyyət onlardan birini növbədənkənar keçirməyə qərər verib.

O hesab edir ki, prezident və parlament seçkiləri 2025-ci ilə düşür və "ola bilsin ki, birinin vaxtını - prezident seçkilərini əvvələ salıblar".

"Azərbaycanda seçki təqvimi belə formalaşıb ki, 2024-cü ilin dekabrında bələdiyyə seçkiləridir, 2025-ci ilin fevralında parlament seçkiləridir, apreldə də prezident seçkiləridir".

Onun fikrincə, bir-birinin ardınca üç seçki ölkənin gündəmini zəbt edə bilər.

"Bələdiyyə seçkilərinin vaxtını dəyişmək doğru deyildi, bələdiyələr formalaşır və beş ilərzində fəaliyyət göstərirlər. Həm də indi Azərbaycanda bələdiyyə seçkilərini qabağa salmaq asan deyil, texniki baxımdan çətin prosesdir. İşğaldan azad edilmiş ərazilərdə də bələdiyyələr formalaşmalıdır indi görək gələn il onu edə biləcəklərmi. Elə hesab edirəm ki, hakimiyyət üçün texniki baxımdan ən asan təşkil olunan seçki elə prezident seçkisidir, nə qədər paradoksal səslənsə də”, - Anar Məmmədli deyib.

Cənab Məmmədli "hətta beynəlxalq müşahidəçilərin də gələcəyinə və partiyaların qatılacağına" şübhə edir.

"Qalib gələcəyini hamı bilir"
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Naqif Həmzəyev hesab edir ki, prezident seçkilərin növbədənkənar keçirilməsinə "ehtiyac yarandığı üçün" belə bir sərəncam imzalanıb.

"Azərbaycan xalqı onsuz da prezident cənab İlham Əliyevi həmişə dəstəkləyib və xalqın böyük əksəriyyətinin səsini həmişə cənab prezidentə verib. Yeni Azərbaycan Partiyası qalib partiyadır və onun namizədi cənab İlham Əliyev olduğu üçün biz həmişə seçkiləri qələbə ilə baş vurmuşuq", o Turan agentliyin' deyib.

O hesab edir ki, prezident seçkilərində İlham Əliyevin qalib gələcəyi "hər kəs tərəfindən bilinir və bu seçkilərin 1 il tez və ya 1 il gec keçirməyinin heç bir fərqi olmayacaq".
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.