“PUTİNİN ƏSAS DÜŞMƏNİ MİLLƏTÇİLƏRDİR” – “Kreml “qara qu quşu”na hazırlaşır”

15-01-2024, 00:05           
“PUTİNİN ƏSAS DÜŞMƏNİ MİLLƏTÇİLƏRDİR” –
Yanvarın 12-də Ukrayna ilə Böyük Britaniya arasında “Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş” adlı sənəd imzalanıb. Britaniya bu il Ukraynaya 2,3 milyard funt sterlinq dəyərində hərbi yardım ayıracaq. ABŞ-nin də Ukrayna ilə belə bir saziş imzalayacağı gözlənilir. Buradan belə nəticə çıxarmaq olar ki, Qərb Ukraynaya qələbə üçün lazımi səviyyədə kömək göstərməsə də, onun məğlubiyyətə uğramasına da imkan verməyəcək. Deməli, müharibə hələ naməlum müddətə qədər uzanacaq.

Kremldə də vəziyyəti anlayırlar və bu səbəbdən də ictimaiyyəti qıcıqlandıra biləcək səfərbərlik kampaniyası əvəzinə fəal şəkildə Özəl Hərbi Şirkətlər yaradılmasına girişiblər. Belə ki, son vaxtlar Rusiya dövlət strukturları arasında Özəl Hərbi Şirkətlər adlandırılan birləşmələrin gücləndirilməsinin yeni dalğası başlayıb. Hələ də mövcudluğunu davam etdirən “Vaqner”lə yanaşı Putinin “Vahid Rusiya” partiyası ölkədəki futbol fanatlarından ibarət hərbi dəstə yaratmağa başlayıb.

Ukraynanın “Qlavred.info” saytına müsahibəsində UDA (УДА-Украинская Добровольческая Армия - Ukrayna Könüllülər Ordusu) rəhbərliyinin informasiya məsələləri üzrə müşaviri, politoloq Vadim Denisenko Rusiyadakı mövcud vəziyyəti şərh edərkən Kreml tərəfindən Özəl Hərbi Şirkətlərin yaradılması, onların gücləndirilməsi səbəblərindən, Rusiyadakı alternativ seçkilərin perspektivindən və bu ölkənin daxilində meydana gələ biləcək mümkün etirazlardan danışıb.

Həmin müsahibəni təqdim edirik:
- Ukrayna Baş Kəşfiyyat İdarəsindən bəyan ediblər ki, ”Vahid Rusiya” partiyası Rusiya futbol komandalarının fanatlarından, radikal millətçilərdən ibarət “Espanyola” Özəl Hərbi Şirkət yaradır. Bu meyl nəyi göstərir, niyə Rusiya Federasiyasının demək olar ki, az qala hər bir dövlət strukturu belə hərbi qruplar yaradır?

- Mən bu cür meyl barədə heç nə deyə bilmərəm. Həqiqətən də “Espanyola” yaradılması haqqında informasiya var, lakin bu onunla bağlıdır ki, indi Rusiya hakimiyyəti anlayır ki, onun başlıca düşməni liberallar yox, ifrat millətçilər və ura-vətənpərvərlərdir. Rusiya hakimiyyətinin onları müəyyən istiqamətə doldurma üsullarından biri də Özəl Hərbi Şirkətlərin yaradılmasıdır. Bir tərəfdən belə adamların bəziləri həbsə atılır, məsələn, biz bunu Qirkin-Sterkovun timsalında görürük, həm də üç-dörd gündən bir Rusiya Federasiyasının bu və ya digər regionunda millətçiləri həbs edirlər. Onların bir hissəsi də marginallaşdırılıb. Hərbi müxbirlərin timsalında bu görünür, belələrini sadəcə satın alırlar və onlar bütün Kreml KİV-ləri ilə səs-səsə verirlər. İrəlidə “Espanyola”nın necə görünəcəyini söyləmək çətindir.

- Ancaq əgər Rusiyanın ən məşhur Özəl Hərbi Şirkəti kimi tanınan “Vaqner”lə bağlı vəziyyətə qayıtsaq, hətta Priqojinin məhv edilməsindən sonra da bu qrup ortalıqdan itmədi, əksinə ona sponsorluq davam edir, lakin bu dəfə “Vaqner” Rusiya Müdafiə Nazirliyinə tabedir. Deməli, ondan imtina etmədilər...

- Onların vəziyyət başqa cürdür. Əslində “Vaqner”i bu gün iki yerə bölüblər. Birincisi, Afrika hissəsidir ki, oradakı bütün proseslər bir tərəfdən müdafiə nazirinin müavini Yunusbek Yevkurovun idarəçiliyindədir, digər tərəfdən isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin (xarici kəşfiyyat) nəzarətindədir. Afrikadakı aktivlər Rusiya iqtisadiyyatı və onun dünyada gərginlik ocaqları yaratması üçün vacibdir. Xüsuslə qeyd etmək lazımdır ki, Rusiyanın Afrikadakı ən böyük layihəsi Burkina-Fasoda AES inşasıdır. ”Vaqner”in Afrika qrupunun bir hissəsi olmadan bunu etmək mümkün deyil. Amma qeyd edirəm ki, bu Özəl Hərbi Şirkət ikiqat tabeçilik altındadır və müdafiə nazirinin müavininə müstəsna səlahiyyətlər verilib.
Ətraflı

“Vaqner”in ikinci hissəsi Ukraynadadır və buraya yığılanlar əsasən dustaqlardır və onları Rusiya qvardiyasına veriblər. Buna Putinin daima balans və ziddiyyət yaratmaq üsulu kimi baxmalıyıq. Putin qvardiyanın rəhbəri Viktor Zolotovu gücləndirməklə, Gerasimov və Şoyqunun simasında ordu ilə qismən balans yaradır.

- Yeri gəlmişkən, əvvələr Şoyqu da öz şəxsi dəstəsini yartmışdı və bu onun özəl ordusu adlandırılırdı...

- Deyirlər ki, ”Redut” Özəl Hərbi Şirkəti Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının baş idarəsinın (xarici kəşfiyyat) nəzarətindədir. İqor Kostyukovun rəhbərliyi altında onunla baş idarə məşğul olub. Lakin bu gün “Redut” cəbhədə müstəqil qüvvə kimi yox, müqaviləçilər dəstəsinin hansısa mərkəzi funksiyasını yerinə yetirir. Yəni onun funksiyası “Vaqner”dən fərqlənir və bu qrup Rusiyanın birbaşa səfərbərlikdən yayınması üçün fəaliyyət göstərən elementlərdən biridir.

- Prezident seçkiləri ərəfəsində Özəl Hərbi Şirkətlərin yaradılması prosesinin aktivləşməsi və onların maliyyələşməsinin artırılması Kremlin hələ də etirazçılardan qorxmasını və lazım gəldiyi halda onları önləmək üçün yollar axtardığını göstərmirmi?

- Bu hadisəyə “Vaqner”in təkrarlanması kimi baxmaq səhvdir, belə bir ssenari ehtimalı minimumdur, hətta bəlkə də sıfırdır. Ən azından prezident seçkilərinə qədər. Amma eyni zamanda Kreml həmişə belə hadisələrdən qorxur, ona görə də Putin balans saxlamağa çalışır. Özəl hərbi birləşmələri olan müxtəlif müəssisələr var və onlar çox vaxt bir-birləri ilə rəqabət aparırlar. Putin “qara qu quşu”nu hərbçilərdən yox, sosial-iqtisadi vəziyyətdən gözləməlidir. Böyük ictimai etirazların baş qaldırması şərti olaraq “yumurta böhranı”ndan başlayaraq hər şeydən başlaya bilər. Moskva ətrafında və ya Volqoqradda trubalar partlayıb və minlərlə insan istiliksiz və işıqsız qalıb...

- Bu cür ictimai kataklizmlər Putinin və bütövlükdə Rusiya hakimiyyətinin reytinqinə nə dərəcədə ciddi təsir göstərir?

- Yəqin ki, Putin seçikləri 80-85 faiz üstünlüklə qazanacaq. Əslində, seçkiyə gələnlər üçün onun real reytinqi 73-74% təşkil edir. Bu nöqteyi-nəzərdən belə hadisələrin Putinə az aidiyyətı var, çünki nə korrupsiya, nə də hansısa məişət hadisələrini onun üstünə yapışdırmayacaqlar. Axı, rusiyalılar Putinin haqsız olduğunu anlasalar da, onu qoruyan sipər çəkirlər. Bu, Rusiyadak bütöv vəziyyətə təsir edəcəkmi? Bəli. Amma ilk növbədə həyat şəraitinin pisləşməsinə təsir göstərəcək. Hazırda rusiyalıların 42%-i həyat şəraitinin pisləşməsindən şikayətlənir. 2024-cü il ərzində Rusiya müdafiə sənayesinin böyüməsi əsas etibarilə orta sinif rusiyalıların həyatının pisləşməsi və həmçinin inflyasiya və rublun devalvasiyası hesabına gedəcək. Ona görə də Rusiya əhalisinin təxminən yarısı öz rifah səviyyələrinin ağırlaşmasından danışacaq. Bunun hər hansı üsyana gətirəcəyini söyləmək çətindir, çünki bu gərilmiş yayın harada qırılacağını dünyada heç kim bilmir. İndi onu deyə bilərik ki, Rusiya hakimiyyəti ölkədə hətta yalançı müxalifətin də qalmaması üçün hər şeyi edib. Hətta kommunistlər və Rusiya Liberal Demokrat Partiyası siyasi landşaftdan silinir, onları süni tənəffüslə saxlayırlar. Hələlik hakimiyyət onlarla nə edəcəyini, yəni bu partiyaların növbəti parlamentə buraxılıb-buraxılmaması ilə bağlı hansı qərarı verəcəyini bilmir. İndiki seçkilərin yeganə intriqası cəmi üç faiz ictimai dəstəyi olan kommunistlərə neçə faiz yazılmasıdır.

- Siz Mark Feyqinin Rusiyada biometrik pasportlarla qeydiyyatdan keçmək şərti ilə onlayn seçki keçirilməsi niyyəti ilə bağlı səsləndirdiyi bəyanatı necə şərh edərdiniz? Ümumiyyətlə, bu cür təşəbbüslərlə alternativ hakimiyyətin yaradılması ideyasına necə yanaşılmalıdır?

- Doğrusu, mən bu bəyanatı görməmişəm, lakin fikrimcə, Rusiyada təbiətcə liberal adlandırılan müxalifət ümumiyyətlə mövcud deyil və ya vəziyyətə təsir etmək iqtidarından uzaqdılar. Burada seçiklərdə qeydiyyatdan keçməklə hakimiyyətə qarşı olduğunu təsdiq etmək məqsədi güdülür. Yəni bu, etirafdır. Bu, hələ yayda öz namizədliyinin dəstəklənməsi üçün on milyon imza toplayacağı təqdirdə namizədliyini irəli sürəcəyini söyləyən Qriqori Yavlinskinin dəstəklənməsi kimi bir şeydir. Bunun baş tuması üçün gərək on milyon rusiyalı “biz müharibənin əleyhinəyik” deməliydi və ona görə də onlar müvafiq olaraq 7-8 il həbs cəzası almalıydı. Əlbəttə, bunu heç kim etməyəcəkdi, çünki bütün bunlar Kremlə işləyən ölü doğulmuş ideyalardır. Axı, hazırda gündəmdə müharibə əleyhinə nəysə yoxdur və heç kim bu cür ideyaları dəstəkləməyəcək.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.