“O “ocaqları” söndürməsək, narkomaniyanın qarşısını ala bilməyəcəyik” – İBRAHİM RÜSTƏMLİ

15-01-2024, 11:28           
“O “ocaqları” söndürməsək, narkomaniyanın qarşısını ala bilməyəcəyik” –
“Narkomaniyaya qarşı mübarizə bütövlükdə Azərbaycan xalqının işidir…”

“Narkotiklə mübarizə birbaşa ölkənin milli təhlükəsizliyi ilə bağlı olan məsələdir”

“Biz dövlətimizin, xalqımızın gələcəyi üçün sağlam nəsil yetişdirməliyik. Bunun üçün də gənclərimizi, yeniyetmələrimizi daha çox maarifləndirməliyik”

Azərbaycanda narkomaniyaya və narkotik ticarətinə qarşı ciddi mübarizə gedir. Demək olar ki, hər gün müxtəlif KİV-lərdə onlarla narkotik alverçisinin yaxalandığı, külli miqdarda narkotik vasitənin ələ keçirildiyi, eləcə də narkomanlarla bağlı müvafiq tədbirlərin görüldüyü haqda informasiya verilməkdədir. Bununla yanaşı, istər rəsmi qurumlar, istər təşkilatlar, istər də ayrı-ayrı media subyektləri zaman-zaman narkomaniyanın zərərləri haqda maarifləndirici tədbirlər də təşkil edirlər ki, gənclərimizi bu bəladan uzaq tuta bilək. Lakin bəzi hallarda mediada və sosial şəbəkələrdə narkomanlarla bağlı elə məlumatlar da verilir ki, əksinə, yeniyetmə və gənclərimizi narkomaniyaya, kriminala meylləndirir. Bu səbəbədən, əminliklə deyə bilərik ki, narkomaniyanın kökünün kəsikməsi sahəsində mətbuatın da üzərinə böyük yük düşür. Stopnarkotik.az-ın əməkdaşı məhz bu mövzu ətrafında Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli ilə müzakirə aparıb.

- Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə çərçivəsində hər gün demək olar ki, onlarla şəxs həbs olunur. Sizcə, bu mübarizə qənaətbəxşdirmi?

- Narkotiklə mübarizə məsələsi ilə bağlı vəziyyət yaxın vaxtlara kimi heç də yaxşı deyildi. “Patı”, heroin, kokain və bu kimi narkotiklər, psixotrop maddələr Azərbaycanda çox geniş yayılmışdı. Hətta çox böyük təəssüf hissiylə diqqətinizə çatdırmaq istəyirəm ki, narkotik alverçiləri həm də təhsil ocaqlarına yol açmış, azyaşlı uşaqların həyatına daxil olmuşdular. Uşaqları bu və ya digər şəkildə - saqqız, sakitləşdirici vasitə, arıqladıcı dərman və s. kimi başlarını aldada-aldada psixotrop maddələrə, bu zəhərə aludə edirdilər. Mən təhsil sahəsində çalışdığım üçün bilirəm ki, bu cür hallar bir müddət məktəblərimizdə tez-tez baş verdi. Amma Elm və Təhsil Nazirliyinin şəxsən bu məsələyə sərt münasibəti, eyni zamanda təhsil ocaqlarının mühafizəsinin yaxşı halda gücləndirilməsi və s. tədbirlər bu cür halların qarşısını kəskin şəkildə aldı. O cümlədən, şəxsən mənim dərs dediyim 287 nömrəli “Zəkalar” Litseyində Daxili İşlər Nazirliyi əməkdaşlarının narkotiklə mübarizə ilə bağlı xidmətdə olan heyətinin şagirdlərimizlə görüşü böyük əhəmiyyət daşıdı.

Yəni dünənə kimi vəziyyət çox pis idi. Hətta məhəllələrdə açıq şəkildə uşaqların, yeniyetmələrin, gənclərin bu maddənin təsiri altında gəzməsi halları adi görüntülərə çevrilmişdi. Amma son vaxtlar tam məsuliyyətimlə deyə bilərəm ki, bu sahədə müsbət irəliləyiş var. Mən güman edirəm ki, bu göstəriş şəxsən Azərbaycan Prezidenti tərəfindən gəldi. Çünki ölkəmizdə narkotiklərə qarşı mübarizədə kardinal dəyişikliklər baş verdi. Hətta mənim yaşadığım ərazidəki narkotacirlər, narkomanlar və bu işlə əlaqəsi olanlar hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olundular. İndi onların sayı azalıb.

Ancaq bir şeyi diqqətə çatdırmaq istəyirəm ki, narkotik ən ciddi, çoxlu gəlir gətirən biznes vasitələrindən biridir. Narkotik satışıyla çox adamlar varlanıblar. Yəni bu yüngül qazancdır. Bilirsiniz ki, bunun da əsas hissəsi xüsusilə bizim cənub qonşumuzdan, İrandan gəlir. Həmin narkotikin qarşısının alınmasında Dövlət Sərhəd Xidmətinin əməkdaşları ciddi-cəhdlə çalışırlar. Amma yenə də sızmalar olur. Sadəcə, əvvəlki dövrlərlə müqayisədə narkotiklərə qarşı mübarizə məsələsində çox ciddi dönüş yaranıb. Mən, buna görə, ilk növbədə Daxili İşlər Nazirliyinin əməkdaşlarına öz minnətdarlığımı bildirirəm.

- Hazırda həbsxanalarda cəza çəkən şəxslərin təxminən yarısı məhz narkotiklə əlaqədar həbs olunub. Lakin hələ də bu bəladan cəmiyyətimiz xilas ola bilmir. Sizcə, bunun səbəbi nədir?

- Cəmiyyətimizin bu bəladan hələ də xilas ola bilməməsinin əsas səbəbi ətraf mühit, narkotik biznesinin çox güclü olmasıdır. Yəni narkotik ilə qısa müddətdə milyonçu olanlar var, asan gəlir vasitəsidir. İnsanları 5-10 manatla aldadır, yoldan çıxarırlar. Onların həyatını məhv edirlər. Hər bir insan, Azərbaycan vətəndaşı bu məsələdə prinsipial mövqe sərgiləməsə, bu problemə qarşı qəti mövqeyini göstərməsə, bunun qarşısını almaq mümkün olmayacaq.

Mən sizə deyim ki, keçmiş sovetlər dönəmində də bu hallar tez-tez baş verirdi. Bakının müəyyən ərazilərində narkotik satışı ilə bağlı ad çıxarmış rayonlar, qəsəbələr, kəndlər var idi. Mən onların adlarını çəkmək istəmirəm. İstəmirəm ki, kiminsə xətrinə dəyəm. Amma ixtisaslaşmış ərazilər var idi ki, bu ərazilərdə birbaşa narkotik biznesi həyata keçirilirdi.

İndi hər bir Azərbaycan vətəndaşı narkotikin mahiyyətini dərk etməlidir, başa düşməlidir ki, bu “ağ ölüm”dür, insanların həyatını məhv edir. Eyni zamanda, bu məsələdə Kütləvi İnformasiya Vasitələrinin üzərinə də çox böyük məsuliyyət düşür. Narkotikdən əziyyət çəkən, narkotikə görə həyatını itirən, narkotikə görə əzablara, xəstəliklərə düçar olan adamların, anonim də olsa çıxışlarını tez-tez ekranlarımızda səsləndirməliyik, göstərməliyik. Müxtəlif vasitələrdən istifadə etməliyik. Bir sözlə, narkotikə qarşı mübarizədə hər bir vasitədən istifadə etmək lazımdır. Yeri gəlsə, həbsxanadan, narkotik asılılarının müalicə olunduğu xəstəxanalardan reportajlar hazırlamaq lazımdır.

“Ağ ölüm”ün fəsadları ilə bağlı tez-tez reklam çarxları, video-çarxlar hazırlanmalı, göstərilməlidir. Əyani olaraq insanlara başa salınmalıdır ki, bu, çox təhlükəli tendesiyadır, bunun qarşısı alınmalıdır. Yəni bunun qarşısını almağı yalnız Daxili İşlər Nazirliyinin, yaxud da digər rəsmi qurumların üzərinə atmaq doğru deyil. Bu, elə qlobal problemdir ki, onun öhdəsindən hansısa bir nazirliyin gəlməsi mümkün deyil. Biz hamımız bu bəlaya qarşı mübarizə aparmalıyıq. Mən müəllim kimi, siz jurnalist kimi, digəri həkim kimi, o birisi mühəndis kimi və sair və ilaxır. Hamımızın mövqeyi bir olmalıdır. Əslində, biz bu məsələ ilə bağlı daha prinspial mövqe sərgiləməliyik. Çünki bizim də ətrafımızda bununla məşğul olan, biznesini reallaşdıran, narkotikdən istifadə edən adamlar var. Bu adamlara qarşı son dərəcə kəskin mövqe sərgiləməliyik ki, onların əli, ayağı yığışdırılsın. Və yaxud, bu barədə hüquq mühafizə orqanlarına məlumat verməliyik. Bilirsiniz, narkotiklə mübarizə birbaşa ölkənin milli təhlükəsizliyi ilə bağlı olan məsələdir. Biz dövlətimizin, xalqımızın gələcəyi üçün sağlam nəsil yetişdirməliyik. Bunun üçün də gənclərimizi, yeniyetmələrimizi daha çox maarifləndirməliyik. Əks təqdirdə, heç bir uğura nail ola bilməyəcəyik, müəyyən müddətdə bunun qarşısı alınacaq, daha sonra yenidən dövriyyəsi genişlənəcək. Bu, elə bir bəladır ki, kütləvi mübarizə tələb edir.

- Sizcə, 2024-cü ildə narkomaniyadan xilas olmaq üçün daha hansı işlər görülməlidir?

- Yeni ilimiz gəlib. 2024-cü ildə narkotiklə, narkomaniyaya qarşı mübarizə sahəsində görə biləcəyimiz işlərdən nələri sadalaya bilərəm: Daxili İşlər Nazirliyi əməkdaşlarının orta məktəblərdə, təhsil ocaqlarında daha intensiv şəkildə görüşü keçirilməlidir. Daha intensiv şəkildə narkomaniya və narkotiklə bağlı video-çarxlar, reklamlar, video-sujetlər hazırlanmalı, bu barədə daha çox danışmalıyıq. Yəni onun ziyanları, fəsadları, ölümcül təsiri haqqında xüsusilə yeniyetmə və gənclərə daha ətraflı məlumatlar verməliyik. Ətrafımızda olan narkomanlarla bağlı daxili işlər orqanlarının əməkdaşlarına müraciət etməliyik. Bilirsiniz, xalqın təpkisi çox ağır olur. Xalq öz təpkisi ilə güclüdür. Xalqın vuran əli həmişə güclü olur. Bu mənada deyirəm ki, narkomaniyaya qarşı mübarizədə yalnız DİN-in, DSX-nın, DTX-nın, ümumilikdə hüquq mühafizə orqanlarının işi deyil. Bu, bütövlükdə Azərbaycan xalqının işidir. Çünki bu, təkcə Daxili İşlər Nazirliyinin, adlarını sadaladığım və sadalamadığım digər qurumların problemi deyil. Bu, Azərbaycan xalqının problemidir. Bu problemə qarşı xalq olaraq mübarizə aparmalıyıq. Bir daha təkrar edirəm, cənub qonşumuzdan dəyəri milyardlarla ölçülən tonlarla “ağ ölüm” gəlir ki, onlara qarşı daha sərt tədbirlər görməliyik.

Mənə elə gəlir ki, narkomaniya ilə bağlı qanunun maddələrində çox ciddi dəyişikliklərə ehtiyac var. Bu da elə dəyişikliklər olmalıdır ki, insanlar o “zibil”ə əlini uzatmağa cəsarət etməsinlər. İnsanlar bilməyərəkdən, ya bilərəkdən bu işə qurşanır, həyatı da məhv olur. Hətta təkcə özünün deyil, bütün doğmalarının həyatını məhv edir. Narkotik cəmiyyətimizdə “qara yara”ya çevrilib. Yəni qara xəbər tez duyulduğu kimi, bu “qara yara” da insanları özünə maqnit kimi çəkir. Dərslərimizdə də bu barədə demişik. Bir daha təkrarlamaq istəyirəm ki, yaxşı vərdişlərə aludə olmaq çətindir, amma onlarla yaşamaq asandır. Pis vərdişlər, o cümlədən də narkomaniyaya aludə olmaq asandır, onunla yaşamaq çətindir.

İnsanlarımızla tez-tez maarifləndirmə istiqamətində söhbətlər aparmalıyıq. Yenə də deyirəm, xüsusilə orta və ali təhsil ocaqlarında bu söhbətlər intensiv aparılmalıdır. Xüsusi xidmət orqanları, DİN-in əməkdaşları gözəl bilirlər, narkomaniya ilə bağlı ölkəmizdə müəyyən “ocaqlar” var, o “ocaqları” söndürmək lazımdır. O “ocaqları” söndürməsək, biz narkomaniyanın qarşısını ala bilməyəcəyik. Birdəfəlik bilməliyik ki, burda söhbət Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcəyindən gedir. Ayrı-ayrı adamların şəxsi məqsədləri, şəxsi ambisiyaları, varlanmaları məqsədilə bu çirkin işlərə əl atmalarına yol vermək olmaz. Onlar da başa düşməlidirlər ki, bu, xalqın gələcəyi, milli təhlükəsizliyi üçün böyük bir təhdiddir. Odur ki, hamılıqla narkomaniyaya qarşı mübarizə aparmalıyıq.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.