80 il sonra ilk yaşandı – İki tarixi düşmən Rusiyaya qarşı birləşir

Bu gün, 08:24           
80 il sonra ilk yaşandı – İki tarixi düşmən Rusiyaya qarşı birləşir
Britaniyanın Baş naziri Kir Starmer ilə Almaniyanın kansleri Fridrix Mertz müdafiə sahəsində əməkdaşlıq və dostluq müqaviləsi imzalayıblar. Mövcud geosiyasi şəraitdə, əsasən də ABŞ və Avropa ölkələri arasında yaşanan fikir ayrılıqları fonunda bu məsələ xüsusi diqqət çəkir. Analitiklərin fikrincə, sözügedən müqavilə NATO daxilində yeni güc balansı yarada bilər. Bu, həm də Rusiyanın artan təzyiqlərinə qarşı kollektiv cavab kimi qiymətləndirilir.

Eyni zamanda iki böyük Avropa ölkəsinin razılaşması regionda yeni bir müdafiə dinamikasının formalaşmasına səbəb ola bilər. Müqavilənin gələcəkdə birgə hərbi əməliyyatlar, müdafiə texnologiyalarının paylaşılması və strateji mövqelərdə daha sıx əməkdaşlıq kimi addımlara yol açması imkanları müzakirə edilir.

London və Berlin Moskvaya qarşı güclərini birləşdirir? Müqavilə gələcəkdə hansı addımlara əsas yarada bilər?
TEREF xəbər veirir ki, Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi müxtəlif dövlətlər arasında ittifaqların güclənməsinə səbəb olub:

“İkinci Dünya müharibəsindən sonra Almaniya ilə belə sazişlərin imzalanması nadir hal idi, çünki o ölkədə böyük bir ordu mövcud deyildi. Lakin Rusiya-Ukrayna müharibəsi rəsmi Berlini müdafiə xərclərini artırmağa və ordusunu gücləndirməyə məcbur edib. Bundan əlavə, Almaniya, Fransa və Böyük Britaniya müdafiə sahəsində sıx əməkdaşlıq etməyə başlayıblar. Halbuki, əvvəlki illərdə Avropa ölkələri müdafiə sahəsində bir-biri ilə çox əməkdaşlıq etmirdilər. Bunun əsas səbəbi isə təhlükənin olmaması idi. Hazırda Rusiya təhlükəsi fonunda müxtəlif region dövlətləri arasında müdafiə əməkdaşlığı güclənir”.


Politoloq qeyd edib ki, Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Latviyada hərbi baza qurub:

“Bütün bunlar Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi nəticəsində baş verir. Müharibə davam etdikcə, Avropa ölkələri arasında yeni hərbi ittifaqlar yaranacaq və dövlətlər müdafiə xərclərini artırmağa məcbur olacaq. Artıq Fransa da bu barədə qərar qəbul edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru