Putinə “kitayski” dəstək

16-01-2024, 08:38           
Putinə “kitayski” dəstək
Çinin Rusiyaya genişmiqyaslı hərbi yardım göstərməkdən imtina etməsinə baxmayaraq, oradan
silahlar üçün komplektləşdirici detallar, məsələn, hərbi üçün zəruri olan mikrosxemlər kütləvi
daxil olur. Kremldə Pekini müttəfiq adlandırmağı sevsələr də, hətta sistem siyasətçiləri də etiraf
edirlər: iki ölkənin əməkdaşlığı Rusiyadan çox Çinin xeyrinədir və vəziyyət hər gün daha da
ağırlaşır. Vladimir Milov hesab edir ki, Si Tsinpinə Putin rejiminin çökməməsi və Qərbi
“dişləməkdə” davam etməsi lazımdır, amma Çin Rusiyanın güclənməsində əsla maraqlı deyil və
onun donoru olmağı arzulamır.
Pekinin Moskvaya köməyinin miqyasını şişirtmək lazım deyil. Putinin kəskin ehtiyacına
baxmayaraq, Çin Rusiyaya cəbhədə istifadə etmək üçün silah və sursat vermədi. Xeyli ikinci
dərəcəli mallar göndərilir, onlar da Rusiyanın müharibə aparmaq imkanını dəstəkləsə də, döyüş
meydanında dönüşü təmin edəcək deyillər. Beləliklə, Çin müəyyən edilmiş “qırmızı xətti” bu və ya
digər şəkildə tapdamır, pis nəticələri barədə Qərbin xəbərdar etdiyi silah tədarükünü həyata
keçirmir.

İqtisadiyyata gəlincə, burada da hər şey elə də bəsit deyil. Faktiki olaraq, Çin bu gün Qərb
mallarını özününkü ilə əvəzləməkdən başqa heç nə etmir. Amma birincisi, bunu da böyük
qazancla edir. Məsələn, Rusiya bazarında Çin avtomobilləri Çinin özündə olduğundan iki dəfə
bahadır; “Novatek” qaz şirkəti isə ABŞ-ın “Baker Hughes” turbinlərinin yerinə Çinin “Harbin
Guanghan” turbinlərini almasına görə “Arktik SPQ-2” layihəsinin smetasını təxminən 4 milyard
dollar artırmalı olub.
Nəticədə, 2023-cü ilin 11 ayı ərzində Çinin Rusiyaya ixracı 100 milyard dolları ötüb və Rusiyanın
Çinə ixracından azacıq dala qalır: ötən il Rusiya-Çin ticarətinin saldosu kəskin azalıb. Çin
Rusiyadan əsasən xammal və birinci istehsal məhsulları idxal edir, həm də xammal
ixracatçılarından ciddi endirimlər qoparmağa çalışır, özü isə Rusiyaya hazır mürəkkəb məhsullar
göndərir. Belə tendensiya ilə iki ölkə arasında ticarət saldosunun Rusiya üçün mənfi olacağı gün
uzaqda deyil. Başqa sözlə, formalaşan ticarət modeli Çin üçün getdikcə daha sərfəli olur.
İkincisi, Qərb ölkələrindən fərqli olaraq, Çin Rusiya sənayesinin inkişafının donoru olmağa
hazırlaşmır və emal sənayesi bazarında Rusiyanı rəqib kimi görməkdə maraqlı deyil. Moskva
meri Sergey Sobyanin bu yaxınlarda Şərq ölkələrinin “Rusiyaya qarşı əsl iqtisadi müharibə”
apardıqlarını, sənayenin inkişafı üçün komponentlər və texnologiyalar vermək istəmədiklərini
deyəndə məhz bunu nəzərdə tuturdu.
Yeni il öncəsi “Kommersant”a müsahibəsində baş nazirin birinci müavini Andrey Belousov da
oxşar fikirlər səsləndirib: “Aydın başa düşməliyik ki, dost ölkələrin bazarlarında bizi kimsə
gözləmir. Həmin bazarlar ya dost ölkələrin öz məhsulları ilə, ya da onların rəqibləri – elə həmin
Avropa məhsulları ilə tutulub… İndi Rusiya məhsulları nə Çində, nə Hindistanda, nə Vyetnamda
var”.
Belousov Rusiya məhsullarının həmin bazarlarda peyda olacağına ümid edir, amma bu,
illüziyadır. Rusiya məmurlarının Çin iqtisadiyyatının yavaşıması fonunda rus məhsullarının bu
ölkənin bazarına kütləvi çıxışı haqqında mülahizələrini dinləmək xüsusilə əyləncəlidir. Yavaşıma
yerli məhsullar üçün belə məkanı daraldır, düşünürsünüz ki, belə halda Çin rəhbərliyi öz bazarını
keyfiyyəti və rəqabət qabiliyyəti naməlum Rusiya malları üçün təmizləyəcək? Yüksək
texnologiyalı layihələrdə Çinin Rusiyanı nə qədər yüksək qiymətləndirməsini isə ötən il
Moskvanın “CR929” geniş füzelyajlı təyyarə inşası layihəsindən kənarlaşdırılması əsasında
müəyyən etmək olar; 10 il idi ki, həmin layihə üzərinə “birgə iş” təsəvvürü yaradılırdı.
Rusiya hakimiyyətinin ümidlərinə rəğmən, Çin Rusiyaya investisiya qoymaq haqqında qəti
düşünmür. Ukrayanya böyük miqyaslı təcavüz başlayana qədər Çinin birbaşa investisiyaları,
Rusiya bankının məlumatına əsasən, 3 milyard dollardan azacıq çox idi. Özü də bu investisiyalar
əsasən “Novotek”in iki layihəsinə – “Yamal SPQ” və “Arktik SPQ” – yönəliblər; onlar da Rusiya
büdcəsinə vergilərdən tam azaddırlar, xeyli dərəcədə Çin avadanlığı ilə işləyir və Çinə ucuz təbii
maye qaz ixracı üçün nəzərdə tutulublar.
Ötən iki il ərzində Çin investorlarının Rusiya bazarına giriş sayı sıfırdır. Onlardan heç kəs buna
hazırlaşmır. Partnyorluq haqqında uzun illər oynanılan məzhəkəyə baxmayaraq, Uzaq Şərq və
Arktikanın inkişafı üzrə nazir Aleksey Çekunkovun sözlərinə görə: “Çin ilə münasibətlərimizin
publik hissəsi onların praktiki icrasını xeyli qabaqlayır; Rusiyadakı layihələrdə Çinin iri
investorlarının real iştirakını saymaq üçün bir əlin barmaqları kifayətdir”.

Rusiya bankirləri də etiraf edirlər ki, hətta Qərb sanksiyalarından yan keçməyə hazır olan Çin
bankları belə Qərbin maliyyə bazarlarına o qədər yönəliblər ki, SWIFT-ə çıxışı olmayan Rusiya
bankları ilə iş görməyəcəklər. “Çin bank sistemi xüsusən transsərhəd ödənişləri zamanı
yuandan istifadədə SWIFT-dən çox asılıdır. Bütün ödəniş infrastrukturu SWIFT-ə uyğunlaşdırılıb,
özləri səmimi etiraf edirlər. Əgər Rusiya bankını sanksiya və ya qeyri-sanksiya səbəbindən
SWIFT-dən ayırsalar, “Bank of China” vasitəsilə transsərhəd ödənişlərinə çıxışı itirəcək”, –
Rosbankın vitse-prezidenti Aleksandr Raxmanin şikayətlənir.
“Partnyorluq” bu səviyyədədir. Ötən iki il ərzində məlum olub ki, Çin Rusiyanın yüksək
texnologiyalar bazarında inkişafında rəqib kimi maraqlı deyil, Rusiyaya investisiya qoymaq
istəmir, sadəcə endirimli xammal və böyük qazanc müqabilində Rusiya bazarında Qərb
məhsullarının yerini doldurmaq arzusundadır.
Bununla yanaşı, Çinin Rusiyaya heç kömək etmək istəmədiyini də söyləmək olmaz. Putin Qərbin
mövqelərini zəiflədən oyunçu kimi Si Tsinpinə lazımdır. Lakin bu zaman iki aydın prinsip
müşahidə olunur. Birincisi: Pekin ciddi risklərə səbəb olacaq və bu zaman tam nəzarət imkanı
yaratmayacaq heç nəyə bulaşmaq istəmir. Buraya Rusiyaya investisiyalar və silah tədarükü də
daxildir: hər iki halda böyük risklər var, nəticələrə nəzarət etmək imkanı isə məhduddur.
Məsələn, Rusiyaya letal silah göndərməklə Çin Ukraynaya qarşı təcavüzün ciddi məsuliyyətini
daşımış olacaq, amma hərbi əməliyyatların gedişinə nəzarət edə bilməyəcək. Mənfi nəticələr və
risklər materiallaşır, üstəlik, Putinin Çin silahı ilə qalib gələcəyinə təminat yoxdur.
İkinci prinsip: Çin heç kəsin donoru olmaq istəmir və yalnız özünə faydalı olan işə pul ayırır.
Buna görə də “ucuz xammal müqabilində baha Çin malları” prinsipi ilə ticarət işləyir,
investisiyalar və texnoloji korporasiyalar isə yox.
Bu gün antiqərb isterkasında çırpınan hakim nomenklaturanı Qərbin 1980-ci illərdən başlayaraq
inkişaf amillərinin geniş çevrəsi – kapital, texnologiya, biliklər – üzrə Rusiyanın faktiki donoru
olmasının ağır etirafı gözləyir. Çin belə donor olmağa hazırlaşmır, o, Putin rejiminin –
möhkəmlənmədən və inkişaf etmədən – suyun üzündə qalacağı qədər minimum dəstəkdə
maraqlıdır, üstəlik, özü üçün maksimum fayda götürməklə.
Belə yanaşma hərbi sahəyə də aiddir. Ötən iki il ərzində məlum oldu ki, Pekin Moskvaya ciddi
hərbi dəstək vermək niyyətində deyil: bu, Qərb ilə münasibətlərin kəskin pisləşməsinə, ciddi
sanksiyalara səbəb ola bilər. Çin iqtisadiyyatının əhəmiyyətli yavaşıması fonunda belə ssenari Si
Tsinpinə qəti lazım deyil. Buna görə də Çin rusiyalı partnyorlarını ikinci dərəcəli tədbirlərlə
birtəhər dəstəkləməyə çalışır, onların məsuliyyətindən də istənilən an yayınmaq olar: hansısa
özəl şirkətlər hansısa dronlar göndəriblər, biz isə elə bilirdik, mülki məqsədlər üçün imiş.
Hazırladı: Yadigar Sadıqlı
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.