Fransanın yeni oyununa cavab: - ““Total”la yolları ayırmağın vaxtı çatıb”

16-01-2024, 18:04           
Fransanın yeni oyununa cavab: -
Yanvarın 17-də Fransa Senatı Azərbaycanın “Qarabağa hərbi hücumu”nu pisləyən Ermənistan Respublikasının ərazi bütövlüyünün pozulmasını və hər hansı digər “təcavüz cəhdləri”nin qarşısının alınmasına dair qətnamə layihəsinə baxacaq.

Bu barədə Fransa Senatının rəsmi saytında xəbər verilir. Qətnamədə həmçinin, Azərbaycana qarşı sanksiyaların tətbiqi təklif edilir və erməni əhalinin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Cebhe.info”ya açıqlamasında bildirib ki, Fransanın Azərbaycana qarşı düşmənçilik siyasəti regionda sülhün bərqərar olmasına mane olmaq məqsədi daşıyır. Bu isə Azərbaycana təsir göstərə bilməz. Əksinə, Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbə vuracaq:

“Fransa İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətini davam etdirir.

Heykəllərlə mübarizə aparan ölkədən hər cür əməl gözləmək mümkündür. Fransanın həm hakimiyyəti, həm də digər siyasi partiyalar Azərbaycanla bağlı siyasətini korrektə etmək istəmir. Ancaq Fransa Azərbaycanla münasibətləri gərginləşdirməklə Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Ona görə də birmənalı şəkildə anti-Azərbaycan mövqeyi seçiblər. Üstəlik, Azərbaycanın və Türkiyənin müttəfiqliyi onları narahat edir. Amma belə qətnamələr adi kağız parçasına çevriləcək və Azərbaycana heç bir təsir göstərməyəcək. Bu sənədlərin qəbulunun yeganə təsiri ikitərəfli münasibətləri pozması ola bilər. Fransa istəyər ki, Avropanın başqa dövlətləri də bu qətnaməyə qoşulub Azərbaycana sanksiya tətbiq etsin və əlaqələri zəiflətsin. Ancaq Avropada Azərbaycanın xeyli dostları və ticarət tərəfdaşları var. Həmin ölkələr Azərbaycandan təbii qaz alır. Ona görə də Avropa dövlətləri Fransanın istəyinə görə Azərbaycanla münasibətlərdən imtina etməz”.

Elxan Şahinoğlu xatırladıb ki, Fransa İkinci Qarabağ müharibəsi dövründə də BMT Təhlükəsizlik Şurasında beş dəfə Azərbaycanın əleyhinə qətnamə qəbul etdirməyə çalışıb:

“Amma buna nail ola bilmədi. Eləcə də Avropa İttifaqında Azərbaycanın dostları var və Fransanın öz qərarını onlara sırımasına imkan verməməlidir. Əgər Fransa Senatı Azərbaycanın əleyhinə qətnamə qəbul edərsə, Azərbaycan da adekvat addımlar atmağa məcbur olacaq. Hesab edirəm ki, Azərbaycan parlamenti oxşar sənəd qəbul etməlidir.

Hətta Fransanın “Total” neft şirkəti ilə yolları ayırmağın vaxtı çatıb. “Abşeron” qaz yatağında “Total” hasilat payına malikdir. Əgər Fransa Azərbaycana qarşı sanksiya tətbiq edirsə, anti-Azərbaycan mövqeyindən çıxış edirsə, biz də “Total”la əməkdaşlıqdan imtina etmək barədə düşünməli olacağıq”.

Politoloq hesab edir ki, Fransa Senatının qətnamə qəbul etməsiylə ermənilərin kütləvi şəkildə Qarabağa qayıdışı mümkün deyil. Çünki erməni əhalisi Qarabağdan könüllü köçüb və azərbaycanlılarla birgəyaşayışdan imtina edib:

“Azərbaycan Prezidenti də deyib ki, Fransa ermənidən çox erməni olmaq istəyir. Ermənilərin Qarabağa qaytarılması məsələsi heç Ermənistanın özündə bu qədər qaldırılmır. Bunu nə Paşinyan, nə də Qarabağ klanı Fransa hakimiyyəti qədər dilə gətirir. Çünki Qarabağdan könüllü köçən ermənilər Azərbaycan vətəndaşlağını qəbul etmək istəmir. Ona görə də Qarabağa dönməkdən imtina edirlər. Azərbaycan onların qayıdışına mane olmur. Fransanın qətnamə qəbul etmək niyyəti əslində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaq məqsədi daşıyır.

Lakin sülh müqaviləsi imzalanarsa, Fransa özü pis vəziyyətdə qalacaq. Çünki Fransa Ermənistana görə Azərbaycanla münasibətləri pozur. Amma Ermənistan sülh müqaviləsi imzalasa, çətin vəziyyətə düşən tərəf Fransa olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.