Qapalı sərhədlərin bağladığı fürsətlər - turizm.

12-02-2024, 10:08           
Qapalı sərhədlərin bağladığı fürsətlər - turizm.
Azərbaycan 2023-cü ildə turizmdən cəmi 1,4 mlrd. dollar gəlir əldə edib, məmləkətə cəmi 2 mln. 85 min turist gəlib – hər bir turist ortalama 671 dollar vəsait xərcləyib.
Gürcüstana 2023-cü ildə 5.1 mln. turist gəlib, ölkənin turizmdən gələn gəliri 4,8 mlrd. dollar olub – hər bir turist, ortalama 941 dollar xərcləyiblər.
Ermənistana 2023-cü ildə 2 mln. 300 min turist gəlib, 2023-cü ilin tamamı ilə bağlı son məlumatları tapa bilmədim, amma 2023-cü ilin 9 ayında həmin ölkə turizmdən 2,1 mlrd. dollar vəsait qazanıb.
Qardaş Türkiyənin turizm uğurları isə ümumən fantastikdir – 2023-cü ildə qardaş ölkəyə 57 mln. 700 min turist səfər edib. Türkiyənin turizmdən gəliri 54 mlrd. 300 mln. dollar gəlir əldə edib. Müqaisə üçün deyim ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 mlrd. dollar vəsait qazanıb.
Turizm multiplikativ effekt yarada bilən, iqtisadiyyatda ardınca ən azı 10-11 sahəni də dartıb apara biləcək potensialı olan sahədir. Azərbaycan hökuməti bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldur. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz – bu mümkün deyil.
Sonda daha bir məsələyə diqqət çəkmək istəyirəm: 2023-cü ildə Azərbaycan dost ölkə olan Özbəkistandan 45 min 800 ədəd televizor alıb – Özbəkistan 2023-cü ildə ümumən 230 mindən çox tv ixrac edib. Hə, Özbəkistanda tv istehsal edən xarici şirkətlərdir, orada zavodlar açıblar, iş yerləri yaradıblar, yaxşı maaşla işçilər götürüblər, istehsal təşkil ediblər. Xatırladım ki, Azərbaycanda bir neçə dəfə belə tip istehsal təşkil etməyə cəhdlər olub, amma hamısı fiaskoya uğrayıb – səbəbi çox sadədir, Özbəkistanda da demokratiya zad yoxdur, amma qanunun aliliyini təmin etməyə çalışırlar, elita konsensusa gəlib ki, xarici investora dəyməyəcəklər, mane olmayacaqlar, vergi-gömrük təşviqi verəcəklər və bu qaydanı pozmurlar. Azərbaycanda isə yazılmış-yazılmamış bütün qanunlar- qaydalar pozulur, işləmir.
Natiq Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.