Əmrullayevin nazirliyindən ŞOK ÖZBAŞINALIQ: Rusiya şirkəti ilə... - Dövlətin qanunları OYUNCAQDIRMI?
25-09-2024, 16:56
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil İnstitutu “Alqoritmika.Azərbaycan” MMC (VÖEN- 1702264681) ilə satınalma müqaviləsi imzalayıb.
Hurriyyet.az xəbər verir ki, Təhsil İnstitutu bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, Təhsil İnstitutu ibtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi sahəsində təlimlərin keçirilməsi üçün “Alqoritmika.Azərbaycan” MMC-yə 600 min 325 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, bu müqavilə 2024-cü ildə Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika.Azərbaycan” MMC arasında imzalanan sayca 4-cü müqavilədir. Əvvəlki satınalma müqavilələri də tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. İmzalanan 4 müqavilənin ümumi dəyəri 2 milyon 329 min 261 manat olub.
Onu da qeyd edək ki, “Alqoritmika.Azərbaycan” MMC barəsində məlumatlar Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda mövcud deyil.
Bu il Elm və Təhsil Nazirliyi ilə 2,3 milyon manatlıq müqavilə imzalayan “Alqoritmika.Azərbaycan” MMC 27 oktyabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Səbail rayonu Puşkin ev 2, Məhəllə 674 ünvanında yerləşib. MMC-nin qanuni təmsilçisi Rusiya vətəndaşı olan Renat Asadov olub.
“Alqoritmika.Azərbaycan” MMC Rusiyanın “Alqoritmika” (VÖEN -7704386240) şirkətinin ölkəmizdəki təmsilçisi kimi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.
“Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
İbtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsinin Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.