PUTİNİN “SARMAT” FİASKOSU... - Rusiya nüvə sınağı keçirməkdən niyə çəkinir?
25-09-2024, 16:47
Kremlin nüvə arsenalı da adi silahları kimi “çürük” çıxa bilər.
Vladimir Putinin Ukrayna ilə apardığı müharibə Rusiya Silahlı Qüvvələrinin nə dərəcədə zəif və yöndəmsiz olduğunu konkret faktlarla, əyani sübutlarla ortaya qoyur. Dünyanın ikinci ordusuna və onbirinci iqtisadiyyatına malik Rusiya Federasiyasının öz qüdrəti barədə təbliğatı tədricən fiaskoya uğrayır. Amma Ukrayna ilə qüvvələr nisbəti bərabər olmadığı üçün Moskva “sürünə-sürünə irəliləmək və taqətdən salma” taktikasını hələ ki, tətbiq edə bilir.
Hazırda Rusiya-Ukrayna müharibəsi bəlkə də özünün ən kritik mərhələsinə çatıb. Belə ki, son zamanlar Ukrayna ordusu uzaq məsafəli zərbə dronları vasitəsilə Rusiyanın mühüm hərbi obyektlərinə, strateji silah anbarlarına uğurlu hücumlar təşkil edir. Dronların sürəti və dağıdıcılıq qüvvəsi böyük olmasa da, ballistik və qanadlı raketlərlə müqayisədə çox ucuz başa gəlir və onları kütləvi istehsal etmək asandır. Lakin bu dronların zəif tərəfi onların Rusiya Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən vurulması imkanının yüksək olmasıdır. Bunu nəzərə alan Ukrayna ordusu hər hansı hədəfə doğru çoxlu sayda dron göndərməklə nailiyyət qazana bilir.
Artıq bəlli olur ki, Ukraynanın uzaq məsafədən Rusiya ərazisinə atəş yağdırması ən səmərəli taktikadır, amma bu iş təkcə dronlarla yekunlaşa bilməz, raketlərə ciddi ehtiyac var. Lakin ABŞ və Britaniya Ukraynaya verdikləri “ATACMS” və “Storm Shadow” raketlərindən Rusiya ərazisinə zərbələr vurmağa icazə vermir. Əslində, səbəb bəllidir. Müharibənin uzanması istənilir. Ancaq Qərb dövlətləri ayrı bir bəhanə gətirirlər. Guya ki, Rusiyanın hansısa “qırmızı xətt”inin tapdalanması vəziyyətin gərginləşməsinə və Moskvanın nüvə silahından istifadəsinə gətirib çıxarar.
ABŞ və Britaniyanın sözügedən raketlərindən Ukrayna lazımi səviyyədə istifadə edərsə, Rusiyanın hərbi və mülki sistemlərini çökdürmək mümkün olar.
Deməli, bu müharibədə Rusiyaya necə qalib gəlməyin yolu aydınlaşır. Əgər dronlar və raketlərlə müvafiq obyektlərə uzaqdan zərbələr endirilərsə, bu, Vladimir Putinin hakimiyyəti üçün təhlükəli nəticələr yarada bilər. Ukraynaya icazə verilməsinin qarşısını almaq üçün Rusiya yenə təhdidlərə əl atır və bu zaman “ən dəhşətli silahı”nı nümayiş etdirməyə çalışır. Söhbət strateji nüvə silahından gedir. Bunun üçün Rusiya bir neçə gün əvvəl starteji nüvə silahının uçuş sınağını həyata keçirmək istədi, amma alınmadı.
Rusiya hərbi komandanlığı Qərbə xəbərdalıq məqsədi ilə həm quruda, həm də dənizdə nüvə başlığı daşıya bilən raketlərinin buraxılışını həyata keçirməyi planlayırdı. Təbii ki, burada nüvə başlıqlarından yox, sadəcə, nüvə başlığı daşıyan raketlərdən istifadə olunacaqdı. Şimal donanmasındakı hərbi təlimlərdə atom sualtı qayığından qrup şəklində bir neçə “Bulava” Qitələrarası Ballistik Raketi buraxılmalıydı. Bundan əlavə, Arxangelsk vilayətində yerləşən Plisetsk raket poliqonundakı “Yubileynı” start meydançasından Rusiyanın ən böyük nüvə raketi olan “Sarmat” havaya qaldırılmalıydı. Lakin naməlum səbəblərdən “Bulava” raketlərinin buraxılışı mümkün olmayıb. ”Sarmat” raketinin buraxılışı zamanı isə güclü partlayış baş verib. Nəticədə şaxta və buraxılış üçün vacib olan infrastruktur sistem sıradan çıxıb.
Beynəlxalq KİV-lərin verdiyi məlumata görə, “Sarmat” raketi şaxtadan çıxdığı anda partlayıb və nəticədə 62 metr diametrində krater yaranıb. Bu, onu göstərir ki, Rusiyanın bütünlükdə hərbi potensialı kimi, nüvə arsenalının da işləkliyi şübhə altındadır.
Bəs güclü reklam edilən “Sarmat” raketinin xüsusi özəlliyi nədəir ki, rusiyalı yetkililər onunla fəxr edir və Qərbi tez-tez hədələyirlər? Hələ iki il bundan öncə raketin ilk sınağından sonra Vladimir Putin demişdi ki, ”Sarmat”ın anoloqu yoxdur, onun qarşısının alınması qeyri-mümkündür və yaxın gələcəkdə heç kim bu cür raket hazıralya bilməyəcək.
“Sarmat-PC-28” beşinci nəsil strateji raket kompleksidir. Maye yanacaqla işləyən bu Qitələrarası Ballistik Raket 18 min kilometr məsafə qət etmək özəlliyinə sahibdir. O, SSRİ dövründən qalma “Voyevoda”raketini əvəzələyib. Raketin ilk və həm də yeganə uğurlu uçuşu 2022-ci ilin 20 aprelində baş tutmuşdu. Bununla da Kreml dünyaya öz qüdrətini nümayiş etdirmiş və hamıya onunla hesablaşmağın vacibliyi mesajını vermişdi. Deyilənə görə, indiyədək “Sarmat”ın dörd uğursuz üçüş sınağı olub. “Sarmat”-dan əlavə Rusiyanın “Topol-M” və “Yars” nüvə başlığı daşıya bilən strateji raketləri var. Onlar şaxta ilə yanaşı həm də mobil mexanizmlər üzərindən buraxıla bilərlər.
Bilindiyi kimi, Vladimir Putin Ukrayna və Qərb dünyasını tez-tez onlara qarşı nüvə silahı tətbiq edəcəyi ilə qorxudur. Kreml Ukrayna ərazinin işğalını başlayandan indiyədək durmadan “qırmızı xətt” çəkir, onun nüvə şantajını bütün sivil dünya dəlilik hesab edir. Bu şantaj bəhrə verir və Rusiyaya da elə bu lazımdır. Moskva yaxşı anlayır ki, nüvə silahı onun ən sonuncu şansıdır. Bundan o yana “qırmızı xətt” çəkmək mümkün deyil. Nüvə silahı Rusiyanın “böyük və yenilməz dövlət” olmasını təsdiqələyə biləcək yeganə amildir. Ona görə də Rusiya üçün bütün Qərb dünyasını ümumi sözlərlə yox, real hərəkətlərlə qorxutmağı qərara almışdılar. “Sarmat”-ın sınağı da buna hesablanmışdı. Eyni zamanda bu, Moskvanın Kiyevə və onun müttəfiqlərinə qarşı istifadə etdiyi bütün hərbi təzyiqlərin tükənməsindən xəbər verir.
Rusiya ordusu silah arsenalındakı bütün silahlarla Ukraynaya hücuma keçsə də, istədiyi nəticəni ala bilməyib. Hələ üstəlik Kreml görür ki, Qərb Ukraynaya real və çoxşaxəli yardım göstərmir, əksinə, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin oktyarından 2024-cü ilin aprelinə qədər praktiki olaraq heç bir yardım almayıb.
Xülasə, indi artıq elə bir mərhələyə qədəm qoyulub ki, Vladimir Putin və komandası adi təhdid dilindən əl çəkib praktik fəaliyyət nümayiş etdirməlidir. Əks təqdirdə, ABŞ və Britaniya Ukraynaya Rusiyanı raket zərbələri ilə vurmağa icazə verə bilər. Belə olan halda nə baş verəcək? Deməli, belə çıxır ki, Rusiya “qırmızı xətti”nin tapdalanmasına dözməməli və ən azından Ukraynaya taktiki nüvə silahı atmalıdır. Amma problem ondadır ki, Rusiya praktiki olaraq bunun nəylə nəticəlnəcəyini bilmir. Çünki Çin və Hindistan bundan sonra Rusiyanın arxasından birmənalı şəkildə çəkilə bilərlər, hələ üstəlik, İran da bunu istəməz. Əgər Rusiya bunu edərsə, presedent yaranar və İsrail təyyarələri İrana taktiki nüvə bombaları ata bilər.
Bütün bunları nəzərə alan Moskva təhdid texnologiyasını yeni metodlarla həyata keçirməyə cəhd edir, necə ki, ”Bulava” və “Sarmat” raketlərinin işə salınması da məhz elə buna xidmət etməliydi.
Hazırda Rusiyanın qarşısında təhdidin ən kritik formasını nümayiş etdirmək məqsədi dayanır. Strateji “Sarmat” və ya “Bulava” raketlərinin nüvə başlğı qoşulmadan havaya buraxılması kimi şoular əvvəllər göstərilib. Deməli, Rusiyanın real nüvə sınağı həyata keçirməsi ehtimalı yaranır. SSRİ zamanı sovet ordusu Qazaxıstandakı Semipalatinsk poliqonunda yeraltı nüvə sınaqları keçirirdi. Lakin Rusiya 1990-cı ildən bu günə kimi hələ ki, real nüvə sınağı keçirməyib. Strateji raketlərin uçuşları hələ sınaq deyil.
Problem ondadır ki, Kremldə nüvə sınağına nə dərəcədə hazır olduqlarını bilmirlər. Birdən aydınlaşar ki, nüvə silahı işləmir və şantaj blefmiş, onda necə olacaq?
Əlbəttə, Rusiya ölkənin şərqində taktiki nüvə silahı partlada bilərlər və göstərərlər ki, baxın, biz məhz bu cür silahı nəzərdə tuturuq və ən son həddə strateji nüvə silahına əl atacağıq. Rusiyanın nüvə silahı barəsində ekspertlərin fikrini öyrənmək məsələnin mahiyyəti ilə daha yaxından tanış olmağa imkan verir.
Ukraynanın ”Defense Expess.com.ua” saytının baş redaktoru, silahlar üzrə ekspert Oleq Katkov Ukraynanın “Qlavred.info” saytına bu barədə deyib: ”Putin klassik varianta əl ataraq dünyaya nüvə göbələyi göstərə bilər. Birinci variant yeraltı partlayışdır, bu varinat ətraf mühit üçün az zərərlidir və nüvə başlığının şaxtada partladılması ilə həyata keçirilir. Lakin problem ondadır ki, Kiyev üçün bu partlayış həlledici olmayacaq. Bir qədər torpaq yuxarıya qalxacaq ki, bu da effektli sayılmır. Çünki sonradan həmin yerdə nüvə sınağını xatırladan heç nə qalmayacaq. İkinci variantda isə müəyyən mənzərə yaratmaq olar. Bu, sualtı partlayışdır və kifayət qədər effektlidir. Həm də ki, çox ziyanlı deyil və atmosferə elə də çox radiokativ toz yayılmayacaq. Üçüncü variant atmosferdə partlayışdır və bu havada və yer üstündə həyata keçirilə bilər.Yerüstü partlayış ən çirklisidir, bu zaman səmaya güclü radioaktiv toz qalxır. Havadakı partlayış isə təbiət üçün daha az ziyanlıdır, orada hər şey 500 metr hündürlükdə baş verir. Sınaq zamanı Rusiya nüvə silahının işləməsi yoxlanılacaq. Rusiya mütəxəssisləri nüvə başlıqları hazırlayanda uzun illər ərzində bu silahı yoxlaya bilməyiblər. Mütəxəssislər vəziyyəti monitorinq edib anlamaq istəyirlər ki, görəsən, hər şey onların ümid bəslədiyi kimidirmi?
Əgər Rusiya nüvə sınağına qərar verərsə, bunu ABŞ, NATO, Çin və ümumiyyətlə bütün dünya izləyəcək. İşlər plan üzrə getməzsə, aydın olar ki, Rusiyanın nüvə silahı hər halda çürüyüb. Onda Kreml gözləmədiyi neqativ hadisələrlə üzləşəcək. Bəlkə də Putin məhz elə bundan ehtiyat edir”.
Vaqif Nəsibov
“AzPolitika.info”