Azərbaycan ordusunun inanılmaz silahı -

12-02-2024, 19:04           
Azərbaycan ordusunun inanılmaz silahı -
Türkiyə-Azərbaycan birliyi qardaş ölkəyə qarşı olan dövlətlər üçün ciddi çəkindirmə vasitəsidir.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Eray Güçlüer deyib.

Analitik bu yaxınlarda Azərbaycan ordusunun inventarına daxil olan “Akıncı” PUA-ları ilə bağlı diqqətçəkən açıqlama verib:

“Akıncı”nın bir çox özəlliyi var, bunların əksəriyyəti bilinmir. Türkiyə arsenalındakı PUA sayına görə ABŞ və Çindən sonra dünyada üçüncü yerdədir. Türkiyə bu sahədə Rusiyanı ötüb. “Akıncı”ya gəlincə, bu, dünyada ən yaxşı iki hücum PUA-sından biridir ki, artıq Azərbaycan bu güclü silahı öz arsenalına daxil edib. İkinci beləsi ABŞ-nin “MQ Reapar” PUA-sıdır. Bu iki PUA arasında bir rəqabət var. Bizim PUA texnoloji olaraq ABŞ-ninkindən üstündür. Zarafat deyil, Amerikadan danışırıq. Bu iki PUA bazarda bir-birilə yarışdadır, rəqabətdədir. “Akıncı” texnoloji cəhətdən üstün olduğu üçün bazarda ABŞ PUA-sını keçə bilir. “Akıncı” dünyada çox önəmli bir sistem və silaha çevrilib.

Artıq “Akıncı” Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan ordusunun sərəncamına verilib. Bunun da bir önəmi var. Çünki Ermənistan silahlandırılır. Ermənistanı da ABŞ, Fransa, Hindistan və İran silahlandırır. Ermənistan hələ də özünə dəstəkçi tapıb yenidən Qarabağı işğal etmək niyyətindədir. Buna görə də, qlobal və regional güclər Ermənistanı silahlandırmağa çalışırlar. Amma müharibəni silah yox, insan qazanır. Ayrıca, Azərbaycanın çox ciddi silah sistemlərinə sahib olduğunu da bilmək lazımdır. Bunlardan biri də “Akıncı”dır”.

Güçlüer Türkiyə PUA-sının hazırda dron sahəsində bir nömrə olduğunu söyləyib:

“Akıncı”nı dünyada bir nömrə edən nədir? Bu silahı özəl edən odur ki, havaya qalxdıqdan sonra nəzarət olmadan özünü idarə edə bilir. Digər PUA-larla idarəetmə mərkəzi arasında əlaqə itəndə gedib harasa çırpılır, ya da uçub gedir. “Akıncı”da isə üç fərqli nəzarət mexanizmi var. Heç bir hava və ya digər şərtlərdə “Akıncı” ilə əlaqə itmir. Dünyada belə bir texnologiya yoxdur. Yəni durmadan sizin nəzarətinizdədir. Əgər əlaqə itərsə, PUA-dakı süni nəzarət mexanizminin özü idarə etməyə başlayır. Məsələn, bu durumda hədəfi vurur və bazaya geri qayıdır. Belə bir sistem “Reaper”də yoxdur, buna görə də Qara dənizdə asanlıqla vuruldu”.

Analitik qeyd edib ki, 24 saat durmadan havada qalan “Akıncı” 13-14 min metr qalxa bilmək özəlliyinə də sahibdir:

“Yəni Azərbaycan istər İran, istərsə də Ermənistan olsun, onların sərhədinə daxil olmadan 40 kilometr dərinləyəcək müşahidə apara bilər. “Akıncı” hansısa təhlükəni əvvəlcədən və ya daha tez aşkaralaya bilir. Azərbaycan ordusunun arsenalındakı belə silahlar Azərbaycana qarşı təzyiq və ya dominantlığa imkan vermir. Eyni zamanda, bu dronlar havadan havaya tipli raketlərlə gücləndirilib. Yəni döyüş təyyarələrinə qarşı da tədbir görmək gücündədirlər. Məsələn, Azərbaycana qarşı qırıcılarla hücum olarsa, qarşılarına “Akıncı” çıxa bilər. “Akıncı”lar Azərbaycan üçün bir önləyici vasitə kimi çox önəmlidir. Belə durumda “Akıncı”lar Azərbaycan hərbi aviasiyasının vaxtında işə düşməsi üçün bir zaman qazandıra bilər. İnanılmaz, möhtəşəm silah sistemidir.

Azərbaycan bununla Ermənistana o mesajı verir ki, başqalarının silahlarına güvənib mənə hücum etmə, mənə lazım olan və daha üstün silahlarım var. Belə silahları Azərbaycan üçün çəkindirməni təmin edir. Türkiyə də həmişə can Azərbaycanın yanındadır. Azərbaycan 10 yox, 90 milyondan ibarətdir. Bu birliyin də çox güclü təsir var. Güclü Türkiyə-Azərbaycan birliyi daha güclü müdafiə və təhlükəsizlik mühitinin yaranmasında çox önəmli rol oynayır”.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.