Azərbaycan ödənişli hərbi xidmət sisteminə keçəcəkmi?

15-02-2024, 11:54           
Azərbaycan ödənişli hərbi xidmət sisteminə keçəcəkmi?
Ekspertlər hesab edir ki, bu həm təhsil almaq istəyən gənclərə, həmdə hərbi karyera qurmaq istəyən gənclərə fayda verər
Milli Məclisin deputatı Elnur Allahverdiyev Azərbaycanda daha az müddətdə hərbi xidmət
keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. O, bu addımın gənclərin təhsilinə
əlavə təkan olacağını bildirib.
Deputatın sözlərinə görə, tam müddət hərbi xidməti saxlamaqla, aşağı müddətli qradasiyalar
müəyyən oluna bilər: “Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə
hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Tutaq ki, müddətli
həqiqi hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə,
buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay
müddətində keçmək olar”.
Əslində təklif yeni deyil, bir çox dünya ölkələri orduda bu sistemi tətbiq edir. Bəs ölkəmizdə
indiki hərbi-siyasi, həm sosial şəraitdə deyilən sistemə keçmək nə dərəcədə realdır? Və təklifin
həyata keçmə ehtimalı varsa, bu, nə zaman gerçəkləşə bilər?
Hərbi ekspert Azər Bayramov Pressklub.az saytına açıqlamasında bildirib ki, bu təklif hələ ki,
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadığına görə real görünmür.

“Ancaq saziş imzalanarsa və Azərbaycana qarşı potensial təhlükə olmazsa, bu təklif həyata
keçirilə bilər. İkinci Qarabağ müharibəsində cənab Ali Baş Komandan Azərbaycan ordusunun
Türkiyə modelinə keçirilməsi ilə bağlı konkret göstəriş vermişdi. Bu tapşırıq uğurla həyata
keçirilir”.
Müsahibimiz bu sisteminin mənfi təsirlərinin olacağını hesab etmir. Türkiyə təcrübəsində bunun
heç bir mənfi təsir görünmür. Hətta dünya ölkələrində, əsasən də ABŞ-da 1973-cü ildən məcburi
hərbi xidmət dayandırılıb. Yalnız könüllülük əsasında hərbi xidmət keçirilir.
Onun sözlərinə görə, Türkiyədə orduda 2 ay xidmət keçən şəxslər üçün Müdafiə Nazirliyi distant
formada nəzəri biliklər tədris edir. Həmin sistemi Azərbaycanda da tətbiq etmək olar.
Bayramov bildirib ki, hərbi xidmət müddətinin qısaldılması bir neçə kateqoriyanı əhatə edə bilər.
Buraya təhsilini və ya karyerasını davam etdirmək istəyənlər, eləcə də evin tək övladı olan və ya
sosial həssas qrupa aid olanlar aiddir. Onların bu qərardan müsbət şəkildə yararlanmaq imkanı
olacaq. O, hesab edir ki, bu qruplaşmalar arasında məbləğ fərqi olmalıdır. Sosial həssas qrupa
aid olanlara müəyyən güzəştlər tətbiq edilməlidir.
Təklif gerçəkləşərsə, təbii ki, hər kəsi ilk növbədə maraqlandıran məqam onun ödənişi olacaq.
Ekspert deyib ki, məbləğ əlçatan olmalıdır: “Qanunun tətbiqi nə zamana planlaşdırılırsa,
Azərbaycanda cari dövrə uyğun məbləğ olmalıdır. Beynəlxalq təcrübədə bu barədə qərar bir
neçə qanunverici orqan tərəfindən verilir. Bundan başqa, cəlb olunmuş vəsait digər peşəkar
hərbi qulluqçuların sosial rifahını yaxşılaşdırmaq yönündə müsbət addım kimi qiymətləndirilə
bilər. Həmçinin müdafiə və təhlükəsizlik xərclərinin dövlətin üzərinə düşən yükün
azaldılmasında və səmərəli istifadəsində müsbət rol oynayacaq”.
Bu sistemə keçidin təhsil almaq və elmlə məşğul olmaq istəyən gənclərin həyatına və
karyerasına müsbət təsiri olacağı aydındır. Təhsil və elmi araşdırma prosesini yarımçıq qoyub
hərbi xidmətə getmək, sonradan işi eyni uğurla davam etdirmək müəyyən çətinliklər yarada bilər.
Ancaq bu təklif reallaşsa, həm gənclərin fasiləsiz elmi karyera qurmaq imkanı yaranar, həm də
büdcəyə fayda dəyər.
Hərbi ekspert Emin Həsənli də hesab edir ki, bütünlükdə hərbi sistemimizi Türkiyə modelinə
keçirə bilər.

“Gələcəkdə icbari hərbi xidmətin müddətinin bir az da azaldılmasının tərəfdarıyam. Ali
təhsillilər üçün 6 ay, digərləri üçün 1 il olsun. 1 il olması zəruridir. Çünki çağırış sistemi
olmasa, peşəkarlıq olmaz. İnsan zabit, gizir olmaq istəyirsə, əsgərlikdə bəzi vərdişləri
öyrənməlidir. Əsgərlik peşəkar ordunun təməlidir”.
Ekspert deyib ki, gələcəkdə çağırış sistemi təkmilləşməli, ildə 2 dəfə olmalıdır. Son çağırış yaşı
isə 35-dən 27-ə endirilməlidir. Həmçinin Silahlı Qüvvəllərdə lazımi islahatlar aparılmalıdır.
Qurumlar arasında əlaqələr dərinləşməli, bir neçə qurum birləşməlidir.
Deputat Elnur Allahverdiyev təklifi edərkən vurğulayıb ki, ali təhsil almış şəxslər 1 il ərzində hərbi
xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olmaq, karyera
quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Ona görə də belə bir dəyişiklik edilməklə
gənclərimiz azı iki aylıq hərbi xidmət proqramı keçərək, təhsillərini davam etdirməyə, yaxud
karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu həm təhsil, həm də karyera kimi vacib
məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər.
Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Pressklub.az-a açıqlamasında deputatın təklifini müsbət
dəyərləndirib.
“Ali təhsilli və hətta ali təhsili olmayan gənc hərbi xidmət çəkməyib, öz bacarıqları üzərində
işləmək istəyirsə, onun ödəniş etməklə daha az müddətdə xidmət keçməsi daha effektiv olar.
Hərbi xidmət ali təhsil almış gənclər üçün fasilələr
yaradır. Hətta cəmiyyətdə “əsgərliyə getməmiş magistraturaya qəbul ol, gələndən sonra oxuya
bilməyəcəksən, həvəs qalmayacaq” kimi bir rəy də hakimdir”.
Ekspert deyib ki, hərbi xidmətdən qayıtdıqdan sonra mülki həyata adaptasiya ola bilməyən, hələ
də iş tapmayan ali təhsilli, bacarıqlı insanlar var: “Cəmiyyətdən gizli saxlamağa çalışsalar da,
hərbidən qayıtdıqdan sonra müalicə alanlar da var. Beyin sanki qapalı dairədən çıxmağa
tələsmir, mülki həyatla uzlaşmır, “nizamsızlığı” qəbul etmir”.
Fikrətoğlu hesab edir ki, hazırki sülh şəraitində ödənişli hərbi xidmət istiqamətində ilkin
addımlar atıla bilər. Amma həmin gənclər mütəmadi olaraq, təlimlərə cəlb edilməli, hərbi
bacarıqlara yiyələnməlidirlər: “Bunun üçün 1 il, 1 il 6 aya ehtiyac yoxdur. Bu, qısamüddətli ola
bilər, amma vaxtaşırı olmalıdır ki, yeniliklər vaxtında mənimsənilsin. Müvafiq həvəsləndirmə
tədbirləri, maaşın artırılması, orduya ediləcək ödənişlər hesabına bir sıra gənclərdə hərbidə
işləmək həvəsi yaranacaq”.
Ekspert deyir ki, hərbi xidmətə də karyera kimi baxılmalı, məcburi hərbi xidmətə yalnız hərbi
karyera arzusunda olanlar cəlb edilməlidir.
Deputatın təklifi də, ekspertlərin rəyləri də bu ideyanın faydalı olacağından xəbər verir. Lakin
onun gerçəkləşməsi hələlik sual altındadır. Əsl nəticəni isə təkliflər qanuna çevrildikdən sonra
Günay Elşən
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.