Beş ay sonra açılan ilk atəş...

16-02-2024, 10:24           
Beş ay sonra açılan ilk atəş...
Sərhəddə gərginlik hansı qüvvələrə sərf edir?
Ermənistan Xarici İşlər Nazirliyi fevralın 13-də bəyanat yayaraq Azərbaycanı sərhəddəki NerkinAnd kəndi yaxınlığında vəziyyəti gərginləşdirməkdə ittiham edib. İrəvan iddia edib ki,
Azərbaycan hərbçisinin Ermənistan tərəfindən açılan atəş nəticəsində yaralanması ilə bağlı
məlumatı araşdırmağa hazır olub. “Buna baxmayaraq, Bakı aqressiv addımlar ataraq sərhəddə
vəziyyəti gərginləşdirmək üçün səbəblər axtardığını nümayiş etdirdi”, – bəyanatda deyilir.
Ermənistan XİN ayrıca olaraq Bakını sülh danışıqlarını pozmaq cəhdində ittiham edib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə İrəvanın Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan
tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddialarını
rədd edib: “Bu, sırf cavab tədbiri idi”.
“Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səylərə xələl gətirə
biləcək hərbi eskalasiyadan çəkinməyə çağırır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin
bəyanatında deyilir.
Xatırladaq ki, fevralın 12-də Ermənistan tərəfinin açdığı atəş nəticəsində Azərbaycan sərhədçisi
yaralanıb. Fevralın 13-də səhər tezdən Azərbaycan Silahlı Qüvvələri cavab əməliyyatı keçirib.
Nəticədə dörd erməni əsgəri məhv edilib, biri yaralanıb.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan sərhədçilərinin “Qisas” əməliyyatı zamanı öldürülən
erməni hərbçilərinin adlarını açıqlayıb:
Arutyunyan Eduard Hamletoviç (1974-cü il təvəllüdlü),
Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü),
Ambartsumyan Arsen Qagikoviç (1979-cu il təvəllüdlü),
Oqanesyan Qraçya Talışeviç (1957-ci il təvəllüdlü).
Azərbaycanla sərhəddə döyüş növbətçiliyində olan Ermənistan hərbçilərinin yaş həddi diqqət
çəkir. Ölənlərin ən kiçiyinin 42, ən yaşlısının 67 yaşı var.
Yeri gəlmişkən, Nerkin And kəndində erməni mövqelərinin dağıdılması nəticəsində ölənlərin
hamısı “Yerkrapa” könüllülər birliyinin üzvləridir. Bu barədə NEWS.am-a birliyin mətbuat
xidmətinin nümayəndəsi Liliya Poqosyan məlumat verib.
“Moskva İrəvanı və Bakını vəziyyətin hazırkı gərginləşməsi ilə bağlı təmkinli olmağa çağırır və
sülh müqaviləsinin hazırlanması prosesinin davam edəcəyinə ümid edir”. Bunu Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, bu, Azərbaycan və Ermənistanın arasındakı təmas xəttindən gələn həyəcanlı xəbərdir.
Biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi istənilən hərəkətdən
çəkinməyə çağırırıq”, – TASS Peskovdan sitat gətirir.
Onun sözlərinə görə, bu cür hadisələr sülh müqaviləsinin hazırlanmasına və imzalanmasına
kömək etmir.
Beləliklə, yaranmış sərhəd gərginliyin əsl səbəbləri nədir? İnsan itkisi ilə müşayiət olunan bu
insidentin arxasında nə dayanır? Ermənistanla Azərbaycan arasında vəziyyətin daha da
pisləşməsində kim maraqlıdır? Bu, hansısa xarici qüvvələr ola bilərmi? Axı, uzun müddət idi ki,
sərhəddə heç bir atışma barədə eşitmirdik, sükut hökm sürürdü.
Politoloq, təhlükəsizlik eksperti İlham İsmayıl bununla bağlı fikirlərini Pressklub.az-a bölüşüb.
Onun sözlərinə görə, 5 ay sərhəddə heç bir insident baş verməyib və atəşkəs qüvvədə olub.
“Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra sülh danışıqları prosesinin nisbətən
sürətlənməsi mümkün sayıla bilərdi.
Sərhəddə baş verən silahlı insidentin səbəbləri ilə bağlı bir neçə versiya irəli sürmək olar. Sülh
danışıqları prosesinin müsbət istiqamətdə irəliləməsi və ilin birinci yarısında sazişin
imzalanması perspektivi bəzi qüvvələrin maraqlarına zidd olardı.
Bu addım (insident) sərhəddə Azərbaycana qarşı törədilən təxribata cavabın sərt olacağını
dərk edilərək atılmışdı və… proqnoz özünü doğrultdu. Bundan sonra hər iki ölkənin tezliklə
danışıqlar masası arxasına əyləşəcəyi şübhə doğurur”, – ekspert deyir.
İ.İsmayıl bunun hansı qüvvələrin maraqlarına uyğun ola biləcəyi barədə də danışıb. “Qərblə
Rusiya arasında Ermənistanın nümunəsində Cənubi Qafqaz uğrunda mübarizə son beş ildə
xeyli güclənib. Fransa burada Qərbi təmsil edəcək dövlət kimi Rusiyanı əvəz etməyə çalışır.
Ermənistan hakimiyyətinin qərbyönlü siyasəti bu prosesə ciddi təkan verir. Amma Rusiya
Cənubi Qafqazı tərk etmək niyyətində deyil. Və Azərbaycanla Ermənistan arasında sülh
yaranmasa, həm Fransa, həm də Rusiya regiona təsir və təzyiqlərini artıra bilər.
Amma qeyd edək ki, Fransanın və ümumilikdə Qərbin Ermənistan ordusuna təsiri Rusiyanın
təsiri qədər böyük deyil. Paşinyan özü də etiraf edir ki, orduda hələ də beşinci kolon var.
Rəhbərlik nə qədər təmizlənsə də, orduda Ermənistanın keçmiş prezidentlərinin təsiri altında
olan hərbçilər var. Onlar bu təxribatı təşkil edə bilərdilər və bu, Ukraynada müharibənin getdiyi
bir vaxtda Rusiyanın maraqlarına uyğundur.
Aİ müşahidəçilərinin mülki missiyasının sərhəddə Ermənistan hərbçiləri arasında nüfuzu az
olsa da, patrul xidməti zamanı onlar arasında isti münasibətlər yarana bilərdi. Bu, az inandırıcı
olsa da, təxribatın mümkün səbəblərinin daha bir versiyasıdır”, – ekspert hesab edir.
O deyir ki, başqa versiya da var. “Diqqətinizə çatdırmaq istəyirəm ki, bu hadisələr fevralın 12-
13-də baş verib. Və düz 36 il əvvəl – 1988-ci il fevralın 13-də ermənilər Xankəndində (o vaxt
Stepanakertdə) ilk mitinqini keçirərək Dağlıq Qarabağın Ermənistana inteqrasiyasını tələb
etdilər. Sərhəddə atəşi “Yerkrapa” könüllü dəstəsinin üzvlərinin açdığını və ölən əsgərlərdən
birinin 67 yaşlı kişi olduğunu nəzərə alsaq, belə bir versiya irəli sürmək olar: insident heç bir
xarici qüvvənin təsiri olmayıb, sadəcə olaraq “Miatsum” hərəkatının keçmiş döyüşçü
hərəkətlərinin nəticəsini düşünmədən Azərbaycandan qisas almaq üçün əsgərimizi nişan alıb.
Bu versiya da az inandırıcıdır, lakin tamamilə mümkündür.
Sonda qeyd etmək istərdim ki, əgər Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməsə və
iki ölkə arasında vasitəçilərsiz sülh sazişinin imzalanmasına razılıq verməsə, gələcəkdə oxşar
təxribatların baş verməsi tamamilə mümkündür”, – İ.İsmayıl bildirib.
Rauf Orucov
/pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.