Putinin “tarixi torpaqlar” bataqlığı

16-02-2024, 10:44           
Putinin “tarixi torpaqlar” bataqlığı
Rusiya liderinin son müdahibəsi hansı həqiqətləri üzə çıxardı?
Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi Kreml
sahibinin psixoloji durumunu dəyərləndirmək baxımından çox əhəmiyyətlidir. Müsahibənin
videosundan yorğun və nə edəcəyini bilməyən, fəlakətli səhvini yenicə dərk etmiş diktatoru
aydın görmək mümkündür. Belə görünür ki, Ukraynada münaqişənin dondurulması və atəşkəslə
bağlı Putinin təklifinin Co Bayden adminstrasiyası tərəfindən rədd edilməsi ilə bağlı nüfuzlu
Reuters agentliyinin yaydığı məlumat həqiqəti əks etdirir.
Reuters agentliyinin müzakirələrdən xəbəri olan üç rus mənbəsinə istinadən yaydığı məlumatda
deyilir ki, Putin 2023-cü ildə Moskva Yaxın Şərqdəki ərəb tərəfdaşları vasitəsilə münaqişəni
dondurmağa hazır olduğu haqqında Vaşinqtona mesajlar göndərib. Reuters-in mənbələri
bildiriblər ki, Putinin mesajı Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan,
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və ABŞ dövlət katibi Entoni Blinkenlə

müzakirə edilib. Moskva ümid edirmiş ki, Ceyk Sallivan Putinin xarici siyasət üzrə müşaviri Yuri
Uşakovla danışacaq və atəşkəs üçün növbəti addımları müəyyənləşdirəcək. Lakin yanvarda
Sallivan Uşakova bildirib ki, Vaşinqton Ukraynasız bu barədə danışmayacaq. Vaşinqtonun
mövqeyi məlum olduqdan sonra Putin deyib ki, onların heç nə etməyəcəyini bilirdim. Reuters-in
mənbələri bildiriblər ki, Putin bu məsələ ilə bağlı ABŞ-la yeni təmasların faydasız olacağı
qənaətindədir və ona görə də müharibəni davam etdirməkdən başqa yolu qalmayıb.
Taker Karlsonla müsahibədən aydın görünür ki, Kreml sahibi iki il öncə bütün dünyaya meydan
oxuyan adam deyil. Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluq, qlobal
iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcrid Putini dəhşətli dərəcədə ruhdan salıb.
Buna görə də müsahibə boyu Putin “tarixin dərinliklərinə” baş vuraraq, Ukraynanın ərazilərinin
böyük hissəsinin qədim rus torpaqları olduğunu sübut etməyə çalışır. Ancaq unudur ki,
Rusiyanın özünə qarşı da qonşularının tarixə əsaslanaraq torpaq iddiası irəli sürmək imkanı var.
Rusiya özünün uydurduğu tarixə istinad edərək Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış
suveren ərazilərinə qarşı torpaq iddiası irəli sürə bilirsə, dünyanın önəmli bir hissəsinin Yaponiya
ərazisi hesab etdiyi Kuril adaları ilə bağlı Tokionun Moskvaya iddia irəli sürməsi daha çox əsasa
malikdir. Rusiya ilə Ukrayna arasında 1991-ci il sərhədləri çərçivəsində bir-birinin ərazi
bütövlüyünü və suverenliyini tanıyan müqavilə olduğu halda, Tokio Rusiyanın Kuril adaları
üzərində suverenliyini heç bir zaman tanımayıb.
Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlamaqla Finlandiya və İsveçin NATO-ya üz
tutmasına səbəb olan Putin “tarixi torpaqlar” arqumentinə istinad etməklə dövlətlərin ərazi
bütövlüyünün pozulmasının mümkünlüyünü sübut etməyə çalışmaqla Rusiya üçün daha
qorxunc “cini şüşədən çıxardığının” da fərqində deyil. Bəlkə də artıq onun üçün bunun elə də
əhəmiyyəti yoxdur.
Bu hadisə tarix boyu Rusiya işğalı altında olan xalqlar üçün bir şansdır. İndi bu şansdan istifadə
edib-etməmək tarixi torpaqları Rusiyada tərəfindən işğal edilmiş xalqların işidir.
Bir müddət əvvəl Buryatiyanın öz müqəddəratını təyin etmə hüququnun tanınmasına çağırış
edən Monqolustanın keçmiş prezidenti Tsaxiaqiyn Elbeqdorj Putinin Ukraynanın işğalını “tarixi
torpaqlar”la əsaslandırmasına cavab olaraq X (Twitter) səhifəsindən Monqol İmperiyasının bir
neçə xəritəsini paylaşıb. 1471-ci il xəritəsinə əsasən indiki Rusiya Federasiyanın bütün ərazisi
nəhəng Monqol İmperiyasının tarixi torpaqlarıdır. Elbeqdorj eyham vurub ki, Putinin məntiqinə
əsaslanaraq, müasir Rusiya monqollara aid olmalıdır.
Çinli aktyor Robert Vu Putinin “tarixi torpaqlar” arqumentinə cavab olaraq sosial şəbəkədə etdiyi
paylaşımda Çindən “oğurlanmış” ərazilərin əsl sahibinə, çinlilərə qaytarılmasını tələb edib. Bir
müddət əvvəl Çinin Standart Xəritələrin Kartoqrafik Xidməti 2023-cü il üçün təqdim etdiyi
coğrafi xəritələr toplusunda Amur çayındakı Böyük Ussuri adasını Çinin sərhədləri daxilində
göstərmişdi. Halbuki, Rusiya və Çin arasında 2008-ci ildə imzalanmış sazişə görə bu ada iki ölkə
arasında bölünüb. Adanın ərazisi Amur çayında suyun səviyyəsindən asılı olaraq 327 ilə 350
kvadrat kilometr təşkil edir. Rusiya Çinin bu addımına qarşı səsini də çıxarmadı. Standart
Xəritələrin Kartoqrafik Xidməti Rusiyanın Uzaq Şərqdəki bir neçə vilayətinin və şəhərinin adlarını
xəritədə dəyişərək, tarixən mövcud olmuş Çin adlarını bərpa etmişdi.
Çinin Rusiyaya qarşı ərazi iddiası həmişə olub. Lakin Putinin Ukraynaya qarşı müharibəni “tarixi
torpaqlar” arqumenti ilə əsaslandırması yeni vəziyyət yaradır. “Tarixi torpaqlar” məsələsində isə
Çinin arqumentləri daha güclüdür. Çin dövlət başçısı Si Cinpin 2014-cü ildə Berlinə səfəri
edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkel hörmətli qonağa çox diqqət çəkən
bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi.
Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi
bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir. Angela Merkel Si Cinpinə bu tarixi
xəritə ilə yanaşı, başqa xəritə də hədiyyə etmişdi. İkinci xəritədə isə həmin ərazilər Rusiyanın
sərhədləri daxilində, ancaq fərqli görsənmək üçün qırmızı rənglə təsvir edilmişdi. Bu torpaqlar
Çinin 1949-cu ildən sonra itirdiyi ərazilərdir. Kanslerin bu addımı Çində Almaniyaya qarşı rəğbəti
artırmaqla yanaşı, Rusiya ilə keçmiş düşmənçiliyi yenidən oyatmışdı. O zaman Çin qəzetlərdən
birində bu hadisə ilə bağlı baş məqalədə belə bir cümlə vardı: “Biz yüz ilə yaxındır ki,
imperializmə qarşı mübarizə bayrağını daşıyırıq, amma sonda məlum olur ki, bizim torpağımızı
şər imperializmi (ABŞ) zəbt etməyib”. Başqa bir məqalədə isə deyilirdi ki, bu xəritə əsl xəzinədir.
“Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”. Rəsmi
mətbuatdan fərqli olaraq, Çinin sosial şəbəkələrində çinlilər fikirlərini daha açıq ifadə edərək,
belə yazırdılar: “Rəhbərlərimiz bu xəritəyə diqqətlə baxsınlar və indiki ilə müqayisə etsinlər.
Ölkəmiz nə qədər kiçildi! Onlar bundan utanmırlarmı?”
Qeyd edək ki, Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı
Sovet İttifaqının rəhbərliyi ilə apardığı danışıqlarda bu torpaqların Çinə qaytarılmasını müzakirə
etmiş, ancaq rədd cavabı almışdı. Həmin dövrdən ötən müddət ərzində çinlilərin ən böyük
arzusu “Dahi sükançı”nın arzusunu gerçəkləşdirməkdir.
Putin “tarixi torpaqlar” arqumentini beynəlxalq hüququn təminat verdiyi dövlətlərin ərazi
bütövlüyü prinsipinin önünə qoyduqdan sonra Çinin iddiaları da siyasi bəraət qazanır.
Qoca, yorğun və nə edəcəyini bilməyən diktatorun siyasi qərarları kimi, ağzından çıxan hər söz
də Rusiyanın əleyhinə işləməyə başlayıb. Bu vəziyyət Rusiyanın ömrünün son günlərini
yaşadığının işarətidir.
Xaqani Cəfərli
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.