Avropada sərhəd blokadası: fermerlərin etirazlarında “Kreml əli” axtarışı

20-02-2024, 08:34           
Avropada sərhəd blokadası: fermerlərin etirazlarında “Kreml əli” axtarışı
Aqrarlar “müharibə” elan edir – avropalı fermerlər “Yaşıl sövdələşmə”yə qarşıdırlar

Polşalı fermerlər Ukrayna ilə sərhədin blokadasını yenidən gücləndiriblər. Ukrayna mediasında və “Telegram” kanallarında polşalı fermerlərin etirazları Ukraynaya qarşı sui-qəsd kimi təsvir edilir və bunun arxasında “Kreml əli” axtarılır. Əslində, bu, qismən doğrudur. Prosesdə “Kreml əli” həqiqətən də ola bilər, lakin blokadanın əsas səbəbi başqa müstəvidə yatır. Odur ki, analitiklər hesab edirlər ki, ukraynalıların avropalı qonşuları ilə çəkişmələri yalnız Rusiyada hökmranlıq edənə sərfəlidir. UNIAN Ukrayna-Polşa sərhədində əslində nə baş verdiyini araşdırıb. AYNA sözügedən araşdırmanı istinadla təqdim edir:

Fevralın əvvəli Polşa-Ukrayna sərhədində yeni irimiqyaslı etirazların başlaması ilə əlamətdar oldu, bu da ötən ilin gurultulu sonunu xatırladır - Polşa nəqliyyatçılarının Ukrayna ilə sərhəddəki bütün əsas keçid məntəqələrini bağladıqları, nəticədə bütün giriş yollarında yük maşınlarının növbələrinin düzülməsini. İndi vəziyyət oxşardır, lakin bu dəfə blokadanın əsas təşəbbüskarları polşalı fermerlərdir. Bu gün “Korçova”, “Yaqodin”, “Rava Ruska”, “Uqriniv”, “Şeqini” keçid məntəqələri bağlı olaraq qalır.

Bəzi keçidlərdə vəziyyət daha yaxşı, digərlərində daha pisdir. Məsələn, fevralın 13-də səhər saatlarında “Ustiluz” və “Uqrineva”da demək olar ki, növbə yox idisə, “Rava Ruska” məntəqəsində 1200-dən çox yük maşını beş istiqamətdə “ilişib” qalmışdı.

Fevralın 20-dən polşalı fermerlər Ukrayna ilə sərhəddə mövcud olan bütün keçid məntəqələrini bağlamaqla hədələyirlər.

Ukraynalılar etirazların yenidən baş qaldırmasını növbəti “müharibə elanı” kimi qəbul edirlər. Amma az adam bilir ki, əslində təkcə polyaklar etiraz etmir - aqressiv tətillər dalğası bir çox Avropa ölkələrini əhatə edib.

"Polşa fermerlərinin etiraz aksiyası onların Avropa İttifaqından olan digər həmkarları ilə əlaqələndirilərək həyata keçirilib. Belə etirazlar indi Fransada, Almaniyada, İspaniyada keçirilir və traktor sahibləri Parisin mərkəzini canfəşanlıqla bağlayırlar. Bu aksiyaların məqsədi fermerlərin tələblərinə diqqəti cəlb etməkdir”, - ukraynalı hüquq müdafiəçisi Roman Matys deyib.

Onun sözlərinə görə, təkcə Polşada fermerlər 264 yerdə etiraz aksiyası keçirirlər: “Onlardan yalnız bir neçə rayon Ukrayna ilə sərhəddədir. Kəndlərdə, şəhərlərdə və birbaşa Varşavada yollar bağlanıb. Oxşar etirazlar Almaniya, Fransa, Belçika, Rumıniya, İspaniya, Hollandiya və digər Aİ ölkələrində də keçirilir və daha az aqressiv formada deyil. Beləliklə, məsələn, Belçikada fermerlər Lüksemburq meydanında XIX əsrə aid heykəli yıxdılar, İspaniyada isə traktorlar bir neçə şəhərin küçələrini zibillədilər. Bu arada, Fransada yanvarın sonunda fermerlər paytaxtın əsas girişlərini bağlayıb Parisin meriyasının və hipermarketlərinin qarşısına tonlarla peyin boşaltdılar”.

Əslində fermerləri bu cür ekstravaqant etiraz vasitələrinə əl atmağa nə vadar edir? Bu suala cavab axtaranda görünür ki, ilk növbədə, avropalı fermerlər 2050-ci ilədək iqlim neytrallığına nail olmaqla Avropa İttifaqının ekoloji transformasiyasına yönəlmiş Avropa Komissiyasının bir sıra siyasi təşəbbüsləri olan “Yaşıl sövdələşmə”yə qarşı çıxırlar.

Söhbət xüsusən də yeni, daha bahalı bioloji preparatların, genetik cəhətdən müxtəlif yetişdirmə sistemlərinin və üsullarının istifadəsi və s. gedir. Avropa Komissiyasının 2021-2027-ci illər üçün Ümumi Kənd Təsərrüfatı Siyasəti (CAP) üzrə təklifi CAP-ın ümumi büdcəsinin ən azı 40%-nin və Dəniz Balıqçılıq Fondunun ən azı 30%-nin iqlim tədbirlərinə yönəldilməsini nəzərdə tutur. Rəsmilər suyun keyfiyyətini yaxşılaşdırmaq və tullantıları azaltmaq üçün bir sıra tədbirlər təklif edir. Kimyəvi pestisidlərdən istifadənin azaldılması, həmçinin gübrə və antibiotiklərin istifadəsinin azaldılması nəzərdə tutulur.

“Bunlar Aİ-nin bir sıra siyasi qərarları sırasındadır və son nəticədə aqrar-sənaye kompleksinin ətraf mühitə təsirinin sıfır olacağına gətirib çıxarmalıdır. Bu etiraz aksiyalarının iştirakçıları bu təşəbbüsləri bəyənmirlər. Çünki onlar bunu qeyri-real hesab edirlər. Hesab edirlər ki, onların məhsulu əhəmiyyətli dərəcədə bahalaşacaq və əkinçilik gəlirsiz olacaq. Bu, Avropadakı bütün fermerlərin etirazlarının əsas leytmotividir”, - Roman Matys izah edib.

Bu mənada polşalı etirazçıların şüarları kifayət qədər açıqdır: “Mən əkinçiyəm, qul deyiləm”, “Yaşıl sövdələşmə = aclıq”, “Aİ-dən kənar gələn yoxlanılmamış qidaları dayandırın”, “Yaşıl müqavilə hamımızı ac qoyacaq”.

Ümumi tələblərə əlavə olaraq, yerli fermerlərin üzləşdiyi problemlərdən asılı olaraq müəyyən Avropa regionlarına xas olanlar da var. Məsələn, İspaniyada “yaşıl” təşəbbüslər son bir neçə ildə rekord quraqlıqla üst-üstə düşür və fransızlar gənclərin sənayeyə daxil olmamalarından narazıdırlar. Onların fikrincə, bunda hökumət də günahkardır.

Şərqi Avropa ölkələrinə gəlincə, buradakı fermerlərin vəziyyəti Ukraynadakı müharibə ilə əlaqədar xeyli pisləşib. Məsələ burasındadır ki, 2022-ci ildən sonra Aİ Ukrayna ixracına tətbiq edilən tarifləri və kvotaları ləğv edib. Bundan əlavə, Ukrayna ilə Aİ arasında yük daşımalarının sadələşdirilməsi haqqında saziş qüvvəyə minib. Aİ-nin “ən radikal” tələbləri isə hələ Ukraynaya tətbiq edilməyib, ona görə də ukraynalı kənd təsərrüfatı istehsalçıları Aİ-də çoxdan qadağan olunmuş daha ucuz pestisidlərdən istifadə edə bilərlər.

Bütün bunlar Ukraynanın ucuz kənd təsərrüfatı məhsullarının qonşu ölkələrə axınına gətirib çıxarır ki, bu da yerli fermerlərin ziyana düşməsinə səbəb olur. Bu səbəbdən polşalı fermerlər rüsumsuz dəhlizin ləğvini və “ədalətli rəqabətə” qayıtmağı tələb edirlər.

“Aİ-də həqiqətən də problem var ki, bəzi bitki mühafizə dərmanları qadağandır. Ukraynada belə problem yoxdur. Düşünürəm ki, Ukrayna və Avropa qanunvericiliyinin tam uyğunlaşdırılması halında ukraynalı fermerlərin məhsuldarlığı azalacaq. Amma bunun kritik olacağını düşünmürəm", ukraynalı kənd təsərrüfatı eksperti Roman Neyter deyib.

Onun sözlərinə görə, Ukrayna ilə Polşa arasında taxılın Polşa ərazisindən tranzitlə başqa ölkələrə keçməsi ilə bağlı razılaşma olsa da, taxılın bir hissəsi hələ də daxili bazara çıxır və yerli istehsalçılar üçün problem yaradır: “Bunun günahkarı Polşa emalçıları və heyvandarlıqçılardır. Çünki onlar üçün yerli “ekoloji” xammaldan daha ucuz Ukrayna xammalı almaq sərfəlidir”.

Əlbəttə, arzu olunarsa, polşalı etirazçıların tələblərini “anti-Ukrayna” etirazları adlandırmaq olar, lakin yadda saxlamaq lazımdır ki, bu povest, ilk növbədə, münasibətlərdə gərginlik yaratmaqdan faydalanan Rusiya Federasiyasının təbliğatına uyğundur.

"Aksiya 9 fevralda başlayıb. Fevralın 10-u 11:30-da bir qrup şəxs fermerlərin etiraz aksiyasına çıxıb, Ukraynadan Litvaya taxıl aparan yük maşınlarına yaxınlaşıb, avtomobillərin yük yerinin qapılarını açıb və taxılın bir hissəsi dağılıb. Bu telefonla çəkilib. Bu faktla bağlı yazı Rusiya və Belarus mal tədarükçüsü, anti-Ukrayna konfederasiyasından olan polşalı siyasətçi Rafal Mekler tərəfindən hazırlanıb. Ukrayna mediası diqqətli olmalıdır. Bunu kim başlatdı, məqsəd nədir, kökünə baxmaq lazımdır. Mən bunun emosional komponentini başa düşürəm. Amma əslində bu təxribatçılar emosional komponentə ümid edirdilər”, - hüquq müdafiəçisi Roman Matys vurğulayıb.

Onun sözlərinə görə, aksiya uğurlu oldu – Ukrayna ilə Polşa arasında gərginlik artdı, yerli fermerlərin etirazından spekulyativ məqsədlər üçün istifadə olunmağa başlanıldı: "Bu, ukraynalıları əslində fermerlərin etirazlarının mahiyyətini özləri dərk etməyən adi polyaklara qarşı yönəldir”.

Bu hadisəyə reaksiya çox çəkmədi - Ukraynanın Polşadakı səfirliyi günahkarların məsuliyyətə cəlb edilməsi tələbi ilə polisə müraciət edib. Ukrayna səfiri Vasil Zvariç bu aksiyanı “rüsvayçı cinayət” adlandırıb. Təxribatçıların hərəkətləri Ukraynanın Aqrar Siyasət və İnkişaf Nazirliyi tərəfindən də pislənib.

Polşa rəsmiləri də öz növbəsində kənarda qalmayıblar - Polşanın kənd təsərrüfatı naziri Çeslav Şekerski bu biabırçı hadisəyə görə Ukraynadan üzr istəyib: “Polşa fermerləri adından bu cür çarəsizliyə görə üzr istəyirəm və onların son dərəcə çətin vəziyyətini başa düşmələrini xahiş edirəm. Biz Ukraynanın Kənd Təsərrüfatı Nazirliyi ilə texniki danışıqlar aparırıq”.

Təbii ki, Ukraynanın aqrar biznesi sərhədin bağlanmasının xoşagəlməz nəticələrini hiss edir. Bununla belə, bir sıra ekspertlərin fikrincə, məsələ əhəmiyyətli dərəcədə şişirdilir.

“Ukrayna kənd təsərrüfatı məhsullarının əsas hissəsini yük maşınları ilə təmin etmir. Bunun əsasını dəmir yolu, çay limanları və "dəniz dəhlizi" təşkil edir. Yük maşınları ilə ixrac olunan taxılın həcmi minimaldır. Ona görə də ciddi itki gözləməzdim", - Roman Neyter söyləyib.

İqtisadi Diskussiya Klubunun üzvü Oleq Pendzin onunla razılaşır: "Bizim limanlar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracı demək olar ki, müharibədən əvvəlki səviyyəyə çatıb. Baxmayaraq ki, bütün Nikolayev və Xerson limanları kompleksi işləmir. İndi sərhədin bağlanması ilə əlaqədar olaraq, bizim üçün yenidən istiqamətləndirmə var, ənənəvi bazarlar mövcuddur. Biz indi Cənub-Şərqi Asiya və Şimali Afrikada yeni bazarlar axtarırıq. Yəni Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına ciddi zərbə olacağını düşünmürəm. Eyni zamanda, başa düşmək lazımdır ki, Ukrayna üçün, fermerlər üçün Avropa bazarı daha cəlbedicidir - məhsullarını Avropaya aparmaq Çindən daha asandır. Ona görə də bu, birbaşa itkilər deyil, sadəcə qazanılmamış gəlirdir”.

Eyni zamanda, əvvəllər məhsullarını əsasən Polşa nəzarət-buraxılış məntəqələri vasitəsilə daşıyan digər Ukrayna bizneslərinə daha çox zərbə vurulur. Lakin daşıyıcıların əksəriyyəti ötən ilin dekabrından sərhəddəki problemlərə uyğunlaşıb və hazırda əsasən alternativ logistika marşrutlarından istifadə edirlər.

Bu arada, Ukrayna və Polşa hökumətləri kənd təsərrüfatı və infrastruktur nazirlikləri səviyyəsində mövcud vəziyyəti həll etmək və yeni blokadaların risklərini minimuma endirmək üçün mexanizmlər axtarırlar. Onların uğur qazanıb-qazanmayacağını zaman göstərəcək.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.