“Doğrudanmı biz bu yolu seçmişik?”
9-03-2024, 22:15
Mətbuat Şurası güman, ekspertlər heyrət, cəmiyyət isə ümid edir...
“Jurnalist həbsi, bu və ya digər şəkildə medianın fəaliyyətində fasilənin yaranmasına səbəb olmuş meyllər Azərbaycan Mətbuat Şurasının həmişə diqqət mərkəzində olub”.
Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşid Məcid Toplum TV-nin işi üzrə jurnalistlərin həbs olunmasını şərh edərkən deyib.
Şura sədri Pressklub.az-a açıqlamasında bildirib ki, məsələyə kompleks şəkildə yanaşılır, prinsipcə, səbəb və nəticə əlaqələrinə bir o qədər önəm verilmir. Çalışılır ki, mümkün olan bütün vasitələrlə əvvəlki status-kvo bərpa olunsun. Yəni, medianın və jurnalistin fəaliyyəti davam etsin.
“Əlbəttə, ilk növbədə, jurnalist həbsi və digər bu kimi məsələlərdə söz və ifadə azadlığı ilə bağlı motivlərin mövcud olub-olmadığına diqqət yetirməliyik. Bütün dünyada mətbuat şuralarının başlıca missiyası cəmiyyəti medianın hücumlarından qorumaqdır. Bu hücumlar nə zaman olur? O zaman ki, media özünün səlahiyyətlərini aşır, müvafiq olaraq söz və ifadə azadlığı prinsiplərinə zor tətbiq edir, sui-istifadələrə yol verir. Ona görə bizim üçün həm medianın və jurnalistlərin fəaliyyətinə mümkün maneələrdə, həm də medianın özünün qeyri-etik, jurnalistikaya uyğun tərzdə davranmaması müstəvisində həmin prinsiplərə nə dərəcədə xələl gətirilməsi əsasdır”.
Müsahibimiz deyir ki, istər Toplum TV, istərsə də ondan əvvəl Abzas Media ilə bağlı durumda söz və ifadə azadlığının pozulmasını görmür. Adları çəkilən media qurumları tənqidi ruhda fəaliyyət göstərirlər. Ancaq bir reallıq da var ki, fəaliyyətində daha fundamental tənqidə üstünlük verən media orqanlarımız və jurnalistlərimiz var. Onlar sərbəst şəkildə işlərini görürlər. Heç birinə hansısa maneçiliyin törədilməsindən, məhdudlaşdırmaların tətbiqindən söhbət gedə bilməz: “Bir daha deyim ki, başlıca məqam söz azadlığının imkanlarına hansı tərzdə yanaşmaqdır. Yəni, məsələ tənqiddə deyil. Ona görə də hazırda bilavasitə Toplum TV ilə bağlı məsələ Mətbuat Şurasının diqqət mərkəzindədir. Arzu edərdik ki, bu media qurumu, eləcə də orada çalışanlar əvvəlki qaydada fəaliyyətlərinə davam etsinlər. Heç istəməzdik ki, onlarla bağlı rəsmi qaydada irəli sürülmüş iddialar təsdiqini tapsın. Güman edirəm ki, əlaqədar instansiyalar da mövcud məqamı nəzərə alırlar. Buna görə məsələyə həssas yanaşılacağına, əsl həqiqətlərin üzə çıxarılacağına əminəm”.
“Hər bir hökumətdə quzular da olur, quzğunlar da”.
Bu sözləri Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev Pressklub.az-a açıqlamasında bildirib. O deyib ki, hazırkı vəziyyət normal deyil, amma praktikada adi hala çevrilmiş bir vəziyyətdir: “Problemin səbəbi bilirsiniz nədədir? Quzular quzğun kimi danışmağa başlayır. Dövlət strukturunun rəhbəri deyir ki qanunlar işləmir. Belə olduğu halda, bütün digər mümkün üsullarlamı məqsədə nail olunmalıdır? Bu, çox dəhşətli bir məsələdir”.
A.Əliyevin fikrincə, bunun hansı nəticələrə gətirib çıxaracağını gözləmək lazım deyil, Toplum TV-də baş verən hadisə elə bunun göstəricisidir: “Hansısa ittihamlar ortaya çıxır, hansısa hərəkətlər törədilir və sübutlar sonra toplanılır. Sübut nədir? Kiminsə evindən 3 min avro tapılması? Bir insan xaricə gedəndə ondan 3 min avrosu olduğu haqda arayış istəyirlər. Bu hansı böyük cinayət əməlidir ki, bunu əsas kimi ortaya qoyurlar?”
Müsahibimiz hesab edir ki, Toplum TV və bütövlükdə bu informasiya strukturunun saytının faktiki olaraq dayanması, faylların silinməsi, redaksiyanın möhürlənməsi göstərir ki, məsələ media məsələsidir, hansısa şəxslərin törətdiyi əməllər deyil: “Bütün bunların məntiqini dərk eləmək çətindir. Yəni, doğurdanmı Azərbaycan hökuməti bu fəlsəfəni seçib? Bu, çox yanlış addım və təfəkkür tərzidir və biz bu düşüncə tərzini dəyişmədən, inanmıram ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək”.
Qeyd edək ki, tanınmış media eksperti, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də dünən saxlanılıb. O, saxlanılmazdan əvvəl Pressklub.az-ın baş verənlərlə bağlı sualını cavablandırmışdı.
Ələsgər Məmmədli bildirmişdi ki, Azərbaycanda mediaya qarşı həmişə təzyiqlər olub və son baş verənlər də bunun yekunlaşması prosesidir.
O, deyir ki, müxtəlif dalğalarla medianın üzərinə gedilir. 2022-ci ildən etibarən media haqqında qanun sərtləşdirildi. Amma buna baxmayaraq, bəzi media orqanları özlərinin redaksiya müstəqilliyini qoruyaraq, məhdudlaşdırıcı çəmbərə girmədən fəaliyyətini davam etdirirdi: “Bu hadisələr göstərir ki, Azərbaycanda ifadə azadlığına dözümsüzlük ən yüksək həddədir. Ölkədə fəaliyyət göstərən son müstəqil media nümunələrinin sıradan çıxarılması faktiki olaraq informasiya təhlükəsizliyinin risk altına düşməsinə gətirib çıxarır. Yəqin, media haqqında yeni qəbul olunan qanunun əsas məqsədi də bu imiş. Düşünürəm ki, siyasi qərar verən tərəflər gələcəkdə media yoxsulluğundan əziyyət çəkəcəklər”.
Mədinə Useynova