Dənizi "mühasirə"-yə alan məmurlar qanundan güclü çıxdılar
13-08-2016, 09:30
2003-cü ildən bu yana dənizin hasarlarına görə qanun 5 dəfə dəyişib, amma indiyədək bir hasar uçurulmayıb, bir məmur belə cəzalandırılmayıb
2016-cı ilin soyuq yanvarında Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliklərdən biri də Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tuturdu. Layihə səsverməyə çıxarıldı və qəbul olundu.
Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalı idilər. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalı idilər.
Ötən 7 ay ərzində bu qanuna əsasən cərimələnən 1 şəxs belə yoxdur!
Qəbul olunmuş qanun dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərini təmin etməklə yanaşı, isti yay günlərində dənizə çatmaq üçün yol axtaran vətəndaşın da üzünə dənizin qapılarını açmalı idi.
Bu qanunun qəbulundan sonra Xəzər sahilindəki on kilometrlərlə uzanan hasarlardan 1 daş belə sökülməyib!
7 ay əvvəl qanunun qəbulundan sonra belə fkir formalaşmışdı ki, Xəzərin sahilyanı ərazilərini əhatə edən hasarlar söküləcək. Ən azı hasarlar dənizə gedib gəlmək üçün epizodik də olsa söküləcək. Hətta mətbuatda “Xəzəri hasarlayanlar! Hasarları özünüz sökməli olacaqsınız” kimi başlıqlar da peyda oldu. Çox təəssüf ki, bu qanun da vətəndaşın xeyrinə olan bir çox qanunlar kimi ölü doğulmuş uşağa çevrildi. Qanun vətəndaşa 2016-cı ilin yayında Xəzərin sahilinə çəkilən hasarları aşmaqda kömək etmədi. Bu hasarlara qoyulan darvazaları da vətəndaşın üzünə aça bilmədi.
Xəzərin Abşeron yarımadası hissəsindəki sahillərinə sıravi azərbaycanlının çatması ildən-ilə daha da qəlizləşir. Türkanda müdafiə sənayesi naziri Yavər Camalov, Şüvəlanda AZAL prezidenti Cahangir Əsgərov, Türkanda SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən 5-6 metr hündürlüyündə, bir neçə kilometr uzunluğunda Xəzər sahili hasarlatdırılıb. Dəbdəbəli darvazalı hasarlar Nardaran, Bilgəh, Pirşağı, Corat və digər ərazilərdən də vətəndaşın dənizə çatımlılığının qarşısını alır. Sadə vətəndaşı hakimiyyətdən narazı salıb sahilboyu hasarları çəkənlər də məhz hakimiyyətdə olanlardır.
Sovet dövründə pioner düşərgələrinin sayı-hesabı olmayan Pirşağı qəsəbəsindəki yaşı bilinməyən çimərlik prezidentin imzaladığı, qanunda hasarların dəniz sahilindən 20-50 metrlik aralıda olması haqda qadağanın tətbiqindən sonra birdəfəlik vətəndaşların üzünə bağlanıb. Məmurlar bu qadağanı, sadəcə, saya salmırlar. Bir neçə kilometr uzunluğu olan daş hasar sahilə 20 metr qalmış bitir və dəmir borularla dənizin içinə qədər yol bağlanır. Pirşağıda qanunun yanından belə ötüb keçiblər. Yəni qanunda daş hasardan söhbət gedirsə, Pirşağıda dəmir borunu hasara çeviriblər. Yəni məmurlarımızın qanunların yanından ötmək üçün fantaziyaları bu qədər güclüdür. Halbuki həmin ərazilər 100 illərlə xalqın üzünə həmişə açıq olub.
Kimdir bu adamlar? Kimin adamlarıdır? 15-20 hektarlıq və daha artıq sahilboyu ərazini hasarlayan, vətəndaşın üzünə bağlayan əksər vaxtlarda harınlamış məmur tayfasının nümayəndələridir. Fakt odur ki, dənizə darvaza qoyub onu hasarlarla xalqın üzünə bağlayıblar.
Qanunlar isə bu hasarları vətəndaşın üzünə açmaqda acizdir.
2003-cü il yanvarın 13-də sabiq prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqda” sərəncam imzalamışdı. Sərəncamın imzalanmasının səbəbi kimi vətəndaşların Azərbaycan Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciətləri göstərilirdi. Sərəncamda qeyd olunurdu ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. “Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb. H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər. Heydər Əliyevin sərəncamından 5 il sonra Milli Məclis dəniz sahilindəki 130 metrlik zolağı ”20-50" metrlik zolaq sözləri ilə əvəzlədi. Prezident İlham Əliyev 2008-ci il dekabrın 2-də “Torpaq islahatı haqda” Qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun imzaladı. Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verildi. Həmin sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın.
“İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.
Bu ilin soyuq yanvarında qəbul olunan qanun hasarlara gediş-gəliş üçün yolların açılmasını təmin etməli idi. Amma etmədi...
musavat.com