Bakıda çıxarış ala bilməyən yüzminlərlə fərdi həyət evləri var - NƏ ETMƏLİ?

29-03-2024, 17:38           
Bakıda çıxarış ala bilməyən yüzminlərlə fərdi həyət evləri var - NƏ ETMƏLİ?
Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bələdiyyə torpaqlarına dair istər satış, istərsə də icarə haqqında sənədlərin tərtib edilməsi, verilməsi mülkiyyət hüququnu tam təsdiq edən sənəd deyil.
“Çünki əgər torpaq bələdiyyə tərəfindən vətəndaşa satılırsa mütləq özəlləşdirilməlidir. Yəni torpaq özəlləşdirilib çıxarış alınmalıdır. Sonradan əgər həmin torpaq üzərində hər hansı tikinti işləri aparılacaqsa, bu da qanunvericiliyə uyğun sənədləşdirilməli və mülkiyyət hüququna dair müvafiq orqandan sənəd alınmalıdır. Belə olan halda o əmlak tam hüquqa malik olur və lazımi qiymətini alır.
Bələdiyyələr tərəfindən çoxsaylı belə sənədlər verilib. Lakin çox təəssüflər olsun ki, onlar vaxtında lazımi hüquqi qiymətini almayıb, müvafiq orqanlara müraciət edilməyib. Ona görə də həmin torpaqlar üzərində tikilən evlərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi gecikdirilir. Lakin bu proses davam edir, artıq on minlərlə sənəd hazırlanıb, bir çoxlarına hüquqi sənədlər təqdim edilib, müəyyən yarımçıq qalan sənədlər var ki, onların da üzərində iş gedir.
Düşünürəm ki, bu işlər sürətləndiriləcək. Çünki istər deputatlar tərəfindən, istərsə də ictimaiyyət tərəfindən ciddi təkliflər var. Hər şey qanunvericiliyə uyğun aparılmalıdır və ona görə də əmlak qanuni sənədlərlə öz təsdiqini tapmalı, gələcəkdə vətəndaşın narazılığına şərait yaratmamalıdır”, - deyə komitə sədri əlavə edib.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, hazırda Bakı və Abşeron ərazisində çıxarış ala bilməyən yüzminlərlə fərdi həyət evləri var:

“Həmin fərdi həyət evləri bir zamanlar kolxozlar, savxozlar, icra hakimiyyətləri, bələdiyyələr və digər qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələridir. Hər biri ilə bağlı istər bələdiyyə sərəncamı, istər icra hakimiyyətinin ayırdığı sərəncam və yaxud kalxoz və saxvozların verdiyi sənədlər var ki, o sənədlər üzərində vətəndaşlar fərdi yaşayış evləri tikərək bu günə qədər yaşayırlar. Həmin mənzillərin hər birinin qaz, su, işıq, internet, telefon və digər kommunikasiya xətləri var. Çıxarış ala bilməyən ərazilərdə artıq böyük yaşayış massivləri, avtobus xəttləri və bütün infrastrukturlar qurulub. Həmin ərazilərin çıxarışlarının verilməməsinə əsas səbəb, o tikililərin torpaq sahələrinin təyinatlılarının təxiri təyinat olmasıdır. Yəni ki, bir zamanlar bələdiyyələrə qanuni formada torpaq satma səlahiyyəti verildi.
Mövcud vəziyyətdə həmin ərazilərin sənədsiz olması vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bərabər, həmçinin dövlət büdcəsinin böyük gəlirlərdən məhrum olması ilə nəticələnir. Bu ərazilərdə çıxarışlar olsa, həmin əmlaklar torpaq və əmlak vergisinə cəlb olunaraq buradan da böyük büdcə formalaşa bilər. Həmin əmlaklarda çıxarışlar olarsa sığortalana, ipoteka predmetinə çevrilə və rəsmi şəkildə notarial alqı-satqı ola bilər. Qanunvericiliyimizdə də qeyd olunub ki, vətəndaş bir əmlakda 30 ildən artıq yaşayırsa, eyni zamanda digər iddiası yoxdursa, həmin əmlakı öz adına rəsmiləşdirə bilər. Bu tip ərazilərin yaşı artıq 30 ili ötüb. Bakı və Abşeronda bələdiyyə torpaqlarında tikilmiş evlərlə bərabər, həmçinin şəhərin mərkəz hissələrində, Bakının Yasamal və digər rayonlarında sovetlər dövründən qalmış yaşayış massivləri var ki, onların da yaşı ümumən 100-ü ötsə də, əksəriyyətində çıxarışlar yoxdur. Düşünürəm ki, çıxarışların verilməsi nə qədər tez sürətlənərsə, həm vətəndaşların pozulmuş mülkiyyət hüquqları bərpa olunar, həm də dövlət büdcəmiz bu sahədən hər il böyük gəlirlər əldə edə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.