Bəs Arayiklə müsahibə “kimdən asılıdır”? – Qaş düzəltmək istəyən AzTV göz çıxartdı
29-03-2024, 19:05
Azərbaycan Televiziyası (AzTV) əvvəlcədən anons etdiyi “Arayik Arutunyanla müsahibəni”ni yayımlamadı.
Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibənin martın 28-də efirə gedəcəyi ilə bağlı anons AzTV-nin öz sösial şəbəkə hesabında yayılmışdı. Amma məlum olduğu kimi, hər kəsin səbirsizliklə gözlədiyi müsahibə efirə verilmədi.
Telekanalın mətbuat katibi Rüfət Seyidov açıqlamasında bu anonsun sonradan AzTV-nin sosial şəbəkə hesablarından silindiyini vurğulayıb. Onun “müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil” ifadəsini anlamaq isə qeyri-mümkündür. Çünki bu, AzTV-dəki idarəetmənin böyük qüsurundan xəbər verir.
Adama deyərlər ki, axı anonsun yayılması vacib deyildi. Çünki artıq bir dəfə AzTV bu müsahibənin alınması ilə bağlı bəh-bəhlə xəbər yaymışdı.
Bundan başqa, teleetika qaydalarına görə, aparıcılardan kimsə efirə çıxaraq “Hörmətli tamaşaçılar, sizdən üzr istəyirik, texniki problemlər səbəbindən əvvəlcədən elan edilmiş müsahibə efirə getməyəcək” üzrxahlığını elan etməli idi. Yoxsa “müsahibənin efirə getməsi tək bizdən asılı deyil” açıqlaması (daha doğrusu, sayıqlaması) nə deməkdir?! Əgər müsahibənin efirə getməsi məsləhət deyildisə, anonsa nə ehtiyac vardı?
AzTV efirində dəfələrlə beynəlxalq terror və erməni işğalı haqqında sanballı filmlər, müsahibələr yayımlanıb. Onların müəlliflərindən biri də AzTV-nin “Xəzər” redaksiyasının mərhum baş redaktoru Samir Əsgərxanov olub.
Tanınmış jurnalist İbrahim Nəbioğlunun “rusdilli Boz Qurd” adlandırdığı və cəmi 35 il ömür sürən Samir Əsgərxanovun ərsəyə gətirdiyi “Qanlı iz”, “650 km uzununda yol”, “Satqın generallar” kimi sənədli filmlər böyük tamaşaçı rəğbəti qazanmışdı. O, “PKK” terror təşkilatı ilə ermənilər arasındakı əlaqələri araşdırır, terrorla bağlı geniş tədqiqatlar aparırdı. Sonradan Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidməti) “Samir Əsgərxanov” mükafatı təsis etməsi də jurnalistin dövlətimizin mənafeyi naminə göstərdiyi fəaliyyətin yüksək səviyyədə qiymətləndirilməsi demək idi.
Görün haradan haraya gəlmişik?!
KONKRET.az