İran Azərbaycan üçün hələ təhlükə olaraq qalır? - NƏ ETMƏLİ?
4-04-2024, 00:12
İran Azərbaycan və müxtəlif ölkələrdə İsrail səfirliklərinə və diplomatlarına qarşı terror aktları törədə bilər.
Qeyd edək ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) binasına raket zərbəsi endirdikdən sonra İran parlamentində Azərbaycana qarşı təhdid xarakterli bəyanatlar səsləndirilməyə başlanılıb.
İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçi Tehranı İsrailin Azərbaycandakı səfirliyini hədəf almağa çağırıb:
““Sionistlərin” İran ərazisinə hərbi hücumuna istənilən başlıq altında qətiyyətli və oxşar cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Mənim təklifim odur ki, "sionistlərin" region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.
Məhz iranlı millət vəkilinin bu sözləri elə rejimin Azərbaycana münasibətini əks etdirir. İstənilən halda İran hakimiyyəti İsraildən qisas almaq adı altında Azərbaycanda və digər ölkələrdə terror aktlarına əl ata bilər.
Bununla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Cebhe.info"-ya bildirib ki, İrandan hər zaman Azərbaycana qarşı təhlükə olub:
"İsrailin Azərbaycanda səfirliyi açılandan sonra səfirliyin əməkdaşları, habelə yahudi əsilli Azərbaycan vətəndaşları İranın xüsusi xidmət orqanlarının hədəfində olub.
Təbii ki, onlar öz tapşırıqlarının icrasını təsir altına düşən və pul müqabilində casusluğa cəlb olunan Azərbaycan vətəndaşlarına həvalə olunurdu. Hazırda da bu təhlükə qalmaqdadır. İran bu hədəfindən əl çəkmək niyyətində deyil. İstənilən an Azərbaycanda İsrail səfirliyinin əməkdaşları və yahudi əsilli vətəndaşlarımız təhlükə ilə üzləşə bilərlər.
Ona görə də bu istiqamətda əməliyyat şəraitinə nəzarət olmalı və daim diqqət mərkəzində saxlanılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə zəruri və lazımi addımlar atılacaq. Ölkəmizin xüsusi xidmət orqanları hər hansı təhlükənin qarşısının alınmasında qətiyyətlidirlər".