Rövşən Lənkəranskini kimlər öldürüb
18-08-2016, 23:05
Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatlarına bələd olan mənbə Rosbalt nəşrinə bildirib ki, o, avqustun 17-də axşam saatlarında İstanbuldakı otellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib.
Bundan sonra Rövşən Lənkəranski oteldən çıxıb və “Range Rover” markalı avtomobilin arxa oturacağına əyləşib.
Lənkəranskinin mühafizəçilərinin olduqları avtomobil isə onlardan arxada olub.
Kriminal avtoritetin olduğu “Range Rover” sürətlə yerindən götürülüb, arxadakı avtomobil bir qədər geri qalıb.
Gözlənilmədən “Range Rover”ə hücum olunub, avtomobil gülləbaran edilib.
Bildirilir ki, atəş açanlar ən azı 3 nəfər olub, onlar maşına qabaqdan, yandan və arxadan atəş açıblar. Sürücü avtomobili saxlayıb, sonra geriyə sürərək, atəşdən yayınıb.
“Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar “Ded Xasan”ın güllələnməsinin qisasını almaq istəyirdilər. “Ded Xasan”ın öldürülməsinin təşkilatçısı isə Rövşən Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə görə pulu isə “qanuni oğrular”ın verdikləri aydındır”, - mənbə deyib.
Virtualaz.org-un Türkiyədəki müxbiri ötən gecə İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin yaxınlarından biri ilə söhbət edə bilib.
Əslən Bakıdan olan həmin şəxs də kriminal aləmdə yaxşı tanınır və uzun müddət Rövşənlə birlikdə Türkiyədə yaşayıb, onu müxtəlif səfərlərdə tez-tez müşayiət edib.
Onun sözlərinə görə, Rövşən Lənkəranskinin Türkiyədəki kürdlər tərəfindən qətlə yetirilməsi barədə bəzi KİV-lərdə yayılan iddia böyük ehtimalla “üçüncü qüvvə” tərəfindən iki kriminal qruplaşmanı üz-üzə qoymaq üçün qəsdən ortaya atılıb. Virtualaz.org-un müsahibi onu da bildirib ki, Rövşən Lənkəranskinin adamları öz liderlərinin qətlə yetirilməsinin səbəbini və qatillərinin şəxsiyyətini müəyyənləşdirmək üçün özəl araşdırmalara başlayıblar.