Hökumət benzini ucuzlaşdıracaqmı?
19-08-2016, 09:53
İdxal olunan benzin üçün aksiz vergisinin 200 manatdan 1 manata endirilməsi qiymətə təsir edəcəkmi?
Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb. Həmin məhsulların sırasında mühərrik benzininin hər 1ÿtonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.
Bəs, bu qərar ölkəyə idxal olunan yanacağın satış qiymətinə necə təsir edəcək? Onsuz da neftin dünya bazarında qiymətinin düşməsinə baxmayaraq Azərbaycanda benzinin satış qiyməti əvvəlki vəviyyədə saxlanılıb.
Iqtisadçı ekspert Ilham Şaban hesab edir ki, Ai-92 markalı benzinin qiymətinin ucuzlaşması ilə bağlı ortada heç bir amil yoxdur. I.Şaban deyib ki, Ai-92 markalı benzin ölkəyə idxal olunmur. “Ona görə də Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxmayıb. Ikincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni oktyabrın 15-də qüvvədən düşəcək”.
Ekspertin fikrincə, idxal rüsumunun aşağı salınması yarana biləcək qıtlıq dövründə daxili bazarı qorumaq məqsədi daşıyır: “Əgər bu marka benzin yerli istehsaldırsa və hökumət də onun idxalı ilə bağlı stimullaşdırıcı, ancaq zaman məhdudiyyəti qoyulan bir qərar verirsə, demək bu, istehsal müəssisəsi ilə bağlı məsələdir.ÿNeftayırma zavodu ildə bir dəfə təmirə dayanır. Sadəcə, hazırkı təmir işlərinin miqyası böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq. Bu baxımdan, hökumət idxaldan gələn vergini minimuma endirməklə, daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb”.
Başqa sözlə, aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən idxal dövründə imtina edib (Fins.az).
SOCAR-dan aydınlıq gəldi
SOCAR Nazirlər Kabinetinin qərarına aydınlıq gətirib. SOCAR-danÿverilən məlumatda qeyd edilir ki, adı çəkilən sənədlər SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” Istehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilib.
“Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınıb. Təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan AI-92 markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16 gününə olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3 900 ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib.
Hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq AI-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət edib”.
Məlumatda deyilir ki, SOCAR-ın xahişi NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyıb: “Çünki daxili bazarda benzinin qiymətini dövlət tənzimləyir və bu qiymətlər sabit qalacaq. Idxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir”.
Beləliklə, Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir. Yaxın 3-4 gün ərzində 4 000 ton həcmində idxal benzini respublikaya gətiriləcək. H.Əliyev adına NEZ-də istehsalat prosesi bərpa olunana qədər bu iş davam etdiriləcək və ölkəyə benzin idxalı həyata keçiriləcək. Zavod işə düşdükdən sonra isə idxal dayandırılacaq.
Benzinin qiyməti aşağı endirilməlidir
“Azərbaycanda satılan benzinin qiymətində müəyyən dəyişikliklər olmalıdır”. Bunu AzNews.az-a açıqlamasında Iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, xaricdən idxal olunan aksiz vergisinə cəlb olunan malların dəyərinin enməsi qiymətlərə təsisiz ötüşməyəcək: “Burada əsas rolu Tarif Şurası oynayır. Çünki tənzimlənən qiymətlərə sözügedən qurum baxır. Əgər aksiz vergisi 200 manatdan 1 manata endirilibsə, mallar qiymət siyasətinə əsasən tənzimlənəcək”.
Azərbaycanda benzinin qiyməti çox yüksədir
Iqtisadçı Nemət Əliyev isə hesab edir ki, xaricdən idxal edilən benzinə tətbiq edilən aksiz vergisinin 200 manatdan 1 manata endirilməsi onu deməyə əsas verir ki, büdcə daxilolmaları azalacaq: “Bu məhsul üzrə aksiz vergisinin aşağı salınması büdcəyə problem yaratmayacaq. Çünki məzənnə fərqi hesabına Gömrük Komitəsinin üzərinə qoyulan plan artıqlaması ilə yerinə yetirilir. Amma ölkə daxilində satış qiymətləri indiki səviyyədə qalacaqsa, belə çıxır ki, həmin məhsul növü üzrə mənfəət vergisi üzrə ödəmələr artsın. Amma heç o da alınmır. Normalda bu məhsul növünün qiyməti aşağı salınmalıdır. Qiymətin dəyişəcəyi gözlənilmir. Çünki manat sürətlə dəyər itirməkdədir. Mərkəzi Bankın yeritdiyi məzənnə siyasəti ölkəyə idxal olunan malların qiymətinin artırılmasını zərurət halına gətirir. Belə bir vaxtda həmin məhsulun qiymətinin aşağı salınması gözlənilmir. Çünki dünya bazarında həm xam neftin, həm də neft məhsullarının qiymətləri kəskin şəkildə aşağı düşüb. Təkcə idxal olunan neft məhsullarının qiymətləri deyil, ölkə daxilində istehsal olunan benzinin də qiyməti yüksədir. Bu yalnız nəqliyyat sektoruna deyil, bütövlükdə iqtisadiyyata mənfi təsir edir”.