Oliqarxlar pullarını ölkədən çıxarır - səbəb

19-08-2016, 10:01           
Oliqarxlar pullarını ölkədən çıxarır - səbəb
“Yaxşı olar ki, onlara qeyri-rəsmi formada ən yüksək səviyyədə xəbərdarlıq edilsin...”
Ölkədə ciddi maliyyə çatışmazlığı olduğu, hökumətin xarici investorları ölkəyə cəlb etməyə çalışdığı bir vaxtda oliqarxlar vəsaitlərini xaricə çıxarmağa çalışır. Bu barədə mətbuatda iddialar yer alıb. Belə ki, 2015-ci ildə Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkətin qurulmasında iştirak ediblər.

Rəsmi məlumata əsasən, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. Türkiyənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəallığı təxminən 40 faiz artıb. Azərbaycanda vətəndaşları həmçinin Gürcüstanda ən iri investorlar olaraq tanınırlar.

Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumata görə, ötən il Azərbaycan bu ölkənin iqtisadiyyatına 550 milyon dollar birbaşa investisiya yatırıblar. Təəccüblü deyil ki, bu investorların əksəriyyəti məhz oliqarxlardır. Bəs onların ölkədən pul çıxarmasının qarşısını necə almaq olar?

“Yeni Müsavat” bu sualı iqtisadçı ekspertlərlə dəyərləndirib. İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycandan həm rəsmi, həm də qeyri-rəsmi formada çıxarılan vəsaitlərin həcminin məhdudlaşdırılması, onlara nəzarət mexanizminin gücləndirilməsi gündəmdə olan bir məsələdir və bu istiqamətdə müəyyən iş aparılır: “2016-cı ilin əvvəlindən bu məsələ gündəmdədir. Bir məsələni də nəzərə almaq lazımdır ki, qanuni şəkildə ölkədən çıxarılan vəsaitlərə qarşı hər hansı məhdudiyyət tətbiq edilmir. Bəzi ölkələrdə olub ki, müəyyən dövr üçün ölkədən investisiya məqsədli pul çıxışları tamamilə qadağan olunub. Belə təcrübələr var. Azərbaycanda hər hansı bu kimi addım atılmayıb. Bir məsələni də nəzərə almaq lazımdır ki, söhbət əgər yerli oliqarxlardan gedirsə, onlar mövcud şəraitdə rahatlıqla istənilən qədər vəsaitlərini ölkədən çıxara bilərlər. Bu kimi ölkələrdə atılacaq əsas addımlardan biri o ola bilər ki, qeyri-rəsmi formada oliqarxlara ən yüksək səviyyədə vəsaitlərini ölkədən çıxarmamaqla bağlı xəbərdarlıq edilsin. Yayılan məlumatlara görə, bu kimi tövsiyələr olub, lakin hələ də vəsait axını davam edir. Təbii ki, əvvəlki dövrlərdə olduğu qədər ciddi vəsaitlər ölkədə çıxarıla bilmir. Amma bugünkü maliyyə vəziyyətini, ölkə iqtisadiyyatının durumunu nəzərə alsaq, çıxarılan hər bir dolların həm ölkə iqtisadiyyatına, həm də milli valyutanın dəyərinə mənfi təsirləri olub”.

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, qanunvericilik baxımından bu gün hər bir vətəndaş Azərbaycandan istədiyi qədər pul çıxara bilər: “Hazırda bununla bağlı məhdudiyyət yoxdur. Valyuta tənzimi haqqında qanunvericiliyimiz buna imkan verir. Amma eyni zamanda da Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə nəzarət haqqında qanunvericilik var, maliyyə monitorinqi xidməti var. Bu xidmətin borcudur ki, Azərbaycandan çıxarılan pulların hansı yolla, qanuni yoxsa qanunsuz yolla əldə edildiyini müəyyənləşdirsin. Problem də elə bu sahədədir. Azərbaycandan istənilən vətəndaş, istədiyi qədər pul çıxara bilər, amma o sübut etməlidir ki, həmin pulu qanuni yolla əldə edib. Pulun çıxarılmasının da iki yolu var, ya bank köçürməsi ilə , ya da nağd şəkildə çıxartmalıdır. Bank vasitəsilə pulu ölkədən çıxararkən bu açıq-aşkar görünür, bu köçürmələr haqqında maliyyə monitorinqi xidmətində məlumatlar olur. Bu xidmət də həmin pulların haradan, necə qazanıldığını müəyyənləşdirməlidir. Ölkədən pulların nağd şəkildə çıxarılmasına da nəzarət var”.

Ekspert onu da diqqətə çatdırdı ki, adətən pulların xeyli hissəsi qanunsuz şəkildə çıxarılır, heç yerdə qeydə alınmır: “Buna nəzarət isə sərhəd-gömrük xidmətinin işidir. Lakin istisna deyil ki, bu pulların böyük bir hissəsi də qanuni yollarla çıxarılır. Sadəcə, maliyyə monitorinqi xidməti öz işini gücləndirməlidir. Hər dəfə məlumat əldə etməlidir ki, ölkədən bu qədər pul çıxaran adam kimdi, bu pulu haradan əldə edib. Əgər bu fəaliyyət olsa, təbii ki, ölkədən bu qədər pul çıxmaz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.