Vaxt itirib, pul töküb kağız parçası alanlar...

14-04-2024, 11:34           
Vaxt itirib, pul töküb kağız parçası alanlar...
Xarici diplomların Azərbaycanda tanınması üçün nələrə diqqət etməli?

Azərbaycanlı gənclərin bir hissəsi müxtəlif səbəblərdən xaricdə təhsil almağa üz tutur. Bəziləri bu addımı dünyanın aparıcı universitetlərində daha yaxşı təhsil almaq üçün atır. Və həqiqətən də, daha yaxşı təhsil alaraq mükəmməl mütəxəssisə çevrilir.

Amma təəssüf ki, heç də hamı xaricə bu məqsədlə üz tutmur. Xaricdə təhsil arxasınca gedənlər arasında Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanından kəsilən və ali təhsilsiz, diplomsuz qalmaq qorxusu yaşayanlar, ən azı bir müddət hərbi xidmətə çağırışdan yayınmaq istəyənləri də var. Və belələri az deyil…

Xaricdə “təhsil alıb” ölkəyə dönənlərin işi isə heç də hamar deyil. Çünki bəzən belə şəxslərin diplomu Azərbaycanda tanınmır. Bunun üçün tənzimlənmiş müxtəlif şərtlər var. Xaricdə təhsilə baş vurmadan öncə mütləq bu şərtləri nəzərdən keçirmək lazımdır. Və işin problemsiz olması üçün təhsillə, həyatla qumar oynamaq yerinə, bir məqsəd-təhsil almaq uğrunda bu yola baş qoymaq lazımdır. Əks təqdirdə özünü aldatmaqdan və vaxt itkisi yaşamaqdan başqa əldə heç nə qalmayacaq.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) bu günlərdə yaydığı məlumata görə, xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. Amma 58 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Bəs diplomların tanınmamasının əsas səbəbi nədir?

TKTA bildirib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Yəni, bu tələbələrin çoxu xarici universitetə qəbul olub, amma oxumağa getməyib. Ən yaxşı halda yalnız imtahan vaxtı gedib.

Yeri gəlmişkən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

Maraqlıdır, tələbələr xarici diplomlarının Azərbaycanda tanınması üçün nələrə diqqət etməlidir?

Məsələyə aydınlıq gətirən təhsil eksperti Kamran Əsədov Pressklub.az saytına açıqlamasında deyib ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil.

“Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox Türkiyədə distant və ya fərdi qrafik üzrə təhsil almağa üz tuturlar. Bəzi xaricdə təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər”.

Ekspert deyib ki, həmin universitetlərin və ixtisasın ölkəmizdə tanınmasına baxmayaraq, təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Ancaq həmin şirkətlər valideyn və abituriyentə Təhsil Nazirliyi tərəfindən həmin universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin da məlumat var. Amma əsas diqqət etməli məqam normativ hüquqi aktlara əməl etməkdir.

Müsahibimiz bildirib ki, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr müddətində həmin ölkənin ərazisində olmalıdırlar. Onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, diplomları tanınmır.

Ekspertin sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır: “Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən də tələbə məlumatsızlığı olur. Çünki bəzi tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə zamanlarını boş yerə sərf edərək Azərbaycanda tanınmayan diploma sahib olurlar. Nəticədə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər”.

Mütəxəssis bildirib ki, tələbə öz ölkəsi tərəfindən tanınan hər hansı bir xarici universitetdə (hətta reytinqli olsa belə) istənilən ixtisasda təhsil ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq qanunla müəyyənləşmiş magistratura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr və ya magistratura təhsili alıb Azərbaycana qayıdanda ona diplom tanınması barədə veriləcək şəhadətnamədə xaricdə aldığı təhsilin Azərbaycanda tədris olunan hansı ixtisasa bərabər olduğu qeyd olunur.

Müsahibimiz qeyd edib ki, Təhsil Nazirliyi və ya TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyimiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik: “Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr “Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və digərləridir. Ona görə də tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Amma siyahıda yoxdursa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var”.

Həmsöhbətimiz qeyd edib ki, TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur: “Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını təhsil aldığı ölkədə keçirsin”.

Ekspert deyib ki, ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir. Bu möhür olmadığı halda diplom tanına bilməz.

Müsahibimiz sonda bildirib ki, tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir: “Yekun olaraq, xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaqdır”.

Əsədov bildirib ki, xarici diplomun tanınma müddəti minimum 6 ay və maksimum 2 il çəkə bilər. Bu prosedur uzun müddətli həyata keçirildiyinə görə tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsilə qeydiyyatdan keçməlidir. Həmçinin xarici ölkədə qiyabi təhsil alanlar həmin ölkədə 15 gündən, əyani təhsil alanlar isə 90 gündən az olmamalıdırlar. Yoxsa, diplom tanınmayacaq. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin məktubunu agentliyin cavablandırması nostrifikasiya prosesinə aid edilir. Diplomun tanınması proseduruna təqdim edilən sənədlər universitetə göndərildikdə agentlik araşdırma edib, ona uyğun müsbət və ya mənfi cavab verir. Bundan əlavə, tələbənin agentliyə təqdim etdiyi sənədlərlə, təhsil aldığı ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa, agentlik həmin diplomu tanımayacaq.

Yeri gəlmişkən, xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirən TKTA öz rəsmi saytında bildirib ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilməyib. Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Bu seçim sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkənizdə tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi “” bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Bu arada, universitetin akkreditə olunması diplomun tanınması demək deyil.

Çox vaxt tələbələr işin asanına qaçdığını düşünürlər, amma yanılırlar. Yalnız diplom almaq üçün xarici universitetə baş vuran bəzi tələbələr lazımi normativ hüquqi aktlara əməl etmədən hazıra nazir olub, diplom almağı gözləyir. Düzdür, diplom alır. Amma öz ölkəsində onu tanıtdıra bilmədikdən sonra o diplom nəyə yarar?

Məsələnin digər tərəfi də diplomun tanınmasına baxmayaraq, lazımi biliyə yiyələnə bilməyən gənclərin olmasıdır. Yəni, tələbə bütün lazımi tələblərə əməl edir və təhsil almaq üçün həvəslə xarici universitetə yola düşür. Amma heç nə gözlədiyi kimi olmur. Çünki bəzi xarici universitetlər yalnız pulunu alıb, diplom vermək işinə baxır. Yəni, keyfiyyətli tədris sistemi yoxdur. Mütəxəssis yetişdirməyi bacarmır. Nəticədə diplomlu bacarıqsızlar, işsizlər cəmiyyəti formalaşır. Təsəvvür edin, tanınmış bir universiteti bitirəsən, amma qazandığın tək şey diplom olsun. Lazımi bilik və bacarıqları qazanmaq, peşəkar olmaq isə qalır xülyalar aləmində... Düzdür, peşəkar olmaq üçün təkcə universitet biliyi bəs eləmir. Amma baza rolunu oynayır, təməl biliyi verir. Bunu da edə bilmədikdən sonra o universiteti bitirməyin nə mənası?

Günay Elşən
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.