“Orada insanlar acından ölür”: Həqiqət haradadır, yalan harada?
Bu gün, 00:18

Ərzağın kimin əlində olması danışıqlarda əsas maneələrdən birinə çevrilib
İsrail Qəzzada kütləvi aclıq barədə xəbərdarlıq edən 100-dən çox humanitar və insan haqları təşkilatının bəyanatını rədd edir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Bu təşkilatlar saylarının çox olmasından istifadə edərək, HƏMAS-ın təbliğatına xidmət edir və onların törətdiyi dəhşətlərə haqq qazandırırlar. Terrorçu təşkilata qarşı çıxmaq əvəzinə, onu özlərinki kimi qəbul edirlər, – nazirliyin bəyanatında bildirilir. – Danışıqların bu həlledici mərhələsində onlar HƏMAS-ın təbliğatını təkrarlayır və atəşkəs şansını pozurlar. Biz bütün təşkilatları HƏMAS-ın tezislərindən istifadəni dərhal dayandırmağa çağırırıq”.
İsrail Xarici İşlər Nazirliyi bildirir ki, 19 maydan bəri Qəzzaya 4500-ə yaxın yük maşını daxil olub. Onların arasında 2500 ton uşaq qidası və uşaqlar üçün yüksək kalorili ərzaq olub.
Bəyanatda həmçinin qeyd olunur ki, hazırda Qəzzada humanitar yardımla dolu 700-dən çox yük maşını var və onların BMT tərəfindən paylanması gözlənilir.
“Bu dar boğaz Qəzza zolağına humanitar yardımın davamlı axınının qarşısını alan əsas maneədir, – İsrail XİN-in açıqlamasında qeyd olunur. – Onlar üçün İsrailə qarşı nifrət Qəzza əhalisinə yardım göstərməkdən daha vacibdir”.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi Qəzzada aclıqdan azı 15 nəfərin öldüyünü bildirmişdi. Sonradan daha 10 nəfərin də aclıqdan öldüyü xəbər verilirdi.
Bəs burada hansı iddia doğru, hansı yalandır? Qəzzada aclıqdan ölüm halını təsdiq edən heç olmasa bir sənədli fakt varmı? Əgər yoxdursa, onda dünyanın aparıcı Qərb KİV-ləri də daxil olmaqla niyə hamı bu barədə car çəkir? Məqsəd nədir?
Tanınmış israilli jurnalist və tarixçi Şimon Briman bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
Onun sözlərinə görə, “Qəzzada aclıq” ətrafında yaradılan hay-küy HƏMAS terror təşkilatının İsrailə qarşı apardığı təbliğat kampaniyasının bir hissəsidir.
“Ağlaşma ilə müşayiət edilən bu məsələ məhz indi gündəmə gətirilir: 60 günlük atəşkəslə bağlı Dohada aparılan danışıqların son mərhələsində. Bu günlərdə Stiv Uitkoff Dohaya gəlir və “aclıq”la bağlı bütün bu hay-küyün məqsədi yalnız İsrailə əlavə təzyiq göstərmək və HƏMAS üçün daha sərfəli razılaşma şərtləri əldə etməkdir.
Qəzzada heç bir aclıq yoxdur. Ola bilsin, İsrailin hazırkı hökumətinin bəzi seçiciləri deyərdi: “Kaş ki, aclıq olardı”. Çünki kütləvi qətllərin təşkilatçılarını dəstəkləyən bu əhali ərzaq təminatının pisləşməsini tamamilə haqq edir. Lakin İsrail beynəlxalq öhdəliklər və döyüş zonasında mülki əhaliyə münasibətdə tətbiq olunan qaydalara riayət edir.
Bəlkə də İsrail əbəs yerə Qərb demokratları arasındakı reputasiyasına həddən artıq önəm verir və müharibənin ilk günlərindən etibarən Qəzzaya – müharibə apardığı əraziyə – ərzaq idxalına icazə verərək əhəmiyyətli güzəştlərə gedir. Bir çox yerli ekspertlər uzun müddətdir bu siyasəti dəlilik adlandırır və deyirlər: özümüzün ərzaq verdiyimiz düşmənlə mübarizədə necə qələbə gözləmək olar?!”, – ekspert bildirib.
O qeyd edib ki, HƏMAS terrorçuları ilə BMT-nin ərzaq strukturlarının bir-birinə necə bağlı olduğunun ən bariz sübutlarından biri də hazırda Dohada gedən danışıqlardır. HƏMAS ərzaq tədarükünün BMT kanalları – UNRWA xətti ilə həyata keçirilməsini tələbi edir və bu da əsas mübahisə doğuran məsələlərdən biridir.
“HƏMAS niyə BMT-nin tədarükünü üstün tutur? Çünki UNRWA-nın yerli əməkdaşları illərdir HƏMAS-ın fəal üzvləridir və ərzaq daşıyan bütün yük maşınlarının axınına nəzarət terrorçuların əlindədir.
İnternetdə bununla bağlı yüzlərlə video var – silahlı HƏMAS üzvləri ərzaq daşıyan maşınları qarşılayır, onları ələ keçirir və “dinc sakinlərə” bu məhsulları çatdırmağa imkan vermirlər. Məhz ərzağa nəzarət HƏMAS-ın əhali üzərindəki gündəlik hakimiyyətinin əsasına çevrilib.
Buna görə də, İsrail ərzağın sektorun cənubunda – Rafah rayonunda yerləşən GHF Amerika humanitar fondu vasitəsilə paylanmasını üstün tutur. Çünki ərzağın bu fond vasitəsilə paylanması HƏMAS-dan azad zonada baş verir və terrorçuları “qida vasitəsilə hakimiyyət”dən məhrum edir.
Fondun məlumatına görə, təkcə 2025-ci il iyulun 23-də sektor sakinlərinin konkret ailələrinə 2,2 milyon pay yemək verilib. GHF fondunun bu ilin mayında fəaliyyətə başlamasından bəri ümumilikdə 89 milyon pay yemək paylanılıb. Bütün bunlar HƏMAS-ın qəzəbinə səbəb olur və fondun əməkdaşlarına qarşı dəfələrlə sui-qəsd cəhdləri edilib – çünki bu cür paylama terrorçuların hakimiyyətini zəiflədir.
İsrail Müdafiə Ordusunun mətbuat xidməti fotolar yayımlayıb: HƏMAS üzvləri Qəzza sektorunun tunel və zirzəmilərində ləziz yeməklər yeyir, ziyafət çəkirlər. Bu zaman dünya KİV-lərində “Qəzzada aclıq” haqqında yalan təbliğat kampaniyası davam edir”, – Briman bildirib.
Rauf Orucov