"Hansısa maraqlara görə tariximizi darmadağın etdilər" - BAKI SAKİNİ TARİXİ ABİDƏLƏRİN MƏHV OLUNMASINA ETİRAZ EDİR
Bu gün, 10:44

Bakı şəhər sakini Qasımov Vaqif Güləli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Qasımov Vaqif Güləli oğlu, 13.09.1957-ci ildə Bakı şəhərində anadan olmuşam. 49 il dövlət idarəsində işləmişəm. 14.09.2022-ci ildən pensiyadayam.
Bakı şəhəri hər kəsə əziz və doğma olduğu kimi, bakılılar üçün xüsusi doğmadır. Bu gözəl şəhər hər kəsə qucaq açıb. Şəhərimdə hansısa özbaşınalıqları görəndə sözün həqiqi mənasında ürəyim ağrıyır...
Hələ orta məktəbdə oxuyarkən qonşuda yaşayan oğlan mənə dedi ki, İnşaatçılar Mədəniyyət Sarayında dram dərnəyi fəaliyyət göstərir, tətildəyik, gedək vaxtımızı səmərəli keçirək.
Fətəlixan Xoyski küçəsi, 5 saylı klinik xəstəxana ilə üzbə-üz olan bu klub 1988-ci ildən fəaliyyət göstərirdi.
Hətta sonralar qızlarımı da həmin kluba şənlik üçün aparmışam. Bir sözlə, yaxşı vaxtları olub. O klub haqında mən yaşda olanların yəqin ki, yaxşı fikirləri, görüşləri vardır.
Hazırda isə həmin klubun vəziyyəti heç ürəkaçan deyil. Mən belə qənaətə gəlmişəm ki, Mədəniyyət nazirinin bu klub haqqında ya məlumatı yoxdur, ya da yaddan çıxıb.
Demək olar ki, əksər kinoteatrlar, klublar dağıdılıb. "Nərimanov", "Şuşa", "Dostluq", "C.Cabbarlı", "Sevil", "Xəzər", "Səttarxan" və "Bemz" klublarını yerlə yeksan edib, yerlərini satıblar. Tarixi dağıtmaq məhv etmək olar?
Şəkildə İnşaatçılar Mədəniyyət Sarayının ön görüntüsünü sizə təqdim edirəm. Arxa tərəfi dağılıb, tamamilə bərbad vəziyyətdədir.
Burada məktəblilərin rəqs klubu var idi, Rəhbəri Kamal Həsənov idi. Özü rəqs professoru idi. Həmçinin, İncəsənət Universitetində rəsm dərsi deyirdi. Hansısa maraqlara görə tariximizi darmadağın etdilər".
Jalə FAMİLQIZI
Redaksoyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.