Gözlənilən "əfv sərəncamı" 10 suala cavabda

14-04-2024, 12:54           
Gözlənilən "əfv sərəncamı" 10 suala cavabda
Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti “əfv sərəncamını” verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir, komissiyanın üzvü Əliməmməd Nuriyev BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, əfv sərəncamının 28 May Müstəqillik Gününədək və ya ondan sonra veriləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

“Lakin adətən sərəncam hansısa bayramla əlaqədar verilir. Bu zamanı cənab Prezident müəyyənləşdirəcək”, o bildirib.

“Əfv sərəncamı” nədir? Kimlərə tətbiq edilə bilər? Bu və digər suallara cavabları aşağıda oxuyun.
1. Əfv sərəncamı nədir?
Azərbaycan Prezidenti Konstitusiya ilə ona verilmiş hüquqlara görə, müxtəlif məhbusların azad olunması barədə əfv sərəncamı imzalaya bilir. O bunu adətən bayram ərəfələrində edir.

Əfvin kimlərə şamil olunması barədə tövsiyəni Prezident yanında Əfv Komissiyası verir.

Geniş məhbus sayını əhatə edən sərəncamlar adətən, Novruz və ya 28 May Müstəqillik günü kimi önəmli bayramlar ərəfəsində verilir.

2. Əfv kimlərə tətbiq edilə bilər?
Əfv, Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Amma tövsiyə olunma o demək deyil ki, həmin məhbus dərhal azad olunacaq. Son qərarı vermək ölkə Prezidentinin səlahiyyətindədir, komissiya üzvü Əliməmməd Nuriyev BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, bir məhbusun əfv olunması prosesində bütün maraqlı tərəflərin - məhbusun, zərərçəkənin, cəmiyyəti təmsil edən orqanların, ittihamı müdafiə etmiş qurumların rəyi toplanır və Əfv Komissiyası da bu toplanmış məlumatı müsbət və ya mənfi olaraq qiymətləndirir.
3. Prezident nəyi əfv edə bilər?
Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.

4. Əfv Komissiyası kimlərdən ibarətdir?
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncama əsasən, hazırda Əfv Komissiyasında:

Ədliyyə və daxili işlər nazirləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Prezident Adminstrasiyasının(PA) hüquq mühafizə orqanları ilə iş şöbəsinin sədri, şöbənin Əfv məsələləri sektorunun müdiri, PA-nın qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Milli Məclisin Səhiyyə, İnsan hüquqları və Mədəniyyət komitələrinin sədrləri, Mətbuat Şurasının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini, 2 deputat və ictimayyət nümayəndələri kimi 3 QHT rəhbəri təmsil olunur.

Əfv Komissiyasının sədri isə PA-nın rəhbəri təyin olunub.

5. “Siyasi məhbus” sayılan şəxslərin əfvi gözlənilirmi?
Bəzi yerli və beynəlxalq hüquq müdafiəçiləri "Azərbaycanda onlarla siyasi məhbus və vicdan məhbusu" olduğunu bildirir.

Əfv Komissiyasından BBC-yə bildiriblər ki, yerli və beynəlxalq insan haqları təşkilatlarından daha əvvəlki əfv sərəncamları zamanı ayrı-ayrı şəxslərlə bağlı müraciətlər olub.

Bu il də belə müraciətlərin olacağı istisna edilmir. Lakin Əfv Komissiyanda “vicdan məhbusu” və ya “siyasi məhbus” kriteriyası yoxdur. Əfv Komissiyası üçün sadəcə məhkum anlayışı var. Və əgər o məhkumun məlumatları ümumi kriteriyalara uyğun gəlirsə, onun əfvinə müsbət rəy verilə bilir.

“Əvvəlki illərdə Prezident fəalları əfv edib, ola bilər ki, bu il də etsin”, Əliməmməd Nuriyev BBC-yə deyib.

6. Əfvə kim və nə vaxt müraciət edə bilər?
Əslində, əfv üçün ilin konkret günlərində müraciət edilməsi şərt deyil. Lakin təcrübəyə əsasən, Əfv Komissiyasının iclasları başladıqdan sonra gələn ərizələrin baxılması növbəti əfv sərəncamına qalır.

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da əfvlə bağlı öz vəsatətini qaldıra bilər.
7. Məhkum cəzasının hansı mərhələsində əfv istəyə bilər?
Böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum edilmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfvə müraciət edə bilər.

Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhbus cəza müddətinin ən azı üçdə bir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə tutulanlar isə cəzasının ən azı yarısını çəkəndən sonra əfv istəyə bilərlər.

Ömürlük azadlıqdan məhrum edilən məhkum əfv istəyirsə, cəzasının on il müddətini çəkməlidir.

Məhkumluğun götürülməsini istəyən məhbusa isə qanun cəzasını çəkdikdən sonra əfvə üz tutmaq imkanı verir. Əgər işi Apellyasiya və ya Ali Məhkəmədə olan şəxs əfv üçün müraciət edərsə, belə ərizələrə baxılmır. Çünki əfv sərəncamı yalnız barələrində qanuni qüvvəyə minmiş hökm olan şəxslərə şamil olunur.

8. Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?
Məhkum olunmuş şəxsin şəxsi məlumatları ərizədə yazılmalıdır. Onun barəsində hökm çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu və digər məhkəmə instansiyalarının nəticəsi, aldığı cəza növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer ərizədə göstərilir.

O cümlədən, məhkumun səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar da müraciətdə öz əksini tapmalıdır.

Ərizədə məhkumun törətdiyi əməldən peşimanlıq çəkməsini, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər halları göstərməsi arzu olunur.

9. Ərizə hara göndərilir?
Əfv haqqında ərizə Bakı şəhərində yerləşən Prezident Administrasiyasına(PA) göndərilir.

Ərizələr burda qeydiyyatdan keçir və əgər ərizə üçün tələblərə riayət olunmayıbsa, 10 gün müddətində ərizəçinin müraciətini baxılmamış saxlayır və həmin şəxsə bu barədə yazılı məlumatlar verir. Şəxs yenidən müraciət edə bilər.

Əgər göndərilən müraciət Əfv Məsələləri Komissiyasının səlahiyyətlərinə aid olmasa, ərizə müvafiq dövlət orqanlarına aidiyyəti üzrə baxılmaq üçün göndərilir.

Ərizədə bütün tələblər qorunubsa, baxılması üçün hazırlanır. Bunun üçün Əfv məsələləri sektoru aidiyyətli qurumlara zəruri məlumatların toplanması üçün sorğular göndərir.

10. Kimlərin əfv olunması yalnız müstəsna halda mümkün ola bilər?
Məhkum olunmuş şəxsin əməllərində cinayətlərin xüsusi təhlükəli residivi olduqda;
Əvvəllər barəsində amnistiya, əfvetmə tətbiq edildikdə şərti məhkum olunmuş şəxs sınaq müddəti ərzində, cəzaçəkmənin təxirə salındığı müddətdə, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
Məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;
Xəstəliyə görə cəzanı çəkməkdən azad edildikdə yenidən qəsdən cinayət törətdiyinə görə məhkum olunduqda;
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.