İran - İsrail savaşı: nələr baş verəcək?

14-04-2024, 10:42           
İran - İsrail savaşı: nələr baş verəcək?
Bölgə çalxalanır, bütün mümkün toqquşma nöqtələri masadadır

İran “Şahed” dronları və qanadlı raketlərdən istifadə edərək İsrail ərazisinə hücum edib. Bunun Suriyadakı İran konsulluğunun bombalanmasına cavab olduğu bildirilir.

İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin binasına hücum aprelin 1-də baş verib. Ölənlər arasında İran xüsusi təyinatlıları Qüds qüvvələrinin əsas komandirlərindən biri, briqada generalı Məhəmməd Rza Zahedi, onun müavini, briqada generalı Məhəmməd Hadi Rəhimi və onların beş həmkarı da var. İranda onları Suriyada hərbi məsləhətçi adlandırırdılar.

Suriya Müdafiə Nazirliyi İsrail təyyarələrinin Qolan təpələrindən zərbələr endirdiyini bildirib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan konsulluq şöbəsinə hücumu “bütün mümkün beynəlxalq konvensiyaların pozulması” adlandırıb. İran qisas alacağına söz verib.

Bundan sonra nə baş verəcək? İsrailin xaricdəki diplomatik nümayəndəlikləri hədəf alına bilərmi?

AYNA-nın suallarını tanınmış israilli ekspertlər cavablandırıblar.

İranşünas tədqiqatçı və jurnalist Mixail Borodkin:

“Həqiqətən də, İsrailin diplomatik missiyasına və ya bəzi ölkələrdəki yəhudi icmasının obyektlərinə zərbə endirmək İranın SEPAH generalları və zabitlərinin ən çox ehtimal olunan cavabı kimi görünür. Cavab zərbəsinin digər variantları, məsələn, İran ərazisindən birbaşa İsrailə raket atılması və ya “Hizbullah” tərəfindən atəşə tutulması İran üçün ciddi nəticələrlə doludur - gərginliyin kəskin artması, ABŞ-ın münaqişəyə müdaxiləsi və s. ola bilər.

İran təbliğatı bununla bağlı çoxlu hədələyici bəyanatlar verib, xüsusilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və İraq Kürdüstanını ayırıb – baxmayaraq ki, sonuncuda İsrailin rəsmi nümayəndəlikləri yoxdur. Ancaq hər ikisinin təhlükəsizlik məsələlərinə ciddi yanaşdığı üçün Azərbaycanın və ya BƏƏ-dəki nümayəndəliklərin hədəfə alınması mənə qətiyyən real görünmür.

1990-cı illərdə İran İsrailin Argentinadakı səfirliyinə hücum edib, Bolqarıstan və Hindistanda da diplomatlara hücumlar olub, Taylandda diplomatlara sui-qəsd cəhdi olub. Odur ki, iranlılar belə bir hücumu həyata keçirməyin daha asan olduğu ölkə axtaracaqlar. Bəlkə də, Afrika ölkələrindən birini seçəcəklər.

Eyni zamanda, İsrail və Qərb kəşfiyyat xidmətləri bütün bunları başa düşür və belə bir terror aktının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək. Ona görə də mən belə bir hücumun yaxın gələcəkdə baş verməyəcəyini istisna etməzdim”.

Siyasi ekspert, publisist Aviqdor Eskin:

“İsraillə mübarizə aparan bütün terror təşkilatlarının arxasında İran dayanır. Eyni zamanda, İran nüvə silahının yaradılmasına yaxınlaşır. Bu, İsraillə birbaşa toqquşma ehtimalını yaradır.

Ancaq göstərilən tarixlərdə nəyinsə baş verəcəyi ehtimalı azdır. İsrail İranın istənilən İsrail hədəfini vurmaq cəhdlərinə hazırdır. Cavaba cavab İran üçün dözülməz dərəcədə çətin olacaq. Buna görə də ani eskalasiyanı təsəvvür etmək çətindir”.

Müəllif: Rauf Orucov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.