İsrail İranın hücumu barədə: "uyğun bildiyimiz zamanda hesab ödədəcəyik" VİDEO/FOTO
15-04-2024, 11:14
İsrail İranın hücumuna "uyğun bildiyi formada və zamanda" cavab verəcəyini bildirib.
İran İsrailə şənbədən bazara keçən gecə 300-dən çox pilotsuz təyyarə, qanadlı və ballistik raket atıb. İsrail bu hücumun özü və müttəfiqləri tərəfindən zərərsizləşdirildiyini deyib.
“Biz regional koalisiya qurub, özümüz uyğun bildiyimiz formada və zamanda İranı bunun hesabını ödəməyə məcbur edəcəyik”, - bazar günü İsrail Müharibə Kabinetinin naziri və keçmiş müdafiə naziri Benny Gantz deyib.
Bazar günü Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və Gantz-ın daxil olduğu Müharibə Kabinetinin iclası keçirilir.
Daha əvvəl Qərb və İsrail nəşrləri anonim mənbələrə istinadən bildirmişdilər ki, ABŞ İsraili hərbi cavab verməkdən çəkindirmək üçün ona təzyiq edir. Washington Yaxın Şərqdə nəticələri gözlənilməz ola bilən açıq regional müharibədən ehtiyatlanır.
“ABŞ və digər tərəfdaşlarla birlikdə biz İsrail dövlətinin ərazisini müdafiə edə bildik. Çox az ziyan dəyib", - İsrailin müdafiə naziri Yoav Gallant bildirib.
Lakin o əlavə edib ki, “bu, kampaniyanın sonu deyil... İstənilən ssenariyə hazır olmalıyıq”.
"Fransa da İranın İsrailə hücumundan müdafiədə iştirak edən ölkələr arasında olub",- İsrail ordusunun açıqlamasında bildirilib.
İsrailin müttəfiqləri arasında, həmçinin Böyük Britaniya, İordaniya da var.
Britaniyanın Baş naziri Rishi Sunak deyib ki, regiona əlavə qırıcılar göndərilib və Britaniya da bir neçə İran dronunun vurulmasında iştirak edib.
İran hücumu "Doğru vəd əməliyyatı” adlandırıb və bildirib ki, hücum aprelin 1-də İran səfirliyinə hücum da daxil olmaqla, İsrailin "təkrarlanan cinayətləri" ilə bağlıdır.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bağiri dövlət televiziyasına deyib ki, İsrail cavab tədbirləri görəcəyi təqdirdə İranın cavabı gecəki hücumdan “daha böyük” olacaq.
İran həmçinin Washington-u xəbərdar edib ki, ABŞ İsrailin cavab tədbirlərini dəstəkləsə, Amerika bazaları da hədəf alınacaq.
İsrailin Baş naziri Benjamin Netanyahu X hesabında yazıb ki, onlar "qələbə qazanacaqlar".
"Biz müdaxilə etdik. Biz blokladıq. Biz qələbə qazanacayıq", - o bildirib.
İsrail hücumdan zərər görübmü?
BBC-nin Yaxın Şərq üzrə müxbiri Hugo Bachega xəbər verib ki, Qüdsdə (Yerusəlim) yerli vaxtla 01:45 radələrində (Bakı vaxtilə 02:45) sirena verilib və güclü partlayış səsləri eşidilib. Bu, hava hücumundan müdafiə sisteminin şəhər üzərində obyektləri vurması ilə əlaqəlidir.
Hücum nəticəsində 7 yaşlı qız da daxil olmaqla, ümumilikdə, 12 nəfər yaralanıb, İsrail bildirib. Həmçinin bir hərbi baza yüngül zərər görüb.
İran İnqilab Keşikçiləri ötən axşam elan edib ki, İsraildə müəyyən hədəflərə raket və dron hücumu ediblər.
İRNA bildirib ki, İran İsrailə doğru ilk ballistik raketi atıb və raketin hədəfi ölkənin "dərinlikləri" olub.
Azərbaycan XİN İran və İsraili "təmkinli olmağa" çağırır
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "İran və İsrail arasında gərginliyin artmasından dərin narahatlığını" açıqlayıb.
Qurum X sosial mediasında "tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan çəkinməyə çağırıb".
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirib ki, aprelin 14-də Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı, Dammam-Bakı, Dehli-Bakı, Dubay-Bakı reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.
Bazar günü səhər Beyrut hava limanı açılıb. Livanın paytaxtına daxili və xaricə uçuşlar bərpa edilib.
İsrail hava məkanını bağladıqdan 7 saat sonra yerli vaxtla saat 07:30-da hava məkanını yenidən açacağını bəyan edib.
Şənbə günü gecə saatlarında, həmçinin İordaniya da hava məkanını bağlamışdı. İordaniyanın dövlət televiziyasının məlumatına görə, ölkənin hava məkanı yenidən açılacaq.
İran hücumdan 72 saat əvvəl qonşularına məlumat verib
İran İsrailə hücum barədə qonşularını və dostlarını hücumdan üç gün əvvəl xəbərdar edib, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Əməliyyat başlamazdan təxminən 72 saat əvvəl biz bölgədəki dostlarımıza və qonşularımıza İranın İsrailə cavab tədbirləri barədə məlumat vermişik ki, bu, qanuni və qətidir”, - o deyib.
Onun sözlərinə görə, xarici səfirlərlə görüş zamanı İran ABŞ-a bildirib ki, onun İsrailə zərbələri “məhdud” olacaq və özünümüdafiə məqsədi daşıyacaq.
İran: "İsrail cavab verməzsə, hücum davam etməyəcək"
Bir neçə saat sonra BMT nizamnaməsinin 51-ci maddəsini misal gətirən İran bildirib ki, "artıq məsələ bitmiş hesab edilə bilər".
Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi Twitter/X-da bildirib.
Başqa sözlə, İran İsrail "qisas almaq istəməsə" hücumu davam etdirməyəcəyinə işarə edib, lakin bildirib ki, bu, İran və İsrail arasında "münaqişədir və ABŞ kənarda qalmalıdır".
BMT nizamnaməsinin 51-ci maddəsində deyilir ki, üzv dövlətlər “silahlı hücum baş verərsə, fərdi və ya kollektiv özünümüdafiə hüququna malikdir”.
ABŞ İran dronlarını "vurub", Britaniya qırıcıları havadadır
İki ABŞ rəsmisi bildirib ki, ABŞ İsrailə doğru gedən iki İran dronunu vurub, CBS News xəbər verib.
Britaniyanın Kral Hava Qüvvələri (RAF) qırıcıları da İraq və Suriya hava məkanlarında uçaraq hər hansı İran dronu və ya raketini hədəfləmək tapşırığı alıb.
BBC-nin müdafiə müxbiri Jonathan Beale deyir ki, Britaniya Müdafiə Nazirliyi neçə RAF Tayfununun səmaya qaldırıldığını və ya hədəfləri vurub-vurmadağını deməyib.
Lakin bəlli olan budur ki, onlar İsrail üzərində uçmurlar.
İsrailin etibarlı 12-ci kanalı bildirib ki, İrana məxsus 100-ə yaxın dron və qanadlı raket atılıb. Onlardan bir neçəsi artıq İordaniya və Suriyanın səmasında vurulub.
Hücum gözlənilən olduğundan İsrail silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, ordu "bütün hədəfləri izlədiklərini" deyib.
İsrailin Baş naziri Benjamin Netanyahu müharibə kabinetinin iclasını çağırıb və xalqa müraciətində deyib ki, ordu "istənilən ssenariyə hazırdır".
Bazar günü İsraildə iş günü olsa da, ölkədə məktəblərdə dərslər ləğv edilib.
İsrail, İordaniya, Livan və İraq hava məkanlarını qapadıblar, Suriya və İordaniya isə hava hücumundan müdafiə sistemlərini aktiv vəziyyətə gətiriblər.
"Yeni Yaxın Şərqdə ilk gün"
İsrailin Müdafiə Nazirliyinin sabiq sözçüsü Jonathan Conricus deyir ki, bu "yeni Yaxın Şərqin ilk günüdür - İran ilk dəfədir ki, İsrailə öz torpağından, birbaşa hücum edir".
Onun sözlərinə görə, bu, ABŞ da daxil olmaqla, başqa ölkələri də münaqişəyə cəlb edə bilər.
Jonathan Conricus deyir ki, İrandakı hədəflərə gəldikdə isə, bunlar çox güman ki, “Hizbullah, Suriyadakı İrana bağlı qruplar, Yəməndəki husilər kimi müxtəlif terror qruplarını silahlandırmaqla əlaqəli” məkanlar olacaq.
İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani xəbərdarlıq edib ki, "İrana [potensial] hücum üçün İsrailə öz torpağını və hava məkanını açan istənilən ölkə bizim qətiyyətli cavabımızı alacaq".
Dünya liderlərinin reaksiyası
Böyük Britaniyanın Baş naziri Rishi Sunak "İran rejiminin İsrailə qarşı düşünülməmiş hücumunu ən sərt şəkildə" pisləyib.
O deyib ki, hücum "gərginliyi alovlandırmaq və regionda sabitliyi pozmaq riski"nə malikdir.
Cənab Sunak İsrailin, eləcə də regionda digər tərəfdaş ölkələrin - İordaniya və İraqın təhlükəsizliyini müdafiə etməyə davam edəcəyini açıqlayıb.
Ağ Evdən bildiriblər ki, ABŞ Prezidenti Joe Biden hadisə barədə tez-tez məlumat alır və günorta vaxti Milli Təhlükəsizlik komandası ilə görüşəcək.
Milli Təhlükəsizlik Komandasının sözçüsü Adrienne Watson deyib ki, Prezident Bidenın mesajı aydındır: "Bizim İsrailə dəstəyimiz dəmir kimidir. ABŞ İsrail xalqı ilə birdir və İrandan gələn bu təhdidlərə qarşı müdafiələrini dəstəkləyirlər."
ABŞ Prezidenti Joe Biden həmçinin "İranın həyasız hücumuna vahid diplomatik cavab vermək üçün" Böyük Yeddilik liderlərini toplayacağını açıqlayıb.
Xameneyinin xəbərdarlığı
Aprelin əvvəlində İranın Suriyadakı konsulluğuna edilən hücum nəticəsində 13 nəfər həlak olub, İran buna görə İsraildən qisas alacağını bildirib.
İsrail konsulluğa hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, bunun arxasında dayandığı hesab edilir.
Bundan əvvəl, İranın Ali Dini Lideri Ayətullah Xameneyi televiziya ilə yayımlanmış çıxışında deyib ki, “Şər rejimi cəzalandırılmalıdır və cəzasını da alacaq”.
Bu barədə videoya YouTube kanalımızda baxın.
İranın qisas açıqlamasından sonra Birləşmiş Ştatlar Prezidenti Jo Biden İrana xəbərdarlıq edib.
O deyib ki, İsraili qorumaq üçün əlindən gələni edəcək. O, İsrailə ən möhkəm dəstəyi verəcəyini deyib.
Bundan başqa, ABŞ İranın İsrailə hücum edəcəyindən ehtiyatlandığı üçün işçilərinin İsraildə səfərini məhdudlaşdırıb.
ABŞ-ın İsraildəki Səfirliyi bu gün bildirib ki, işçilərə Yerusəlim, Tel-Əviv və Beer-Şeva şəhərlərindən kənara çıxmaq qadağan olunub.
Böyük Britaniyanın xarici işlər naziri Lord Cameron iranlı həmkarına zəng edərək, vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.