"Qərb Azərbaycana qarşı qərəzli mövqeyini nəticə vermədiyini gördükdə..." - Novruz Məmmədov
21-08-2016, 08:41
Azərbaycanın apardığı daxili və xarici siyasət göstərir ki, ona qarşı aparılan qərəzli yanaşmaların heç bir nəticəsi olmayacaq. Trend-in məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib.
N.Məmmədov bəzi beynəlxalq qurumların Azərbaycana olan qeyri-obyektiv mövqeyinə münasibət bildirərək qeyd edib ki, Azərbaycan bu gün regionun sabit, təhlükəsiz ölkəsi olaraq öz siyasətini davam etdirməkdədir: "Bəzən Qərb dairələri, beynəlxalq qurumlar və dövlətlər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Lakin sonradan onlar özləri bunun heç bir nəticə vermədiyini gördükdə yenidən Azərbaycana tərəf addım atmağa başlayırlar".
Prezident Administrasiyası rəhbərinin müavini hazırda belə bir halın müşahidə olunduğunu deyib. O, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ciddi zərər vurmaqda şübhəli bilinərək həbs edilən “Real” hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı bəzi beynəlxalq qurumların verdiyi bəyanatların da qərəzli olduğunu bildirib: “Bu cür addımlar, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri heç vaxt nəticə verməyəcək. Azərbaycana qarşı bu ikili standartlardan əl çəkmək lazımdır. Azərbaycan 25 ildir öz seçdiyi yol ilə düzgün və uğurla, beynəlxalq əlaqələrini də daim inkişaf etdirərək, möhkəmləndirərək gedir”.
Bəzi beynəlxalq qurumların Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasəti həzm edə bilmədiklərini vurğulayan Prezident Administrasiyasının rəsmisi ölkəmizin heç bir dövlətin nəzarəti altında olmadığını və bundan sonra da olmayacağını qeyd edib. O, Ermənistanda baş verən son hadisələrə də toxunaraq deyib ki, bu ölkədə bir-birinin ardınca mitinqlər, etiraz aksiyaları keçirilir və onlarla insanın hüququ pozulur. Bunu beynəlxalq təşkilatlar da bilir, amma nə bəyanat verir, nə də mövqe bildirirlər. N.Məmmədovun fikrincə, ikili standartlardan biri də budur.
Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk üçtərəfli görüşünə toxunan N.Məmmədov “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğunu vurğulayıb: “Onlarla ölkəni birləşdirəcək bu nəqliyyat dəhlizi bu gün üçün dövlətlərin inkişafının, onların sabitliyinin və təhlükəsizliyinin təmini üçün çox böyük addımdır. Ola bilsin ki, bu da müəyyən mənada dolayı yollarla Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. Bir daha təkrar edirəm ki, Azərbaycan öz yolu ilə gedir, düzgün addımlar atır və ölkəmiz də ona qarşı atılan bütün addımların cavabını verir, onları qəbuledilməz hesab edir”.
Prezident Administrasiyasının rəsmisi müsahibəsində Azərbaycana qarşı atılan addımların heç bir nəticə verməyəcəyinə əminliyini vurğulayıb.