"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"

23-04-2024, 00:00           
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" -
"Aprelin 16-da general-mayor Apti Alaudinov Putinin fərmanı ilə Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilib, bu, onun gələcək möhtəşəm karyerasında tramplindir..."

Kreml, ehtimal ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun varisini müəyyən edib. Bu, "Ahmat" çeçen xüsusi təyinatlılarının komandiri Apti Alaudinov olacaq.

Moderator.az xəbər verir ki, bunu "Novaya qazeta Yevropa" nəşrinin apardığı geniş araşdırmanın nəticələri göstərib.

Dekabrın 18-də Moskvada "Vahid Rusiya" partiyasının 21-ci qurultayı keçirilib və qurultay nümayəndələri Vladimir Putinin beşinci prezidentlik müddətinə namizədliyinə dəstək verib.

"Bu tədbir əvvəlkilərindən bir məqamdan başqa heç nə ilə fərqlənməyib. Az qala ilk dəfə olaraq qurultayın mərkəzi spikerlərindən biri milliyyətcə çeçen olub.

Bu, Ramzan Kadırov deyil,
çeçen xüsusi təyinatlılarının "Ahmat" könüllü birliyinin komandiri, Ukrayna səngərlərində hərbi rütbə və Rusiya Qəhrəmanı ulduzunu alan general-mayor Apti Alaudinov olub", - nəşr qeyd edir.

Yanvar ayında Alaudinovun Putinin prezident seçkilərində etibarlı şəxsi olacağı barədə xəbər yayılıb. Mart ayında Alaudinov "Vaqner qrupu" özəl hərbi şirkətinin 3 min döyüşçüsünün özünün rəhbərlik etdiyi "Ahmat" xüsusi bölməsinə keçməsi barədə danışıqları uğurla başa çatdırıb.

Aprelin 16-da Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi barədə fərman imzalayıb. Nəşrin tədqiqatçıları bu təyinatı "Apti Alaudinovun gələcək möhtəşəm karyerasında" tramplin adlandırıb.

Redaksiya güman edir ki, ötən ilin sentyabr ayından Rusiya prezidenti administrasiyasında Çeçenistanda məcburi hakimiyyət dəyişikliyi üçün ssenari işləyib hazırlanmağa başlanılıb.

Bu arada isə nəşrin iddiasına görə Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir, həkimlər ona mədəaltı vəzin nekrozu diaqnozu qoyub.

Həmçinin məlumat verilir ki, 2023-cü ildə Kadırov güclü ağrılar və yuxusuzluq üçün qəbul etdiyi trankvilizatorun artıq dozası səbəbindən medikamentoz komaya salınıb.

Nəşrin mənbələri iddia edir ki, o zaman həkimlər Kadırovun vəziyyətini sabitləşdirməyə nail olub, lakin onun beyninin müayinəsinin nəticələri "Kadırovun yaxınlarını məyus edib".

Pankreonekroz cərrahi patologiyadır, kəskin pankreatitin fəsadıdır, bu zaman mədəaltı vəzin toxumaları məhv olur, bu da həyatı əhəmiyyətli orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Nəticədə pasiyentin vəziyyəti tez bir zamanda və xeyli dərəcədə pisləşir, həyatı üçün təhlükə yaranır və təxirəsalınmaz intensiv terapiya, sonradan cərrahi müdaxilə tələb olunur.

Rusiyada Çeçenistan rəhbərinin sağlamlığı ilə bağlı problemlər barədə məlumat rəsmən təsdiq edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.