ABŞ-da Azərbaycana sanksiyalar “istənilir”
23-04-2024, 11:04
Bu həftə ABŞ Konqresinə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediləcəyi iddia olunur.
Sənədin hazırlanması Qarabağ müharibəsi və Azərbaycanda "hökumətin müxalifətə qarşı sərt repressiyaları"ndan "ciddi narahatlıq"la əlaqəlidir, bu gün yayılan xəbərdə deyilib.
Azərbaycan Xarici İşlər Nazirliyi iddia edilən qanun layihəsiylə bağlı şərh verməyib. "Hələlik şərhimiz yoxdur", XİN sözçüsü Ayxan Hacızadə BBC-yə deyib.
Sənəd haqqında bundan əvvəl ötən həftə ABŞ-dakı erməni lobbisinin təşkil etdiyi tədbirdə danışılıb.
Sənəddə 2-ci Qarabağ Müharibəsində döyüşlərdə iştirak edərək qəhrəmanlıq ünvanı alan hərbçilərlə yanaşı, insan haqları üzrə tənqid olunan məhkəmə işlərində qərar verən hakimlərin də adları var. Qanun layihəsində müxalifət liderləri, fəallar, jurnalistlər və hökuməti tənqid edənlərin həbsi barədə də yazılıb.
Sənəd barədə xəbərlərin yayılmasından az sonra, Azərbaycanda həbsdə olan iqtisadçı-alim Qubad İbadoğlu bu gün azad olunub.
Erməni lobbisindən sanksiyalara dəstək
"Azərbaycanda Sanksiyalara Baxış Aktı" adlandırılan sənəd barədə ilk dəfə, ötən həftə konqresmen Dina Titus Konqresdə "erməni soyqırımının" anım mərasimindəki çıxışında bəhs edib. Tədbir erməni diasporası təşkilatı ANCA-nın dəstəyilə keçirilib.
Dina Titus və onun başçılıq etdiyi ikipartiyalı və ikipalatalı qanunvericilər qrupu sənədin müəllifidir.
O, çıxışında deyib ki, bu həftə "2024 Azərbaycanda Sanksiyalara Baxış Aktı"nı təqdim etməyi planlaşdırır.
“Bu, Artsaxda (Qarabağ erməniləri yaşadıqları ərazini belə adlandırırlar- red.) etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır", - Titus deyib.
Azərbaycan bundan əvvəl özünə qarşı "etnik təmizləmə" iddialarını rədd edib və deyib ki, Qarabağ 1990-cı illərin əvvəlində ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb və azərbaycanlılar evlərini tərk etməli olublar.
Dina Titus-un ofisindən BBC News Azərbaycancaya hazırlanan qanun layihələri barədə şərh vermədiklərini deyiblər.
Amerika Erməni Milli Komitəsinin saytında Dina Titusun lobbiçilik fəaliyyəti barədə təfərrüatlı məlumatlar var.
Sənəd barədə X platformasında məlumat paylaşan ABŞ-da yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu sənəd barədə məlumatı Konqresdəki mənbələrindən aldığını yazıb.
İnsan haqlarından da bəhs edilir
Sənəd qəbul edilərsə, Azərbaycanda yüksək vəzifə tutan 41 şəxsə, o cümlədən hərbçilər, hakimlər, müstəntiqlər və digərlərinə sanksiya tətbiq edilə bilər.
Onlar qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" şəxslər kimi səciyyələndirilib.
Onların arasında Prezident Administrasiyasının, Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidmətinin rəsmiləri var.
Qanun layihəsində bu gün, aprelin 22-də ev dustaqlığına buraxılmış tanınmış iqtisadçı Qubad İbadoğlu da daxil olmaqla, müxalifət liderləri, fəallar, jurnalistlər və hökuməti tənqid edənlərin həbsindən bəhs edilir.
Sənəddə, həmçinin Azərbaycanda həbsdə saxlanan ermənilərin "hüquqlarının pozulduğu" bildirilir.
Sənəddə Prezident Biden administrasiyasına ABŞ qanunvericiliyinə əsasən, 180 gün ərzində adları çəkilən şəxslərə sanksiya tətbiq edilib-edilməyəcəyinə dair qərar verilməsinə dair çağırış ediləcək.
BBC