Rusiyada çox sürətlə alov kimi yayılan, “Azərbaycan bizi aşağıladı”, tezisinin üzərinə su səpmək üçün gedib
23-04-2024, 08:37
Rus siyasətçiləri, politoloqları, Kremlin özü deyir ki, Qarabağın Azərbaycana aid olmasını Ermənistana, Paşinyana Qərb dedizdirdi, NATO diktə etdi, AB zorla söylətdi – bizim hökumət mediası da Qərbi söyür, nədən bu addımı atırlar, niyə belə edirlər, heç özləri də bilmir, ağılları çatmırmı ki, gülünc görünürlər?!
Rusiya siyasətçiləri, təbliğatçıları Ermənistan həmkarları ilə birgə açıq deyirlər ki, Azərbaycan – Türkiyə ittifaqi Rusiyanı addım-addım Cənubi Qafqazdan sıxışdırır, Moskvanın təsirlərini bir-bir azaldır, bununla bağlı hay-küy salıblar – bizim bəzi “siyasətçilər” (aralarında "time-out" götürənlər də var), xaricdə oturub öz aləmlərində dəhşətli “müxalifətçilik” edənlər deyirlər ki, ay-haray, qoymayın Azərbaycan Rusiyanı bölgədə gücləndirir, hətta Kremlin əsas müttəfinə çevrilir – yaxşı, bunlar niyə edir, ağılları çatmır, ya analitik qabiliyyətləri?!
Rusiya “sülhməramlıları” şahmat gedişləri ilə məmləkətdən çıxır – yenə mız qoyurlar, gələndə buna “işğal” deyirdilər, indi gedirlər, ad tapa bilmirlər, deyirlər yəqin əvəzində Azərbaycan nəsə söz verib. Bəziləri deyir KTMT və Avrasiya İttifaqına daxil olmağı söz veriblər – yenə məntiqləri çatmır ki, Azərbaycan təhlükəsizlik məsələsini Şuşa sənədləri ilə həll edib, Avrasiya İttifaqı isə iqtisadi olaraq sərfəli deyil, çünki ölkənin xarici ticarətinin 80%-i Qərblədir. Bu ilin ilk 3 ayında Rusiya daxil MDB ölkələrin bizim ixracımızda cəmi 5%, AB ölkələrinin isə 51% payı var, idxalda isə 27% MDB ölkələrinin, 50% AB ölkələri, ABŞ, Britaniya, İsveçrənin, 20%-i isə Çinin payına düşür. Yaxşı, Azərbaycan niyə Avrasiya İttifaqəna getsin ki?! Nə qazandıracaq bu bizə, tam tərsi, Rusiyaya sanksiyalara görə əlavə problemlər yaradacaq.
Xarici investisiyalara gəldikdə isə bu günə qədər Azərbaycana yatırılan hər 10 dolların 8 dolları AB ölkələri, Britaniya və ABŞ-dan gəlib. Yenə də məntiq yoxdur ki, Avrasiya İttifaqına gedək.
Hə, indi kimsə çıxıb yazacaq ki, bəs Əliyev bu gün Rusiyaya niyə gedib – səbəbi çox sadədir, Rusiyada çox sürətlə alov kimi yayılan, “Azərbaycan bizi aşağıladı”, tezisinin üzərinə su səpmək üçün gedib, doğrudan da, Azərbaycan-Türkiyə ittifaqının son 4-5 ildə Rusiyanın bölgəmizdə maraqlarını tapdalamaq yolunda atdığı addımları heç kim atmamışdı, indi bir az könüllərini almaq lazımdır ki, aqressivləşməsinlər...
Natig Cəfərli
TEREF