Diplom var, bacarıq yox: “MİQ-də yüksək bal toplayır, gedib sinfi idarə edə bilmir”
23-04-2024, 12:18
“Diplom alan bəzi şəxslər yenidən gəlib dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı verirlər. Dövlət qulluğu üçün nəzərdə tutulan imtahan isə qəbul olmaq istəyənlərin ixtisasına uyğun deyil. Dövlət qulluğunda heç bir ixtisasa uyğun fənn olmur. Belə çıxır ki, ixtisasın heç bir rolu yoxdur. Bu da yanlışdır. Bu məsələnin həlli üçün bütün universitetlərdə ixtisasa uyğun test imtahanı həyata keçirilməlidir ki, həmin şəxsin sırf bacarıqlarına uyğun bilik səviyyəsi müəyyən edilsin. Məsələn, tarixi bitiribsə, tarixi, hüququ bitiribsə hüququ bilməlidir”.
Bu fikirləri deputat Qüdrət Həsənquliyev deyib.
Qeyd edək ki, bu gün müəllimlər MİQ, digər qrup məzunlar isə dövlət qulluguna qəbul imtahanı əsasında işə götürülür. Ancaq digər ixtisaslar yoxlanılmır və əmək bazarına cox sayda ixtisasını bilməyən məzunlar daxil olur. Çünki hamının məqsədi əsasən universitetə gəbul olunmaqdır, orada isə nəzəri biliklər öyrədilməklə diplom verilir. Onu da vurğulayaq ki, artıq məzunlar ali məktəblərdə dövlət imtahanı da verməyəcəklər. Universitetlərdə ixtisasa uyğun test imtahanının keçirilməsi məzunun bacarıqlarına uyğun bilik səviyyəsini müəyyən edə biləcəkmi?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, təhsilalanların bilik və bacarıqlarıının yoxlanılması ali təhsil müəssisələrində mütləq şəkildə ölçülməlidir:
“Bu gün ali təhsil ocaqlarının bakalavriat pilləsində təhsil alan şəxslər yalnız semestr imtahanı verir və yekunda əgər varsa, diplom işini yazıb gedirlər. Heç də məzun olanların hamısı əldə etdiyi bilikləri tətbiq edə bilmir. Doğrudur, Nazirlər Kabinetinin builki qərarı ilə istehsalat və yaxud pedoqoji təcrübələrin müddəti müəyyən qədər artırılıb. Ancaq bu yetərli deyil. Test heç bir halda bilik və bacarıqları yoxlamır. Test sadəcə əzbərləmə üsuludur və testlə hər hansı bir kadrı nə savadlanmaq, nə də düzgün seçmək mümkün deyil.
Biz mütəlq şəkildə 4 il ərzində ali təhsil müəssisələrinin bakalavriat pilləsində təhsil alanların əldə etdikləri bilikləri yoxlamaq, onları möhkəmləndirmək, yenidən formalaşdırmaq üçün həmin şəxsləri IV kursun əvvəlindən təcrübəyə göndərməliyik. Həmin praktika sahəsindən müsbət rəy almalıdır. Bizim problemimiz odur ki, ali təhsil müəssisələrində sadəcə proqram üzrə müəyyən bilikləri veririk. Onun nə qədər mənimsənilməsini yoxlamırıq.
Semestr imtahanı elə bir imtahan növüdür ki, burada tələbələr sadəcə imtahana bir neçə gün qalmış biletləri oxuyub, öyrənib gəlirlər. İndiki ali təhsil müəssisələrində tədrisin təşkili müasir dövrün yeniliklərinə, əmək bazarının tələblərinə uyğun deyil. Ona görə də MİQ imtahanından yüksək bal toplayırlar, gedib sinfi idarə edə bilmirlər. Yaxud da ali təhsil müəssisələrini fərqlənmə diploma ilə bitirib gedib MİQ, yaxud dövlət qulluğuna qəbul imtahanında uğur qazana bilmirlər.
Çünki bilməlidirlər ki, əmək bazarı nə istəyir, hansı bilik bə bacarığa malik olan insanlar lazımdır”.
Ekspertin sözlərinə görə, universitetdə 4 il ərzində yalnız nəzəri bilikləri verilir və ona görə də bütün fəaliyyət sahələri üzrə tələbələrin 4-cü kursdan etibarən istehsalatda olmasına şərait yaradılmalıdır:
“Məsələn, neft mühəndisidirsə, Bakının mərkəzində neft buruqlarının şəkilləri ilə nə öyrənəcək? Yaxud pedoqoji ixtisasda universitetin divarları arasında nə biləcək məktəb, sinif nədir? Ona görə də 4-cü kursda biz kadrları daha çox istehsalata, pedoqoji təcrübəyə göndərməliyik ki, yekunda həm gələcəkdə işləyəcəyi yerlərlə bağlı məlumatlı olsunlar, həm də müasir əmək bazarının nə tələb etdiyini bilsinlər. Çünki tələbə ali təhsil müəssisəsinə qəbul olanda avtomatik köhnə biliklər öyrədilir. Yəni universitetdə 10-20 il əvvəl təsdiq olunmuş biliklər, kitablar, çap olunmuş materiallardır. Ancaq müasir dövr bunu istəmir.
Müasir dövrdə gedib birbaşa istehsalat təcrübəsini öyrənsələr, daha yaxşı olar. Test vasitəsilə biz heç nəyi müəyyənləşdirə bilmərik”.
Nigar Abdullayeva
“Cebhe.info”