İran prezidenti Yaxın Şərqdə gərginliyin artdığı vaxt Pakistana səfər edir

24-04-2024, 12:54           
İran prezidenti Yaxın Şərqdə gərginliyin artdığı vaxt Pakistana səfər edir
İran prezidenti İbrahim Rəisi qonşu Pakistanda üç günlük səfərdədir. İran prezidentinin Pakistana son səkkiz ildə ilk səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edir. Bu, həmçinin yanvar ayında tərəflər arasında sərhədyanı bölgədə atışmasından sonra iki ölkə başçısı arasında ilk görüşdür.

İran prezidenti İbrahim Rəisi Pakistanda təntənə ilə qarşılanıb. Onun səfəri İranın İsraili dronlar və raketlərlə hədəf almasından bir neçə gün sonraya təsadüf edir.

Pakistanın baş naziri Şehbaz Şərif Tehranın Qəzza xalqına verdiyi dəstəyi yüksək qiymətləndirib.

İsrailin HƏMAS-ı məhv etmək üçün təşkil etdiyi hücumlarda 34 minə yaxın qəzzalı ölüb. Pakistanın baş naziri Şehbaz Şərif: "Siz və xalqınız güclü mövqe tutmusunuz”.

Ekspertlərin fikrincə, ikitərəfli danışıqlar zamanı Pakistan İranı regionda gərginliyi azaltmağa çağıra bilər. Pakistanın İrandakı keçmiş səfiri Riffət Məsud: "Pakistan iranlıları İsraillə münaqişəyə girməməsinə inandırmağa çalışacaq".

İslamabad Yaxın Şərqdə münaqişədən kənarda qalmasına baxmayaraq, bu ay Suriya prezidenti Bəşər Əsədə dəstək üçün Pakistandan döyüşçülər cəlb etdiyi iddia edilən İranın dəstəklədiyi şiə "Zeynəbiyun Briqadası"nın fəaliyyətini qadağan edib.

Rəisinin səfərinin ilk günü İran və Pakistan arasında iqtisadiyyat, sərhəd nəzarəti və ədliyyə sahələrində əməkdaşlığa dair 8 anlaşma memorandumu imzalanıb.

Üç ay əvvəl hər iki tərəfin şübhəli terrorçuların sığınacaqlarına sərhədyanı zərbələr endirməsi gərginlik yaratmışdı. Təhlükəsizlik məsələləri üzrə ekspert Seyid Məhəmməd Əli: "Fikrimcə, bu, çox yaxşı idarə olunan böhran idi. Bu, onu göstərir ki, hər iki ölkə bu gərginliyin fayda verməyəcəyini anlayıb".

İran və Pakistan arasında ikitərəfli ticarət ildə təxminən 2 milyard dollar təşkil edir. Raisi bunun artmasını istəyir. İran prezidenti İbrahim Rəisi: "Biz iki ölkə arasında ticarətin həcmini 10 milyard dollara çatdırmaq qərarına gəldik".

Lakin əsas çətinliklərdən biri İran-Pakistan qaz kəməridir. İran qazının Pakistana nəqli layihəsi 2009-cu ildə imzalanıb. İran öz tərəfində tikintini başa çatdırdığını iddia edir. Pakistan isə ABŞ-ın sanksiyalarından ehtiyat edərək, tikintini gecikdirir.

Bayden administrasiyası layihəyə qarşı olduğunu bildirib. Riffət Məsud: "Düşünürəm ki, biz danışıq bacarıqlarımızdan istifadə etməliyik və ABŞ-a əks təzyiq göstərməliyik. Baxın, sız köhnə müttəfiqsiniz, yaxşı dostsunuz, lakin siz vəziyyətə tam nazərət edə bilməzsiniz. Sizin sanksiyalarınız var, İranla problemləriniz var. Bizim yoxdur."

İranın yumşaq gücünü təbliğ etmək üçün Rəisinin həyat yoldaşı Cəmilə Alamulhuda onu müşayiət edir.

Bazar ertəsi İran prezidentini hava limanında Pakistanın baş naziri Şehbaz Şərifi deyil, Pakistanın mənzil-tikinti naziri və onun Tehrandakı səfiri qarşılayıb. Bəzi analitiklər deyirlər ki, bu, İslamabadın Tehranla münasibətlərini diqqətlə izləyən Səudiyyə Ərəbistanı və ABŞ-a siqnal ola bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.