Büdcədə yüz milyonlarla artıq pul var: Hara xərclənəcək? -

25-04-2024, 12:35           
Büdcədə yüz milyonlarla artıq pul var: Hara xərclənəcək? -
2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib.

Bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1%, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4% və ya 944,3 milyon manat çoxdur. Bu, o deməkdir ki, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Məlumata görə, hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27%-ni təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% bəndi çoxdur. 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4%-i vergi orqanlarının xətti ilə daxilolmaların, 3195,3 milyon manatı və ya 34,6%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9%-i gömrük orqanlarının xətti ilə daxilolmaların, 159,4 milyon manatı və ya 1,7%-i sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3%-i dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.

Maraqlıdır, büdcəyə yenidən baxıla, maaş və pensiyalar artırıla bilərmi?

"Cebhe.info"-ya açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib ki, büdcəyə yenidən baxılması mümkündür:

"Rəqəmlərə diqqət yetirəndə görürük ki, proqnozların həyata keçməsində müsbət fon yaranır. Qeyd etməliyik ki, istənilən proqnozun müsbət göstəricilərlə baş verməsi makroiqtisadi tarazlığın dayanıqlılığından xəbər verir. Belə olduqda iqtisadiyyatın bütün, o cümlədən büdcə gəliri istiqamətində olan mənbələrin sağlamlaşması haqqında fikir formalaşır. Əgər büdcə gəliri proqnozdan artıq olarsa, cari ildə büdcəyə yenidən baxıla bilər. Yeni xərcləri, müddət gözləməyən vəsaitləri yenidən büdcə xərclərinə əlavə etmək olar. Bu, hökumətin qərarından asılı olacaq".

İqtisadçı deputat Vüqar Bayramov deyib ki, "Büdcə sistemi haqqında” Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər:

"Gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin priortitet olacağı istisna deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.