Qənirə Ataşova həyat yolundan yazdı:-MİRŞAHİNDƏN İNCİKLİYİM OLSA DA

22-08-2016, 09:42           

Fəaliyyəti qadağan edilən ANS telekanalının tanınmış aparıcısı Qənirə Ataşova keçdiyi həyat yolu-üzləşdiyi problemlərdən tutmuş uğurları barədə müəllif yazısı yazıb.
Gununsesi.info tanınmış teleaparıcının yazısını təqdim edir:


Bakıya ilk dəfə 1996-cı ilin payızında gəlmişdim. O zamanadək Bakı, oxuduğum kitab və jurnallardakı təsvirlərdən ibarət idi. Ali təhsil üçün gəldiyim Universitetdə də, əvvəl elə bilirdim əlahiddə təhsil alacam.Bir ildən sonra bunun tam əksini düşündüm. 1997-ci ildən düşüncələrimin dəyişdiyinin fərqində idim. Özümü qabımdakı kimi hiss etmirdim. Birinci kursun sonunda Universitetin arxiv şöbəsinə müraciət edib sənədlərimi geri aldım. Enerjimin cox olduğuna əmin olduğum üçün daha cox işləyə biləcəyim bir sahəyə getməli idim.Təzədən ali təhsil üçün baş vuracaqdım. Bu dəfə kəsin qərarım Tibb Universiteti olacaqdı. Və düşünürdüm, cərrah olub arzularımı orda gerçək edə bilərəm.

Birinci sinif. Neftcala rayonu Aşağı Surra kəndi
Artıq yay tətili üçün kəndə dönmüşdüm. Tələbə olsam da, yayda təsərüffat işlərində ailəmin yanında olub əkin-biçinlə məşğul olurdum. 7 qız və bir oğulun böyüdüyü ailə üçün yaşamaq həm də mübarizə idi. Mən isə qızlardan fərqli olduğum üçün elə bütün ağır işlərdə atamın yanında olurdum. İndiki kimi xatırlayıram: taxıl kisələrini qaldırmaq üçün xüsusi fənd də öyrənmişdim. Birinci, ağırlığı dizə, sonra isə çiyinə asiırsan. Bundan sonra heç bir ağırlıq hiss etmirsən. Günorta yemək üçün evə dönəndə Bakıdan zəng gəldi. Bacım Kainatın danışığından belə başa düşdüm ki, ona zəng Universitetdən idi. Bəlli oldu ki, arxivdə işləyən xamın mənim sənədlərimi verərkən səhvə yol verib və bu üzə çıxarsa onu işdən ata bilərlər. Kainatda bunu o saat mamama çatdırdı. Bundan xəbər tutan mamam mənə çox qəzəbləndi və təcili geri dönməyimi tələb etdi. Amma mən də tərs və israrlı idim. Başqa sahəyə keçəcəkdim.

1998 il. ANS ilk gəldiyim gün bu şəkilimi cəkdilər
Mənim qızım olmadığı üçün bu hissi bilmirəm, bəlkədə bütün qız anaları indi deyəcəyim fəndlərdən istifadə edir. Mamam mənim universitetdən çıxacağım təqdirdə kənddə pis xəbər kimi yayılacağını, ordan öz xoşumla deyil hansısa pis bir səhvim üzündən qovulduğumu deyəcəklərini söyləyirdi. 20 il sonra mən rəhmətlik anamın dediklərinə haqq qazandırırıam. Həqiqətən də, insanlar inanmaq istədiyinə inanır. Beləcə anamda məni tərsliklə yola gətirəcəyindən vaz keçib, həmişəki kimi xoşluqla yola gətirdi. Beləcə, сərrah olmaq arzumu büküb bir kənara qoydum. Növbəti dərs ilində isə artıq ölkədə seçki var idi. Bir gün rəhmətlik kafedra müdirimiz Həşim müəllim sinifə girib seçkiyə getmək üçün bizə qeydiyyatda olduğumuz rayonlara getməyi tapşırdı. İndiki kimi yadımdadır, təxminən 70 nəfərlik auditoriyada idik. Familiyam “a” ilə başladığı üçün adım da bu zəhirmaraqalmış siyahıda birinci idi. Məni çağırıb mütləq kağızda adı yazılan adama səs verməyimizi istədi.

Azərbaycan prezidenti cənab İlham Əliyev ilə. Prezidentimiz həmışə bizə qayğı göstərib
Əslində açığını deyim, kağızdakı adam mənim də istədiyim adam idi. Amma müəllimin mütləq bu şəxsə verərsiz, verməsəz biz sizi tapıb cəzalandıracağıq deməsi 18 yaşlı gəncə pis təsir etməyə bilməzdi. Mən dilimi dinc saxlamayıb “siz məni məcbur edə bilməzsiz” dedim. İlk dəfə mənimlə müəllimim arasında mübahisə yarandı. Beləcə, seçki bitdi və biz təzədən universitetə döndük. Bir gün auditoriyanın qapısı açıldı, həmin müəllim içəri girdi və bütün sinif içində “sən qovuldun” dedi. “Necə? Hansı səbəblə?” soruşdum. Heç nə demədi. (O zaman 3 nəfərin qovulma xəbəri çıxmışdı. İki oğaln, bir qız. O qız mən idim.) Beləcə, 3 gün universitetin dəhlizlərində gəzir dərsə buraxılmağım üçün zaman gözləyirdim. Qovulduğuma görə qəti pis olmur, bircə mamama görə narahat idim. Qızı cox olduğu ücün sanki gözükölgəli idi. Qohumlar isə bu qızları tez ərə ver desə də, o, bizə oxumadan bu qapıdan cıxmayacaqsız söyləyirdi. Onu əsla incitmək və utandırmaq istəmirdim.

Rəcəb Tayyib Erdogan Turkiyənin Baş Naziri olanda. Kürd acılımından danışmışdıq
Məsuliyyətli tələbə olduğum üçün o zaman davamiyyəti yoxlayan məsul şəxs – Zahir müəllim, məni bir tələbə kimi tanıyırdı. Zahir müəllim elə dəhlizdə məndən olanları soruşdu. “Narahat olma, sənin davamiyyətin də yerindədir, həll olunacaq” dedi. O zaman gənc olan Zahir müəllim universitetdə ilk işinə beləcə gənclərə kömək etməklə başlamışdı. Təxminən bir həftədən sonra təzədən dərslərə qatıldım. Amma başıma gələnlər ciddi siqlan idi. Mən haqqın və hüququn tapdanmadığı bir məkanda olmaq istəyirdim. 18 yaşlı gənc olaraq o zaman haqq işığını ANS-də görməyə başladım. Bir gün durub o kompaniyaya getdim.

ANS bizə vətənpərvərlik öyrətdi…
ANS ilk dəfə gələndə bura mənə çox qəribə gəlmişdi. Burdakı qızlar və oğlanlar çox fərqli idilər.Olduqca sərbəst, modern və azad hiss etdim onları. ANS giriş qapısında həmişə mühafizə olub. Amma insanlar sərbəst girib çıxdıqları üçün mən onlardan icazə alınıb alınmadığını soruşmadan daxil oldum. Uzun dəhlizdə çoxlu qapılar var idi. Mən də qapılara baxa baxa irəllədim. Tam ortada olan qapını açdım və içəridəki xanımdan kadrlar bölümünü soruşdum. Bu xanım indi bizdə hava proqnozunu deyən Sevinc xanım, qapı isə Vahid müəllimin qapısı idi. Nə isə, Sevinc xanım içəriyə necə keçdiyimi soruşdu və mən də dedim. O, məni gətirib Yuri Stepanoviçə təhvil verdi. Ona da Allah rəhmət eləsin. Köhnə DTK işçisi olan Y. Stepanoviçdən elə o zamandan xoşum gəlmədi. Əgər o, işini yaxşı bilmiş olsaydı, mən içəri keçməzdim. O isə məni günahlandirmaga calisdi. Beləcə, o kişi mənə başa saldıki, istəyini məktuba yaz və ANS POÇT qutusuna at. Hamı kimi, mən də istəyimi orda yazıb atdım. O zaman nə mobil telefonum var idi, nə də elekrton poçtum.Hər gün zəng edib məktubumun nəticəsi ilə maraqlanırdım. Bir gün mənə dedilər ki, sabah seçim var. İstəsən gəl, qatıl.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın iş otağı. Qızı Sümeyye Erdogan ilə
Səhəri gün yenidən ANS gəldim. 50-dən çox qız və oğlan seçim üçün baş vurmuşdu. İndi çoxlarının tanıdığı Hüseyn Azəri, Gözəl Nəcəfova mənimlə birlikdə seçimdə iştirak etmişdilər. Beləcə, sonralar mənə çox doğma olacaq konfrans zala ilk dəfə qədəm qoydum. Başda 3 nəfər oturmuşdu. Efirdən tanıdığım Mir Şahin müəllim, Sevil Nuriyeva və Vahid Mustafayev. Bu üçlükdən bircə Vahid müəllimi tanımırdım. Onun şəklini Müsavat qəzetində dərc edilən bir məqalədən görmüşdüm. Amma qəzetin şəkil keyfiyyəti aşağı olduğu üçün həyatdakıdan çox fərqli idi.

Türkiyənin Baş Naziri Binəli Yıldırım ilə. O da ANS təşəkkür ücün mənimlə görüşmüşdü
Qəzetdə mən onu yaşlı adam bilmişdim, həyatda isə cavan oğlan idi. Beləcə sorğu-sual başladı. Xeyli söhbət etdilər. Mənimlə daha çox Vahid müəllim danışdı. Nədən işləmək istədiyimi və bir sıra suallar soruşdu. Mən də, görünür uşaq səmimiyyətimlə, hər şeyi cavablandırmışam. Tanımadığım bu adam – “Mən bu uşağı götürərdim” dedi. Mir Şahin müəllim isə əvvəldən yox söylədi. Növbə Sevil xanıma gəldi. Onun cavabından çox şey asılı idi. O da “hə” dedi. Lakin sonradan yenidən qərarsızlaşdılar. Bu cavan oğlan dediyim insan mənə əlavə suallar verdi. Özəl suallar da var idi. Yadımdadır, mənə “nədən az yaşında ailə qurub çoxlu uşaq sahibi olmaq istəmirsən, məhz işləmək istəyirsən soruşdu?” Bu sual xoşuma gəlmədi. Həm utandım və ardıncada hirsləndim. “Xaşih edirəm, mən, bu şirkətin sahibi Vahid Mustafayevlə görüşmək istəyirəm” dedim. Bu zaman o gənc adam – “Mən Vahid Mustafayevəm və səni işə götürdüm” söylədi…

Bu müsahibə ilə də ANS tarix yazdı. ANS Amerika Prezidenti Barak Obamaya Azərbaycanın mövqeyini dəstəkləyəcək sual ünvanladı. Obama ilk dəfə dünya mediyası qarşısında Azərbaycanın regiondakı əhəmiyyətindən danışdı
Sevincimin həddi-hüdudu yox idi. Bu xəbəri atamdan başqa hər kəsdən gizli saxladım. Hətta bacılarıma və anama da demədim. Çünki, mane olacaqdılar. Papam isə həmişə əgər ali təhsil alsaz, hər istəyinizdə sizə azadlıq verəcəm demişdi. Təsəvvür edin, mən tam başqa bir məkana düşmüşdüm. Orta məktəbdə oxuyanda yalnız KORVET kompyüterlərini görmüşdüm. Burda isə müasir cihazlar var idi. ANS-çilər bu kompyuterlər vasitəsi ilə xariqələr yaradırıdılar. Mən onlarda yaza bilmirdim. Məni Pərvanə Sabirqızına həvalə etdilər. İlk yazmağı o mənə öyrətməyə başladı. Amma Vahid müəllim gündə bir dəfə də olsa içəri girib, mənim nə öyrənə bildiyimi soruşur və hətta yerində yoxlayırdı. Bax, beləcə sıfrdan yetişdirməyə başlamışdı. Hər gün dərsə gedir, dərsdən sonra isə öyrənmək üçün ANS qaçırdım. ANS mənə xəyyallarımı gerçəkləşdirən bir məkana çevirilmişdi. Yenədə deyirəm, burda əlahiddə azadlıq, sərbəst düşüncə və müasirlik var idi. Mən kənd qızı olduğum üçün burdakılardan yalnız geyimimə görə fərqlənirdim. Çoxlarından kasıb geyinirdim. Vaxtımın çox hissəsini internetdə moda bölümlərinə baxmaqla yox, daha artıq nəsə öyrənməklə keçirirdim. Yadımdadır, o zamanlar redaktorlardan biri Xəyal müəllim idi. Yazdıqlarımızı ona təhvil verirdik. O, yoxlama aparanda başının üstündə kimsənin durmasını istəmirdi. Amma istəyirdim səhvlərimi yoxlayanda görüm və gələn dəfə onu etməyim. Mən çıxış yolunu ondan bir sıra axrada oturub səhvlərimi uzaqdan görməkdə tapmışdım. Bir gün o, bunu hiss edib səbəbini sourşdu. Mən də, “öz səhvimi görmək istəyirəm” dedim. Xəyal müəllim gülümsəyib, ondan sonrakı yoxlamalarını məni başa salaraq aparmağa başladı.

2016-cı il. ANS yetışdirdiyi jurnalist Qənirə Ataşova ABŞ Dövlət Departamentində
ANS-də hər kəsə belə yanaşırdılar. Mənimlə bərabər ora gələn digər uşaqlara da mənim kimi qayğı var idi. Bu qayğı sadəcə öyrətməkdən ibarət idi. Hər bir çətinliyə düşə bilərdin, amma mübariz olan qalib gəlirdi. Yəni, öyrənirdi. Düzdü, burda da kiçik intiriqalar var idi. Məsələn, aktiv olanı və işində fərqlənəni Vahid müəllim mütləq sevindirirdi. Xoş söz deməklə, tərifləməklə. Amma onun təriflədiyi adamı hər kəs sevmirdi. Bir çoxları kimi mənə də təzyiqlər olurdu, hardasa incidilirdik. Amma Vahid müəllimin nüfuzu və onun qəti addımları digrlərini geri otuzdururdu. Yəni, mənim 18 yaşlı müşahidələrim bunları deyirdi.

İran şahının xanımı Fərəh Pəhləvi
O zaman ANS-də Arif Mustafayev adlı bir mütəxəsis var idi. Arif müəllim Sovet dönəmində rəhmətlik Heydər Əliyevin köməkçisi işləmişdi. Həqiqətən də, Arif adam idi. Mən Arif müəllimdən də çox şey öyrəndim. İndi, geri baxanda düşünürəm, çox şanslı adam olmuşam. Arif müəllim çalışdığım “İç Xəbər” proqramının rəhbəri olduğu üçün mənə xeyli vaxt ayırırdı. O zamanlar “iç xəbər”ə məktub yazanlar sadəcə şikayətlərini yazıb, ünvan belə qoymurdular. Ünvan, məsələn, filankəsin mağazasının yanı,filan restoranın yanından başqa bir şey deyildi. Mənimlə uzun müddət “İç Xəbər” proqramında çalışan Fidan Quliyeva ilə bərabər ANS-in “Damas” maşınında bütün Bakını gəzirdik. Bir ünvanı tapanadək çox əziyyət çəkirdik. Bu isə, həm çox vaxt aparırdı, həm də benzini çox istifadə edirdik. Bunun çıxış yolu olaraq da Vahid müəllim bizi başa salırdıki, insanlara ünvan yazmağı öyrədin. “İç xəbər” proqramında “efirə məktubu necə yazmaq lazımdır” bölümü də var idi. Bəzən elə olurduki, kiməsə yardım etmək üçün bir ünvanı bütün günü axtarırdıq. Bu, bizi həm də yorurdu. ANS rəhbərliyi bizə həmişə vətəndaşlarla çox xoş danışmağımızı tələb edirdi. Amma ünvanı düz yazmayanda biz necə xoş ola bilərdik? Fidan bunları özəl xatırlayar. Biz ünvanı tapır, ilk növbədə məktub yazanla “nədən ünvanı düz yazmırsan”dan başlayırdıq. Bu sualı verməklə rahatlamış olurduq. Və beləcə şikayətləri ev-ev dolaşaraq dinləyirdik. ANS vasitəsi ilə neçə-neçə pozulan hüququn bərpa olunmasına kömək olurduq.

ANS. Bu şəkil Kür daşqınlarında çəkilib
Mən öyrənməyə başlayanda, artıq Qənirə Paşayeva ANS-in “İç Xəbər” proqramının vuran ürəyi idi. Qənirə Paşayeva orda gecəsini gündüzünə qataraq işləyirdi. Hətta onun bir neçə dəfə işdə yatıb qalan görmüşdüm. Qənirə Paşayevdan da öyrəndiklərim oldu. Mənə intiriqalara girməməyi, söz atanlara fikir verməməyi, başını aşağı salıb yalnız işləməyi məsləhət edirdi. Biz birlikdə işləyə-işləyə yaxın bir rəfiqə olduq.
ANS-də öyrənmək üçün ən gözəl mühit, mənə görə, 2000-2001-ci illərdən başladı. Artıq Qənirə Paşayeva sosial məsələlərin işıqlandırıldığı iç xəbərdə deyil, siyasi məsələlrin müzakirə olunduğu “Xəbərçi”də çalışırdı. Onunla bərabər Eldəniz Vəliyev, Leyla Osmanova, Xəyal Tağıyev, Sevda Həsənova, Pərvanə Sabirqızı, Rüstəm Əbülfətoğlu, Eynulla Fətullayev, Lalə, Elçin, Gülşən, Gülgün … Bu adamlar konfrans zaldakı masanın ön sırasında, biz, yeni gələnlər isə arxada otururduq. Bəzən bizə yer çatmayanda qapının ağızında da olsa oturmağımıza mütləq şərait yardılırdı. Onların səhvləri müzakirə edilir, biz isə öyrənirdik. Mən “İç xəbər”də işləyə-işləyə “Xəbərçi”nin iclaslarında peşəkarların işini öyrənirdim. Belə şərait indi harda var?

ANS cəkilişə hazırlaşır
Nəyə görə qızıl dönəm deyirəm? Çünki, hər gün səhər saat 9-dan 12-yə kimi biz Vahid müəllimdən dərs alırdıq. O işə çox erkən gəlir, idmanını edir, saat 9-da isə xəbər komandasının qarşısına müəllim kimi keçirdi. Bu otaqda dərs almaq asan olmurdu. Bir gün əvvəl efirə gedən “Xəbərçi” proqramının 21 buraxılışı burda araşdırılır, kadrlar, səslə kadrın üst-üstə düşməsindən tutmuş respondentə yaxınlaşmayadək hər şey burda öyrədilirdi. Məsələn, bir müxbir eyni səhvi təkrar-təkrar edəndə, yaxud da səhvini düzəldə bilməyəndə tənqidlə də rastlaşırdı. Bu tənqidlər bəzən kimlərinsə (sonradan mənim də) göz yaşlarına səbəb olurdu. Amma öyrənirdik. Asan deyildi öyrənmək. Məslən, 1 dəqiqə 30 saniyəlik reportajda hər şeyi mükəmməl göstərmək asan olmur. Həm təsvir, həm mətn mükəmməl olmalıdır. Vahid müəllim təsvirdən, Mir Şahin müəllim isə mətndən israrlı idi. Seyfulla müəllim isə araşdırmanın daha dərin olmasından yana idi. Sonucda biz mükəmməl olmalı idik. Bizim ücün müsahibəni danışmaqda asan olmurdu. Bəzən nazirlərdən cavab almalı olurduq. Bu zaman Mir Şahin müəllim köməyimizə catırdı. Zaman- zaman müəllimimdən incikliyim olsa da o, əvəzolunmaz Baş Redaktor idi. Növbəti günün xəbərçisi və reportajların işlənmə mexanizmidə burda başa salınırdı.Həmişə öz-özümə sual veridim.

Nobel mükafatcısı Eziz Sancar. Mukafatı alan kimi ANS adından Azerbaycan ücün danışdı
Görəsən Vahid müəllim yorulmur hər gün eyni mövzuda yeni nəsə öyrətməkdən? Vahid müəllimdə olan öyrəndiyini öyrətmək xarakteri hər kəsdə yoxdu. Mən ona bir fərd kimi deyil, çoxluğu öyrədən müəllim kimi baxıram.İllər sonra özüm də buranın bir parçasına çevriləndə və yeni işi təkrar-təkrar öyrənib və öyrdəndə müəllimlərimi başa düşdüm. Düz 20 il sonra Amerika Birləşmiş Ştatlarında, Dövlət Departamentinin birinci mərtəbəsində çalışan xəbər komandasını görəndə buna bir daha əmin oldum ki, Vahid Mustafayev ən azı 20 il əvvəli görür. Onlar da eyni mexanizimlə işləyirlər.

Bu bir tarixdir. Azərbaycan Prezidenti cənab İlham Eliyev ANS komandasını iqamətgaha dəvət etmışdı
Bax bizi belə öyrədirdilər. Tanımadıqları insanları xalqın içindən seçib onların üzərində vəsait xərcləyir, jurnalist olmağı öyrədir və ən yaxşı əmək haqqını verirlər. Bu illərlədir belə davam edir. Bu gün Azərbaycan mediyasındakı bir çox jurnalist məhz ANS-də öyrənib. ANS məktəbi budur. Mənim yazdıqlarım hələ kiçik bir hissədir. Azərbaycanda ikinci belə bir məktəb varmı?
Qənirə Ataşova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.