Almaniya Kansleri: Azərbaycan insan hüquqlarına hörmət etməlidir
28-04-2024, 11:04
“Qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri və mətbuat azad və təzyiqsiz işləyə bilməlidir. Mən bu gün bunu Berlində prezident Əliyevlə danışıqlarda da vurğuladım. Azərbaycan insan haqlarına hörmət etməlidir”.
Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra X səhifəsində yazıb.
Aprelin 26-da Berlində ölkə başçıları təkbətək və geniş tərkibdə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında Olaf Şolts İlham Əliyevlə vətəndaş cəmiyyəti, azad media barədə müzakirə apardıqlarını bildirib.
“Mənim əsas qənaətim çox aydındır: demokratiya canlı və tənqidi vətəndaş
cəmiyyəti tələb edir”, Şolts əlavə edib.
Almaniyanın ZDF televiziyasının jurnalistinin Azərbaycanda insan hüquqlarının vəziyyəti, son həftələrdə onlarla jurnalistin, o cümlədən ZDF-lə əməkdaşlıq edən İmran Əliyevin həbsi ilə əlaqədar sualını cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.
“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, İlham Əliyev qeyd edib.
Azərbaycan Prezidenti əlavə edib ki, “biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.
ZDF jurnalisti Kansler Şoltsa da sual ünvanlayaraq insan haqları məsələsinin müzakirələrdə nə dərəcədə yer tutması, konkret işlərin qeyd edilməsi ilə bağlı soruşub. Olaf Şolts bu məsələni diqqətlə müzakirə etdiklərini deyib, Almaniyanın bütün dünyada insan hüquqlarının qorunmasına sadiq olduğunu vurğulayıb.
“Bu, Azərbaycana da aiddir. Xüsusilə, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, media azad və təzyiqsiz işləyə bilməlidir. Ona görə də biz ayrı-ayrı işlər və konkret ümumi vəziyyət barəsində danışırıq və təbii heç kimə sirr deyil ki, biz belə desək, təkmilləşdirməyə ehtiyac görürük”, Şolts birgə mətbuat konfransında deyib.
Azərbaycanda ötən ilin noyabrından başlayaraq 20-dən artıq jurnalist, vətəndaş cəmiyyəti fəalı “qaçaqmalçılıq” və digər cinayət ittihamları ilə saxlanılıblar. Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media və Toplum TV kimi müstəqil media orqanlarının redaksiyaları bağlanıb.
Həbs edilən jurnalistlər və vətəndaş cəmiyyəti fəalları ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirir və “siyasi sifariş” olduğunu qeyd edirlər.
Azərbaycan Milli Məclisinin fəaliyyətini monitorinq edən Meclis.info saytının rəhbəri, Almaniyanın ZDF televiziyası ilə əməkdaşlıq edən İmran Əliyev aprelin 18-də “Abzas Media işi” üzrə “xarici valyuta qaçaqmalçılığı” ilə həbs edilib. O, saxlanılarkən işgəncə və pis rəftara məruz qaldığını bildirib.
Bugünədək bir sıra ölkələr, çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqibləri dayandırmağa, həbs edilən jurnalistləri və fəalları azad etməyə çağırıblar.
Avropa Parlamenti aprelin 25-də qəbul etdiyi qətnaməsində Azərbaycanı 300-ə yaxın siyasi məhbusu azad etməyə, Avropa İttifaqını Azərbaycanla enerji tərəfdaşlığı məsələsinə yenidən baxmağa çağırıb.
Ancaq Almaniya Kansleri Berlindəki mətbuat konfransında deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində vacib tərəfdaşdır və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar.
İlham Əliyev isə Azərbaycanın Avropa üçün “uzun illər bundan sonra da” əhəmiyyətli tərəfdaş olacağını qeyd edib.
Azərbaycanlı və beynəlxalq insan hüquqları təşkilatları tez-tez Avropa İttifaqını və üzv ölkələrin hökumətlərini Azərbaycanla münasibətlərdə insan hüquqları məsələsini “arxa plana keçirməkdə” tənqid edirlər.
Almaniya hökuməti son illərdə Azərbaycana readmissiya etdiyi beş siyasi fəalın ölkəyə qayıtdıqdan qısa müddət sonra həbs olunmasına görə tənqid hədəfi olub.