Rusiyadan daha bir türk ölkəsinə təhdid: Türkiyə hərəkətə keçdi – Xəzər dənizi…
Dünən, 08:38

Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin Türkiyəyə səfəri diqqət çəkir. Tokayevi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qarşılayıblar.
Məlumata görə, Qazaxıstan lideri iyulun 29-da Ankarada Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edəcək. Həmçinin iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir. Analitiklərin fikrincə, Ərdoğanın Tokayevi qarşılaması səfərin olduqca mühüm və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını göstərir.
TEREF xəbər verir ki, Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Oqtay bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın hava limanında qarşıladığı Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin Türkiyə səfəri böyük əhəmiyyətə malikdir:
“Türk dünyasının mərkəzi sayılan Türküstan coğrafiyasında ən böyük əraziyə malik və sürətlə inkişaf edən Qazaxıstan regionda mövqeyini daha da gücləndirir. Enerji resursları, gənc və dinamik əhalisi, həmçinin müasir dünya ilə uzlaşan idarəetməsi ilə Qazaxıstan, Türkiyə ilə əlaqələrə xüsusi önəm verir. Eyni zamanda Astana Ankara üçün də mühüm tərəfdaşdır. Prezident Ərdoğanın Tokayevi şəxsən hava limanında qarşılaması bu önəmin bariz nümunəsidir.
Qazaxıstan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü qeyd olunarkən, iki ölkə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur. Ərdoğan və Tokayev Ankarada Türk-Qazax strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə müzakirələr aparmaq üçün Prezidentlik Kompleksində görüşəcəklər. Həmçinin Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçiriləcək.
Qazaxıstan sərhədlərindən keçən Orta Dəhlizin inkişafı, enerji, müdafiə sənayesi, qarşılıqlı ticarət, kənd təsərrüfatı, media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni hədəflər müəyyən olunması gözlənilir.
Dünyada söz sahibi olmağın yenidən türk dünyasına keçdiyi bir dövrdə, Kasım-Jomard Tokayevin səfəri ilə Xəzər dənizinin altında böyük bir tunel layihəsinin müzakirəsinin vaxtı çatıb. Bu çərçivədə Türkiyə və Qazaxıstan arasında münasibətlərin möhkəmləndirilməsi üçün mühüm sənədlərin imzalanması planlaşdırılır”.
Politoloq bildirib ki, Qazaxıstan müstəqilliyini əldə etdikdən sonra ölkə prezidentləri Türkiyəyə 20-dən çox rəsmi səfər həyata keçirib:
“2019-cu ildə prezident seçilən Kasım-Cömərt Tokayev isə Prezident Rəcəb Tayyib Ərdoğanla 14 dəfə ikitərəfli görüş keçirib ki, bu da əlaqələrin nə qədər sıx olduğunu göstərir.
Ankara ilə Astana arasındakı qarşılıqlı ticarət həcmi təxminən 5 milyard dollar səviyyəsindədir ki, bu da iqtisadi əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu göstərir. Qazaxıstanın Ticarət və İnkişaf Nazirliyinin son məlumatlarına görə, bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 1,9 milyard dolları ötüb.
Türk Dövlətləri Təşkilatının (TDT) qurucu üzvləri olan Qazaxıstan və Türkiyə təşkilatın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün bir sıra fəaliyyətlər həyata keçirir. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar çərçivəsində əməkdaşlıqla türk dünyasının inteqrasiyasında fəal rol oynayırlar.
Ərdoğan-Tokayev görüşü, Türk Dövlətləri Təşkilatının dayanıqlı fəaliyyətini təmin etmək baxımından mühüm addımdır. Bundan əlavə, artıq Xəzər dənizi üzərindən keçəcək yeni İpək Yolu layihəsinin türk nəzarətində həyata keçirilməsi üçün müzakirələrə başlanır”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Türkiyə ilə Qazaxıstan arasında siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir:
“Qazaxıstan Mərkəzi Asiyanın aparıcı iqtisadi cəhətdən inkişaf etmiş ölkəsidir. Həmçinin Moskvanın Astanaya vaxtaşırı təzyiqləri müşahidə olunur. Artıq bu ölkənin neftinin Rusiya ərazisindən daşınması dayandırılıb. Eyni zamanda Çin mövqeyi də Qazaxıstan üçün çətin dilemmanı ortaya çıxarır.
Avropa İttifaqının da Mərkəzi Asiyada mövqeyi getdikcə güclənir. Buna görə də yeni balansın formalaşdırılmasına və müttəfiqə ehtiyac yaranıb. Məhz Türkiyə Qazaxıstan üçün vacib ölkədir. Ankaranın Mərkəzi Asiya siyasətində yeni açılım planı mövcuddur. Bu baxımdan tərəflər arasında qarşılıqlı münasibətlərin qurulması labüddür. Qazaxıstan ordusunun inkişafı, hərbi-texniki imkanlarının və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Türkiyə ilə yeni müqavilələr bağlamağı planlaşdırır. Ankaranın bu ölkəyə siyasi və hərbi dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin Türkiyə səfərində strateji əməkdaşlıq nəzərdə tutulur”.