“Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? - BUNUN BAŞQA ADI YOXDUR... VİDEO
Dünən, 09:45

Bakı şəhərində yerləşən “Melissa” MTK-nın sakini Yusubova Elnurə Novruzəli qızı, yaşadığı mənzildə yaranmış qəza şəraiti ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib.
"DİA-AZ" xəbər verir ki, vətəndaşın sözlərinə görə, 18 iyul 2025-ci il tarixində FHN əməkdaşı Sərdar Məmiyev mənzilə baxış keçirmək məqsədilə əraziyə gəlib. Lakin vətəndaş bildirir ki: “FHN əməkdaşı nə xidməti vəsiqəsini təqdim etdi, nə də heç bir sənədləşmə apardı. Üstəlik, mənimlə kobud şəkildə davranaraq, hər hansı izahat vermədən ərazini tərk etdi.”
Yusubova qeyd edir ki, bu davranış həm qanunvericiliyin tələblərinə ziddir, həm də onun və ailəsinin hüquqlarını pozur. Azərbaycan Respublikası qanunvericiliyinə görə, dövlət əməkdaşı xidməti ərazidə vəzifəsini icra edərkən özünü təqdim etməli, baxışın nəticələrini sənədləşdirməli və vətəndaşı məlumatlandırmalıdır.
Şikayətçi FHN rəhbərliyinə – general-polkovnik Kəmaləddin Heydərova ünvanladığı müraciətində aşağıdakı tələblərlə çıxış edib: * Sərdar Məmiyevin davranışına hüquqi qiymət verilməsi; * Baş vermiş səhlənkarlığın nəticəsi ilə bağlı yazılı məlumatın təqdim olunması; * Mənzilə yenidən baxış keçirilməsi və rəsmi aktın tərtib olunaraq təqdim olunması.
Vətəndaş əlavə olaraq bildirir ki, hadisə zamanı ailə üzvləri tərəfindən video görüntü qeydə alınıb. Onun sözlərinə görə, görüntülər FHN əməkdaşının ictimai vəzifəsini icra etdiyi zaman lentə alınıb və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, bu qeydəalma şəxsi həyatın pozulması hesab edilmir. Hazırda FHN tərəfindən məsələ ilə bağlı rəsmi münasibət bildirilməyib.