Konqresmen Kuelların Azərbaycandan rüşvət alması ilə bağlı işdə üçüncü şəxs təqsirini etiraf edib
15-05-2024, 13:08
ABŞ federal tədqiqatçıları Demokrat konqresmen Henri Kuelların Azərbaycanın idarə etdiyi neft şirkəti və Meksikadakı bankdan $600,000 dollar həcmində rüşvət alması ittihamı ilə bağlı işdə artıq üç nəfər təqsirini etiraf etdiyini bildirir.
Mayın 13-ü ABŞ mətbuatının verdiyi məlumata əsasən, “Texas Azərbaycan-Amerika icmasının fəal üzvü” kimi təsvir edilən 67 yaşlı İradə Axundova 1 may tarixində Hyuston federal məhkəməsində rəsmi orqanlarda qeydiyyatdan keçmədən Azərbaycanın təmsilçisi kimi fəaliyyət göstərdiyini etiraf edib.
Daha öncə Kuelların sabiq köməkçisi Kolin Stroter, Texas siyasətçisi və biznes konsultantı Florensia Roden mart ayında Meksika bankı ilə əlaqəli şəkildə pul yuyulması ittihamlarında təqsirlərini etiraf etməklə bağlı sövdələşmə əldə ediblər.
Federal rəsmilər 68 yaşlı Kuellar və yoldaşı 67 yaşlı İmelda Kuellara 2014 və 2021-ci illər arasında Azərbaycan dövlətinin və Meksika bankının maraqlarını səsləndirmək müqabilində pul qəbul etməsi ittihamı irəli sürüblər. Kuellar təqsirsiz olduğunu bildirir.
Məhkəmə qeydlərində bildirilir ki, Axundova təqsirini etiraf etmiş digər iki şəxs kimi rüşvət ittihamının tədqiqatında “Birləşmiş Ştatlarla tam əməkdaşlıq” etməyə razılıq verib. İttihamnaməyə əsasən, Azərbaycan tərəfindən verilən rüşvətin ümumi həcmi $300,000 dollardan çoxdur.
“Axundova həqiqəti söyləyəcəyi müddətdə bizim narahatlığımıza heç bir səbəb yoxdu,” deyə mayın 13-ü Kuelların vəkili Kris Flud bildirib.
“Konqresmen Kuellar heç vaxt xarici agent kimi hərəkət edəcəyi ilə bağlı razılıq verməyib və digər kolleqaları kimi hər zaman öz vicdanı və seçicilərinin marağına müvafiq olara səs verib.”
Axundovanın təqsirini etiraf etməsi ilə bağlı sövdələşmədə qeyd edilir ki, o, 2014-2017-ci illər ərzində Azərbaycana bağlı enerji şirkətinin Texas nümayəndəliyinin direktoru olduğu müddətdə Azərbaycan hökuməti və neft şirkətinin maraqlarına xidmət edən ödənişlərin həyata keçirilməsində və konsaltinq xidmətləri ilə bağlı saxta ödəniş sənədlərinin ötürülməsində iştiak edib.
Sövdələşmədə həmçinin qeyd olunur ki, Axundova xarici ölkənin təmsilçisi kimi qeydiyyatdan keçmədən Texasda Azərbaycan hökuməti və dövlətin nəzarət etdiyi neft şirkətinin maraqlarını təmsil edən digər bir şirkətin yaradılmasına kömək edib.
Bu ittihamlar üzrə Axundovanı maksimum 5 il müddətinədək həbs və $250,000 dollaradək çərimə gözlədiyi bildirilir.
Xatırlatma
Mayın 3-də ictimailəşən məlumata əsasən, ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar və həyat yoldaşı İmelda Azərbaycan hökumətinə və Meksikada qərargahlaşan banka xeyir vermək niyyəti ilə iki müxtəlif sxem üzrə rüşvət almaqda ittiham olunublar.
İttihamnamədə iddia edilir ki, 2014-cü ilin dekabr ayı və 2021-ci ilin noyabr ayı arasında Kuellar və həyat yoldaşı Azərbaycandan və adı açıqlanmayan bankdan 600 min dollar həcmində rüşvət qəbul ediblər.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, cütlük qurumlara təslim olub və nəzarətə götürülüb.
İttiham aktında deyilir ki, rüşvətlə alınan vəsait saxta konsaltinq müqavilələri ilə İmelda Kuellara və cütlüyün iki övladına məxsus şirkət vasitəsilə yuyulub. İttihamnamədə şirkətin ayda 25 min dollar aldığı qeyd edilir. Bunun müqabilində konqresmen öz ictimai mövqeyindən istifadə edərək, Azərbaycanın xeyrinə ABŞ-ın xarici siyasətinə təsir göstərməyə, o cümlədən bankın fəaliyyətinə təhdid yaradan çirkli pulların yuyulmasına qarşı mübarizə siyasətinə qarşı lobbi fəaliyyətinə kömək etmək üçün ABŞ hökumət rəsmilərinə təzyiq etməyə çalışıb.
İttiham sənədində deyilir ki, İmelda Kuellar müqavilə əsasında Azərbaycan enerji şirkətinin Vaşinqtondakı ofisinə işinin başa çatdığını bildirən saxta hesab-faktura göndərib.
“Əslində bu müqavilə Henri Kuellar ilə Azərbaycan hökuməti arasında korrupsiya müqaviləsini ört-basdır etmək və qanuniləşdirmək üçün istifadə edilən saxtakarlıq idi,” ittihamda deyilir.
İttiham aktının ictimailəşdirilməsindən öncə Kuellar bəyanat verərək iddiaları rədd edib.
“Mən aydın ifadə etmək istəyirəm ki, həm həyat yoldaşım, həm də mən bu iddialarda günahsızıq,” deyə ABŞ Nümayəndələr Palatasında Texas ştatını təmsil edən Demokrat Kuelların bəyanatında bildirilib.
“Hər hansı addım atmaqdan öncə mən fəal şəkildə Nümayəndələr Palatasının Etika Komitəsindən hüquqi məsləhət aldım. Mənə hüquq şirkətindən aldığım rəylə bərabər birdən çox yazılı rəy verdilər,” rüşvət ittihamı üzləşən konqresmenin bəyanatında əlavə edilir.
“Bundan əlavə, biz Vaşinqton prokurorları ilə görüş tələb edərək, faktları izah etməyə çağırdıq. Onlar işi bizimlə müzakirə etməkdən və tərəfimizi dinləməkdən imtina etdilər,” bəyanatda deyilir.
Kuellar ABŞ Nümayəndələr Palatasının ən mühafizəkar demokratlarından biri hesab edilir. O, noyabrda keçiriləcək seçkilərdə 11-ci dəfə (ABŞ Nümayəndələr Palatası üzvləri 2 il müddətinə seçilir) seçilmək iddiasındadır. Kuellar Meksika ilə həmsərhəd, o cümlədən Laredo və San Antonio şəhərlərinin daxil olduğu bölgəni təmsil edir.
Kuellar Konqresin Azərbaycan Kokusunun həmsədri olub.